PDF Oxu

Sosial

  • 6

“Həmsədrlərin bəyanatları müharibənin qaçılmaz olduğunun etirafıdır"

“Həmsədrlərin bəyanatları müharibənin qaçılmaz olduğunun etirafıdır"
Dünən iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) hazırladığı analitik hesabat açıqlanıb. SİA-nın məlumatına görə, analitik hesabatın açıqlandığı tədbirdə SİTM rəhbəri Mübariz Əhmədoğlu ilk olaraq Dağlıq Qarabağ məsələsi ətrafında baş verən son proseslərə toxunub.
Müharibənin qaçılmaz olduğunu deyən Mərkəz rəhbəri Minsk qrupu həmsədrlərin son bəyanatlarının da hərbi əməliyyatların başlanmasını labüd etdiyini vurğulayıb. Müharibənin qaçılmaz olduğunun həmsədlər tərəfindən də etiraf edildiyini qeyd edən ekspert hesab edir ki, müharibənin başlanmasında Ermənistanın qeyri-konsrtuktiv mövqeyindən daha çox həmsədrlərin mövqeyi həlledici rol oynayacaq. Onun sözlərinə görə, həm Rusiya, həm də ABŞ hərbi əməliyyatların İran ərazisinə keçirilməsində maraqlıdır.
Ermənistanın öz-özünə nəzarət edə bilmədiyini vurğulayan M.Əhmədoğlu bu dövlətin konfliktlərdən pul qazanan dövlət olduğunu dilə gətirib. Ekspert hesab edir ki, yaxın vaxtlarda Ermənistan tərəfdən iki istiqamətdə - İran və Gürcüstan istiqamətində hərbi əməliyyatlar başlana bilər. Hər iki istiqamətdə həyata keçiriləcək əməliyyatların isə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzadılmasına, münaqişənin arxa plana keçirilməsinə xidmət edəcəyini söyləyən SİTM rəhbəri Ermənistanın ən güclü antiiran mərkəzi olduğunu diqqətə çatdırıb. Ekspert Gürcüstan istiqamətində başlanması gözlənilən əməliyyatların isə Rusiyadan Ermənistana uzanan təbii qaz boru xəttinin satılmasına dair rəsmi Tiflisin qərarı ilə bağlı olduğu qənaətindədir.
M.Əhmədoğlu Ermənistanda son bir ayda seysmik məsələlərin müzakirə olunduğu tədbirlərin artmasının da diqqətçəkən məqam olduğunu bildirib: "Bir neçə gün bundan əvvəl prezident Serj Sərkisyanın rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclasında bu məsələ müzakirə edildi. Məsələ bundadir ki, ABŞ Ermənistanda kimyəvi laboratoriya qurur və bu, bilavasitə İran əleyhinə yönəlib. "Soyuq müharibə" dövründə də kimyəvi laboratoriya və seysmik məsələlər daim diqqət mərkəzində olub. Ermənistan antiiran olmağa razılıq verib. İran isə Ermənistanın onun dostu olmasına inanır. Bu ölkədə antiazərbaycan məfkurəsi o qədər güclüdür ki, qarşısındakı təhlükədən xəbərsizdir. Ermənistan nə deyirsə, İran ona inanır".
SİTM rəhbəri son aylardakı Rusiya-Azərbaycan münasibətlərinə də toxunub: "Ermənistanın qürrələnməsinə şərait yaradan əsas məqam Rusiyanın antiazərbaycan siyasətidir. Azərbaycan qədər regionda müstəqil siyasət aparan ikinci bir dövlət yoxdur, Rusiya bu siyasəti öz əleyhinə görür. Məhz Ermənistan Rusiyanı buna inandırmağı bacarıb. Rusiyanın MDB məkanında təqdim etdiyi layihələri Azərbaycanda inam yaratmır. Bir sözlə bu gün Azərbaycan-Rusiya münasibətləri olduqca gərgindir. Bunula belə mən bu gərginliyin inkişaf edəcəyinə inanmıram".

Digər xəbərlər