Bu gün Azərbaycan milli mətbuatının bazasının möhkəmləndirilməsi, dövlət orqanları ilə mətbuat arasında əməkdaşlığın inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər planı həyata keçirilir. XIX əsrin II yarısında Azərbaycan mətbuatı "Əkinçi" qəzeti ilə nəşrə başlamışdır. Görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək, çətinliklə olsa da, bir qəzetin nəşrinə icazə ala bilmişdi.
Az müddət fəaliyyət göstərən "Əkinçi" qəzetinin nəşrinə 1877-ci il sentyabrın 29-da Rusiya hökumətinin göstərişi ilə rəsmən xitam verilmişdi. İlk mətbuat orqanımız olan "Əkinçi" qəzetinin işıq üzü gördüyü gün - iyulun 22-si artıq respublikamızda Mətbuat Günü kimi qeyd edilir.
Azərbaycan mətbuatının ikinci inkişaf dövrü dahi öndərimiz, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş verdi. Mətbuatın bugünkü inkişafı, müasir texnologiyalar ilə təhciz olunması, söz və məlumat azadlığı, dünya mətbuatı ilə müqayisə olunacaq dərəcədə dəyişikliyi ulu öndər Heydər Əliyevin əvəzolunmaz əməyi və böyük iradəsi sayəsində baş verdi. Senzuranın qarşısı alındı, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları ləğv edildi, KİV-lərin sərbəst fəaliyyətinə, söz və məlumat azadlığına qoyulan maneələr aradan qaldırıldı.
Ulu Öndər Heydər Əliyev ideyalarını davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli mətbuatın 135 illik yubileyinin keçirilməsi barədə Sərəncam imzalayıb. Dövlət başçısının Sərəncamında deyilir ki, 1875 -ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirləri əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olub.
Dövlət başçısının Sərəncamı jurnalistlərz tərəfindən yüksək qiymətləndirilir. Sərəncamın mətbuata və jurnalistlərimizə qayğının daha bir nümunəsi kimi dəyərləndirilir.
"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov:
- Azərbaycan milli mətbuatının 135 yaşı tamam olur. Bununla əlaqədar möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Qeyd etmək istəyirəm ki, müstəqillik dövründə Azərbaycanda mətbuat və söz azadlığı bərpa olunduqdan sonra, real şəkildə mətbuatla bağlı üç dövlət sənədi işıq üzü görmüşdü. Onlardan birincisi, ulu öndər Heydər Əliyev tərəfindən 2000-ci ildə imzalanmış Azərbaycan milli mətbuatının 125 illik yubileyi haqqında Fərman idi. İkincisi, 2005-ci ildə möhtərəm Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Üçüncüsü isə, hazırda Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında yeni Sərəncamdır. Bu üç sənəd arasında güclü bir varislik əlaqəsi var. Sənədlərin hər birində Azərbaycanda bərqərar olunmuş söz və mətbuat azadlığına qiymət verilir, mətbuatın qarşısında tam vəzifələrdən danışılır. Eyni zamanda, yubiley tədbirləri ilə bağlı hansı işlərin görüləcəyi və jurnalistlərin mükafatlandırılması ilə bağlı məsələlər öz əksini tapır. Sonuncu Sərəncamı əvvəlki sənədələrə nisbətən daha da irəli atılan addım saymaq olar. Çünki artıq Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş, dünyada sayılıb-seçilən, sözü daha ucadan eşidilən bir dövlətə çevrilmişdir. Məhz buna görə də, ölkəmizin surətli inkişaf etdiyi bütün sahələrin yeniləşməsini nəzərə alaraq, mətbuatımızın qarşısında yeni vəzifələr müəyyənləşdirilib. Bu vəzifələr barədə də həmin sənəddə də konkret məqamlar göstərilmişdir. İlk öncə, Azərbaycan mətbuatı müasir partiya, müasir informasiya cəmiyyəti quruculuğunda şəffaflığın təmin edilməsində, həmrəyliyin və toliratlığın möhkəmləndirilməsində, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamaqdıdır. Belə bir vəzifə qarşıya qoyulub, çox vacib bir məsələdir. Azərbaycan jurnalistikası, peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək, milli şüur, vətənpərvərlik pinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığında sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır. Jurnalistin qarşısına qoyulan yeni vəzifələrə diqqət yetirdikdə, görürürük ki, peşəkarlıq məsələləri önə çəkilir. Bu, reket jurnalistikaya qarşı mübarizə yeni mərhələdə qarşıya qoyulduğunu göstərən məqamlardandır. Yəni bizim, şərti olaraq, reket jurnalistka adlandırdığımız qəzetlər Mətbuat Şurasının qara siyahısına salınıblar. Onlar Azərbaycan vətəndaşlarına şər və böhtan atmaqla jurnalist adına ləkə gətirirlər. Bütövlükdə isə, mətbuat və söz azadlığına böyük zərbə endirirlər. Bir daha bütün jurnalist ictimaiyyətindən, Azərbaycan ziyalılarından qüvvələrini səfərbəyliyə almağa və eyni zamanda, hazırda mətbuat sahəsində mövcud olan nöqsanlara qarşı ciddi və kəskin mübarizə aparmağı tövsiyə edirik. Sənəddə rəğbət doğuran cəhətlərdən biri də budur ki, mətbuatın 135 illik yubileyinin bütün ölkə miqyasında keçirilməsinin vacibliyi göstərilir. Bununla bağlı konkret qurumlara Prezident Administrasiyasının rəhbərliyi ilə KİV-in İnkişafının Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə tədbirlər keçirmələri barədə tapşırıqlar verilir. Biz inanırıq ki, əvvəlki yubileylərdə olduğu kimi, budəfəki yubileyimiz də yüksək səviyyədə keçiriləcək. Jurnalist harada yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, yubiley tədbirlərindən kənarda qalmayacaq və ölkə rəhbərliyi tərəfindən xidməti olan jurnalistlərin də əməyi yüksək qiymətləndiriləcək.
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı açıqlamasında, ilk növbədə, bu Sərəncama görə cənab Prezident İlham Əliyevə bütün mətbuat işçiləri adından təşəkkürünü çatdırdı. Qeyd etdi ki, Sərəncamda nəzərdə tutulan tədbirlər Azərbaycan mətbuatının indiki durumunda çox gərəkli və lazımlı bir addımdır. "Azərbaycan mətbuatının çox böyük bir tarixi var. Bu tarix "Əkinçi" qəzeti ilə başlayır. O gündən bu günə Azərbaycan mətbuatı müxtəlif inkişaf mərhələləri yaşayıb. Ötən əsrin sonlarında Azərbaycanda müstəqil mətbuat yenidən formalaşdı və bu müstəqil mətbuatın formalaşmasında ulu öndərimiz Heydər Əliyevin böyük əməyi vardır. Azərbaycan mətbuatının indiki mərhələsində jurnalistlərin dövlət mükafatları ilə təltif olunması, qəzetlərin maddi-texniki bazasının yüksəldilməsi istiqamətində atılan addımlar çox əhəmiyyətlidir. Bütün bunlar Azərbaycan jurnalistlərinin cəmiyyətdə xidmətinin artırılması ilə bağlıdır. 1920-ci ildən 1990-cı ilə qədər Azərbaycan mətbuatından müstəqil mətbuata keçid dövrünə qədər olan bir mərhələ kitab halında işlənib hazırlanmaqdadır" - deyən A.Aşırlı bütün bunlara baxmayaraq, Azərbaycan jurnalistikasının peşəkarlıq, obyektivlik və qərəzsizlik prinsiplərinə dönmədən əməl etməli olduğunu da bildirdi.