"Azərenerji" ASC yüksək nəticələr əldə edib
"Azərenerji" ASC-nin mətbuat xidmətinin "Səs" qəzetinə verdiyi məlumatına görə, cari ilin iyun ayında səhmdar cəmiyyət tərəfindən dövlət büdcəsinə 13 milyon manata yaxın vəsait ödənilibdir. Ötən ilin müvafiq dövründə isə bu göstərici 9,3 milyon manat olub. Yəni dövlət büdcəsinə ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 faiz artmışdır. 2010-cu ilin ötən 6 ayı ərzində isə dövlət büdcəsinə 69,2 milyon manat vəsait ödənilibdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.
Verilən məlumata görə, digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, "Göygöl" və "Samux" PEŞ-lərində də istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərdə yüksək nəticələrə nail olunması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Belə ki, şəbəkədə cari ilin iyun ayında müəssisə üzrə 5,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilibdir. İstehlak edilən elektrik enerjisinin dəyərinin 260 min manata və ya 85 faizə yaxın hissəsinin ödənilməsi təmin edilib. Daimi əhali istehlakçı qrupunda istehlak 1,8 milyon kilovatsaata yaxın, ödəniş isə 84 min manat və ya 80 faizə çatıb.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində isə 37,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmiş, ödəniş 70 faizdən artıq olub.
"Samux" PEŞ-dən əldə edilən məlumata görə isə, cari ilin iyun ayında müəssisənin xidmət ərazisində 8,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilibdir. Ümumi ödəniş 63 faizdən artıq olub ki, bu da ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 6,9 milyon kilovatsaata çatıbdır. Cari ilin 6 ay ərzində müəssisə üzrə 40,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilib. Ötən ilin müvafiq dövründə isə bu göstəricilər uyğun olaraq 37, 4 milyon kilovatsaat olub.