PDF Oxu

Sosial

  • 13

Münaqişənin həllində yeni perspektivlər

Münaqişənin həllində yeni perspektivlər
Xəbər verildiyi kimi, iyunun 17-19-da Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin 6-cı birgə görüşləri keçirilib. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya gələn Prezident İlham Əliyevin rusiyalı və ermənistanlı həmkarları ilə görüşü barədə ətraflı məlumat açıqlanmasa da danışıqların bəzi təfərrüatları məlumdur.
Rusiya xarici işlər naziri S.Lavrovun bəyanatında qeyd olunurdu ki, bu günədək bütün müzakirələrdə düyünlü məqam kimi narahatlıq doğuran Madrid prinsiplərinə yenidən baxılması üçün tərəflər yeni formula hazırlamalı və danışıqlar bu istiqamətdə davam etdirilməlidir: "Ümumi anlaşma var və bütün bunlar sənədlərin preambula hissəsində təsdiqini tapıb".
Növbəti görüşdə də "Azərbaycanın ərazi bütövlüyü danışıqların müzakirə mövzusu olmayacaq" söyləyən Prezident İlham Əliyev münaqişənin sülh yolu, beynəlxalq hüquq normalarına əsasən davam etdirilməsində israrlı olduğunu dəfələrlə bildirib.
Bundan öncə keçirilən Soçi görüşündə əsaslı dönüş əldə olunmasa da, münaqişənin hər iki tərəfi razı salacaq səviyyədə həllinə ümid artdığını bildirən siyasətçilər Afina görüşlərində bir daha gündəmə gətirilən Madrid prinsiplərinin davam etdirilməsini məqbul hesab etdilər. Çünki bu sənəddə Azərbaycanın ərazi bütövlüyü tələbi təsdiqini tapır. Əsas odur ki, Qərbin bölgəyə təsirini arxa plana keçirən Rusiya Ermənistana təsir imkanlarını artırsın.
Yeri gəlmişkən, AŞPA-nın qış sessiyasında Ermənistanı təmsil edən nümayəndə heyətinin mandatının dondurulması qurumun qətnamələrinə, eyni zamanda, demokratik prinsiplərə əməl etməyən Ermənistana təzyiq kimi başa düşülməlidir.
Torpaqları Ermənistan tərəfindən işğal olunsa da, müharibə şəraitində yaşasa da bölgədə, MDB-də və Şərqi Avropada iqtisadi inkişafına görə diqqəti cəlb edən Azərbaycan dünya birliyində möhkəmlənən mövqeyi ilə fərqlənir. Bütün qlobal, beynəlxalq layihələrin əsas iştirakçısı və təşəbbüskarı olan ölkəmiz Cənubi Qafqaz respublikaları arasında liderlik statusunu qoruyur və maraq doğurur.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün danışıqlarda xalqın maraqlarını ifadə edən, ərazi bütövlüyümüzün müzakirə mövzusu olmadığını söyləməklə, Ermənistanla danışıqları ən böyük kompromis hesab edən Prezident İlham Əliyev Dağlıq Qarabağla əlaqədar keçirilən görüşlərində də qəti mövqeyini bir daha ortaya qoydu. "Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək, Dağlıq Qarabağa müstəqillik verilməyəcək" deməklə beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənən ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində bütün vasitələrdən istifadə olunacağını, münaqişənin beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş qətnamə və qərarlar əsasında həllindən başqa variantlara yol verilməyəcəyini qətiyyətlə bildirir. Ermənistan rəsmilərinin Azərbaycanın Silahlı Qüvvələrini bölgədə ən qüdrətli və hazırlıqlı ordu adlandırması da diqqətçəkən faktdır.
Münaqişə tərəfi, iqtisadiyyatı iflic, Rusiyanın forpostu olan Ermənistan isə ölkə daxilində getdikcə daha çox narahatlıq doğuran daxili, siyasi gərginliyi ilə seçilir. Ölkədə demokratik prinsiplərə məhəl qoymayan S.Sarkisyan hakimiyyətinin qeyri-legitim idarəçiliyini insan hüquqlarının pozulması, ölkədə siyasi təqiblərin artması ilə diqqətə çatdıranların sayı artmaqdadır. Ordu hissələrində qulluq etmək istəməyənlər Ermənistanı tərk edir.
Yerevan iqtidarı və müxalifətinin hakimiyyət uğrunda mübarizəsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də təsir edir. Ermənistanın hərbi ekspertlərinin Azərbaycan Ordusunun getdikcə gücləndiyini bildirməsinin özü ölkəmizin iqtisadi siyasi və hərbi üstünlüyünün göstəricisidir. Eyni zamanda, mövcud vəziyyətlə razılaşmaq istəyini cəmiyyətə çatdırmaq, erməni əhalisinə xəbərdarlıq mesajıdır.
Ermənistanda ordudan yayınma, fərarilik kütləvi hal alıb. Ermənistan iqtidarı ilə müxalifəti arasında mübarizənin əsasında yalnız hakimiyyətə gəlmək istəyi dayanır. Müxalifət münaqişənin həll olunmasını istəmir. Çünki Dağlıq Qarabağ məsələsinin sülh yolu, beynəlxalq hüquq normalarına uyğun, ərazilərin toxunulmazlığı prinsipləri əsasında həllini tapması, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət verilməsi o deməkdir ki, Ermənistan iqtisadi blokadadan azad olunur.
Bölgədə həyata keçirilən layihələrdə iştirak etmək hüququ qazanmaqla Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrini bərpa edir. Mövcud iqtidarın güclənməsi ilə aclıq və səfalət içərisində yaşayan ermənilərin həyat səviyyəsi yaxşılaşar. Bu isə Ermənistanda iqtidar-müxalifət qarşıdurmasını gücləndirən, ölkədə qeyri-sabitliyi gərginləşdirən amildir.
Moskva Bəyannaməsi, Sankt-Peterburq görüşləri ilə münaqişənin həllinə nail olmaq istəyini bəyan edən, Dağlıq Qarabağ açarına sahib olan Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərini yeni mərhələ üzrə davam etdirən Şimal qonşumuzun məsələyə inamla yanaşmasından da əsaslı dönüş gözlənilir.
Göründüyü kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üzündən yaranan münaqişənin həlli ilə bağlı aparılan danışıqlar və son proseslər problemin ədalətli həllini sürətləndirməyə gətirib çıxarıb. Yaxın zamanda münaqişənin həllində ciddi dönüşün olacağı şübhəsizdir.

Digər xəbərlər