Respublika ərazisində yüksək temperaturun müşahidə olunması zərərsiz ötüşmür
İqlimlə bəşər övladı arasında görünən və görünməyən bağlılıqlar var. Onun insan orqanizminə müsbət və mənfi təsirləri danılmazdır. İndi bu yöndə biometeoroloqlar tədqiqatlar aparır, maraqlı elmi nəticələr əldə edirlər. Qeyd edək ki, yer üzünün bütün canlılarına həyat verən, onların yaşamları ilə üzvi şəkildə bir arada olan hava-iqlim şərtləri və temperatur dəyişgənlikləri, eyni zamanda, öldürücü təhlükələri ilə diqqətdən yayınmır.
Məsələn, hər il dünyada minlərlə insan zökəm, günvurma və mövsümü allergiya kimi xəstəliklərin qurbanına çevrilirlər. Bəzi adamların, iddia etdikləri kimi, hava dəyişikliyini getdikcə artan bədən ağrılarıyla hiss edə bilirlər. Revmatizm və artritdən əziyyət çəkənlər oynaqlarındakı iliyə təsir edən atmosfer təzyiqindəki dəyişikliyi də duyurlar. Yaşımızdan, cinsimizdən, sağlamlığımızdan və ya səhhətimizin ümumi vəziyyətindən, həmçinin, harada yaşamağımızdan asılı olmayaraq, bədənimiz havaya müxtəlif cür reaksiya verir. Bu reaksiyalar orqanizmdəki endokrin sistemlə əlaqəlidir. Ağrı, stress və hava bu sistemə təsir edən amillərdir. Hər 3 adamdan birinin meteohəssas olduğu deyilir. Amma yaşlılların, cavanların, xroniki xəstələrin və qadınların kişilərə nisbətən daha çox meteohəsslığı da vurğulanır. Bədən özünü daha çox istidən və soyuqdan qoruduğu zaman müvafiq olaraq ya tərləyir, ya da titrəyir. Tərləyən zaman bədən sərinləyir. Titrəyəndə isə əzələlər dartınır və istilik itir. Tərləmə prosesinin anotomiyası sadədir. Yəni həddən artıq isti hava və iqlim şəraitində ürək döyüntüsü artır, qan damarları genişlənir. Nəticədə dəri səthinə daha çox qan daxil olur və bədən tərləməyə başlayır. Lakin yaddan çıxarmaq olmaz ki, tərləməklə orqanizmdəki suyun sürətlə və həddən ziyadə çox sərfi, eyni zamanda, mərkəzi qan sistemində qan çatışmazlığı sonda ölümlə nəticələnə bilər. Odur ki, isti hava şəraiti insan orqanizminə öldürücü təsirə malikdir. Son günlərdə respublika ərazisində yüksək temperatur müşahidə olunur. Bunun nəticəsində insanlar arasında günvurma hallarının sayı artıb. Bundan qorunmaq yollarını həkimlər təcrübəyə istinadən əhaliyə tövsiyə edir. İlk növbədə, hərarətin yüksək olduğu saatlarda açıq havada uzun müddət gəzməkdən imtina etmək lazımdır.
Xüsusən də, səhər saat 11-dən axşam 17-dək həkimlərin məsləhətinə riayət etmək vacibdir. Məhz bu saatlarda günəşin ultrabənövşəyi şüalarının çoxalması insan orqanizminə mənfi təsir göstərir və günvurma halları baş verir. Günvurmanın əsas əlamətləri qızarmış sifət, güclü başağrısı və başgicəllənməsidir. İlk baxışdan adi görünən xəstəlik, vaxtında müdaxilə olunmadıqda, mənfi fəsadlarla nəticələnə bilər.
Statistikaya əsasən, bu il yay fəslində Bakıda 53 nəfər günvurma şikayəti ilə həkimə müraciət edib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun verdiyi məlumata görə, onlardan vəziyyəti nisbətən ağır olan 15 nəfər xəstəxanaya yerləşdirilib. Hadisələrdən heç biri ağır sonluqla nəticələnməyib. Günvurma halları daha çox uşaqlar və yaşlılar arasında təsadüf olunub. Bu da həmin kateqoriyadan olan insanlarda orqanizmin müdafiə funksiyasının zəif olması ilə əlaqədardır. Bundan ötrü günəş altında uzun müddət qalmamağa diqqət yetirməli, baş örtükləri taxmalı, sağlam və nizamlı bəslənməyə də diqqət yetirmək lazımdır. Gün ərzində çoxlu maye qəbulu da vacibdir
Havaların normadan artıq isti olması nəticəsində insanların bir qismi dənizə üz tutsalar da, günəşin zərərli təsirindən yaxa qurtara bilmirlər. Günəşin ən çox təsir etdiyi orqanlardan biri insan beynidir. Beynimizi də günün zərərindən qorumalıyıq. Xüsusilə də, müəyyən bir yaşdan sonra təzyiqlə bağlı xəstəlikləri olan insanlarda özünü göstərən beyinə qan sızmaların sayı isti havalarda daha çox artır.
Hədsiz isti hava ən çox yüksək təzyiqli insanlara təsir etməkdədir. Təzyiqin ani və nəzarətsiz yüksəlməsi çox qorxulu bir nəticəyə, beyin qanamasına səbəb ola bilir. Şiddətli baş ağrısı, qusma və huşsuzluq müşahidə oluna bilər. Hər il 100 min nəfərdən 10-unda beyin qansızmasına rast gəlinir. Xəstədə ciddi baş ağrısı, ürəkbulanma, qusma, huşun itirilməsi və. s kimi hallar özünü göstərə bilər.
Qaralmaq üçün günün altında saatlara qalanlar və açıq havada işləyənlər risk altındadır. Buna görə xüsusilə yüksək təzyiqli insanlara günün altında uzun müddət qalmaq olmaz. Səhər 10.00 ilə günorta 14.00 arasında günəşdən qorunmaq vacibdir. Gün ərzində bolluca su içilməli, təzyiqə diqqət yetirilməlidir. Hərarət nisbətən yaşlı adamlara daha çox təsir edir.
Günəşin ultrabənövşəyi şüaları qorunmayan dərini yandıra bilər. Günəşli açıq havaya vərdiş edənlər çox vaxt riskə gedirlər. Nəzərə almaq gərəkdir ki, hətta günəşin ultrabənövşəyi şüalarının təsirinə zərrə qədər məruz qalan dəri həmişəlik əziyyətə məhkumdur. Günəş dərisi ağ olan adamları qaralara nisbətən daha tez yandırır. Çünki qara dərili adamlarda zərərli şüalara qarşı qalxan rolunu oynayan çoxlu qəhvəyi piqment-melanin var. Deməli, zərərli günəş şüaları dəri xərçəngi xəstəliklərini sürətlə artırır. Bu da, ən çox ölümlə, melanoma ilə müşahidə olunur. Bu xəstəlik hər 10 ildə iki dəfə artır.
Yaddan çıxarmayaq ki, günəş şüalarının bədənə xeyiri də var. O, ilk növbədə, orqanizmdə "D" vitamini əmələ gətirir. Bu da, insanın sağlam böyüməsində vacib rol oynayır.