PDF Oxu

Sosial

  • 13

Almatı görüşündən gözləntilər

Almatı görüşündən gözləntilər

İyul ayının 16-17 də Almatı şəhərində ATƏT-in xarici işlər nazirlərinin toplantısında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilir. Bu görüş Dağlıq Qarabağ danışıqları prosesinin gedişatına hansı təsiri göstərə bilər? Bu məsələyə aydınlıq gətirmək üçün politoloqlara müraciət etdik.

Elşad Mirbəşiroğlu,
politoloq:

- ATƏT-in həmsədrləri tərəflərə Madrid prinsiplərinin yeniləşmiş variantını təqdim etmişdilər. Azərbaycan tərəfi isə sözügedən prinsipləri qəbul etdiyini və razı olduğunu bəyan etmişdir. Lakin Ermənistan tərəfinin isə bu prinsiplərə münasibəti bu günə kimi açıq şəkildə bildirilməmişdir. Ermənistanın bu məsələ ilə bağlı mövqelərinə aydınlıq gətirilməsi üçün, əlbəttəki, Almatı görüşü olduqca vacibdir. Çox böyük güman var ki, ümumilikdə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi, eyni zamanda, yenilənmiş Madrid prinsipi barəsində tərəflər arasında müzakirələr aparılması gözlənilir. Həmçinin də, qeyd etdiyim kimi, sözügedən bu görüşdə Ermənistanın yenilənmiş Madrid prinsiplərinə münasibəti necədir? Bir sözlə, bu məsələlərə aydınlıq gətirilməsi üçün sözügedən görüşün olduqca böyük əhəmiyyəti var. Çünki yenilənmiş Madrid prinsipləri tərəflərə təqdim olunandan sonra, bu formatda görüş keçirilməmişdir.

Qabil Hüseynli,
politoloq:

- Qazaxıstanın paytaxtında olan görüşdə yeganə xüsusiyyət ondan ibarətdir ki, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri, xarici işlər nazirləri sözügedən danışıqlarda iştirak edəcək. Bu danışıqlara xarici işlər nazirlərinin elə bir ciddi səlahiyyətlə getdiyi gümanında deyiləm. Fikrimcə, Ermənistan tərəfi bu danışıqlara qeyri-ciddi yanaşır. Düzdür, Dağlıq Qarabağ problemi ilə bağlı Rusiyanın bilavasitə təşəbbüsü ilə intensiv proseslər gedir, amma Almatı görüşü bu proseslərə, sadəcə olaraq, müəyyən stimul verə bilər. Lakin problemin həlli istiqamətində hər hansı bir böyük irəliləyişə səbəb ola bilər fikrini söyləmək olamaz. Çünki prezidentlərin hələ də həll edə bilmədiyi bu məsələni, xarici işlər nazirlərinin qısa bir görüşlə həll edə biləcəklərini güman etmək, məncə, sadəlövhlük olardı.

Digər xəbərlər