Bir həftə ərzində Ermənistan darmadağın edilə bilər
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad edilməsi Azərbaycan xalqının qarşısında duran əsas məqsəddir. Bu məqsədin həyata keçirilməsi üçün, nəinki dövlət qurumları, eyni zamanda, bütövlükdə, Azərbaycan xalqı birlikdə mübarizə aparmalıdır. İstər dövlət, istərsə də qeyri-dövlət qurumları öz fəaliyyətlərində bunu prioritet məsələ kimi saxlamalı, hər bir addımlarında Dağlıq Qarabağın işğal faktlarının Qərbə çatdırılması ilə məşğul olmalıdırlar.
Dağlıq Qarabağın azad edilməsinin hansı yolla baş tutacağı isə, əlbəttə ki, ilk növbədə, Azərbaycan dövlətinin və dövlət başçısının verəcəyi qərarla bağlı olacaq. Bu qərar isə Azərbaycan xalqının, ölkə ictimaiyyətinin məsələyə münasibətindən xeyli dərəcədə asılıdır.
Heç şübhəsiz ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin həll edilməsi ilə bağlı danışıqlar aparır və bunu prioritet məsələ olaraq bütün görüşlərində, iştirak etdiyi beynəlxalq tədbirlərdə müzakirə mövzusu kimi ortaya qoyulmasına nail olur. Prezident İlham Əliyev və ümumilikdə, Azərbaycan hökuməti münaqişənin dinc yolla azad edilməsinin tərəfdarıdır. Sülhün əldə olunması qarşıda duran birinci məqsəddir. Azərbaycan tərəfinin illərdir danışıqlarda iştirak etməsi də bunu deməyə imkan verir. Lakin münaqişənin hansı yolla həll olunmasına, "Azərbaycan ictimaiyyəti, vətəndaşları arasında münasibət necədir" sualına gəldikdə isə, demək olar ki, onlar da, praktik olaraq, bu mövqeyin tərəfdarıdırlar.
Onu da qeyd etmək lazımdır ki, xalqımız münaqişənin müharibə yolu ilə həllinə daha çox üstünlük verir ki, bu da tarixi şəraitin yaratdığı zərurətdən irəli gəlir. Qarabağ müharibəsi zamanı xalqımızın mərd oğul və qızları burada gedən döyüşlərdə ermənilərə qarşı böyük rəşadətlə vuruşmuş, şəhid olmuş və öz mərdliklərinə görə milli qəhrəman adları almışlar. Heç şübhəsiz ki, vətənimizin bütövlüyü uğrunda şəhid olanlar daim Azərbaycan xalqının yaddaşında qalmaqdadır və onların ruhu dərin ehtiramla yad edilir. Azərbaycan xalqının bütün vətənpərvər oğulları istənilən anda döyüş meydanına atılmağa hazırdırlar. Buna səbəb kimi isə şəhidlərimizin, işğal zamanı həlak olmuş soydaşlarımızın qanının yerdə qalmaması göstərilir. Əlbəttə, bunun üçün müəyyən vaxt və şəraitin yetişməsi lazımdır. Lazımi şəraitin yetişəcəyi təqdirdə, Azərbaycan xalqı müharibə əzmini göstərməyə qadirdir.
Adıçəkilən şəraitin yetişməsi isə, artıq öz təzahürlərini göstərməkdədir. Danışıqlar prosesinin nəticəsiz bir şəkildə davam etməsi, Ermənistanın göstərdiyi qeyri-konstruktiv mövqe bu təzahürlərdəndir. Prezident İlham Əliyev də verdiyi müsahibələrdə, etdiyi çıxışlarda açıq şəkildə münaqişənin həlli yolunda yeni bir dövrün başladığını bildirir. Bu dövrün nədən ibarət olduğuna gəldikdə isə, demək olar ki, Prezident danışıqlar prosesinin artıq sona yaxınlaşmalı olduğunu nəzərdə tutur. Prezidentin də dediyi kimi, artıq 20 ilə yaxındır aparılan danışıqlar öz sonluğunu tapmalıdır. Bunun üçün isə Ermənistan yenilənmiş Madrid prinsipləri ilə razılaşmalı və işğalçı siyasətdən əl çəkməlidir. Bu məsələ isə hələ açıq qalsa da, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi onun vaxtı uzatması ilə əlaqədardır. Azərbaycan tərəfi Madrid prinsipləri ilə razılaşdığı halda, Ermənistan inadla öz mövqeyindən çəkilmək istəmir və prinsiplərin qəbulu məsələsini açıq saxlamağa üstünlük verir. Bu isə mövcud status-kvonun saxlanmasına səbəb olur. Status-kvonun saxlanması isə Azərbaycan tərəfindən yolverilməzdir. Cənab Prezident də son müsahibəsi zamanı bu status-kvonun uzun müddət davam etməsinin mümkün olmadığını nəzərə çatdırıb. Onun dediyinə görə, Ermənistanın öz mövqeyini dəyişməyəcəyi təqdirdə, artıq danışıqlar prosesinin heç bir əhəmiyyəti qalmayacaq. Məhz bundan sonra Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün alternativ varianta əl ata bilər. Daha doğrusu, müharibə variantına.
Əlbəttə, müharibənin başlaması da qəfildən veriləcək qərar deyil. Bunun üçün Azərbaycan dövləti illərdir hazırlıq görür. Ordumuzun gücləndirilməsi, müasirləşdirilməsi və ən yeni texnika və texnologiyalarla təchiz olunması prosesi ildən-ilə daha da sürətlənir. Bunun sayəsindədir ki, artıq son illərdə Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusu sayılır. Ordumuzun və ümumilikdə, müdafiə sənayemizin gücləndirilməsi üçün görülən işləri faktlarla aşkarlamaq olar. Artıq Azərbaycan ordusu 90-cı illərin əvvələrindəki ordumuzdan xeyli fərqlənir və hər hansı bir silahlı qüvvənin qarşısında aciz qalmayacaq qədər güclüdür. Bununla müqayisədə Ermənistan ordusunda baş qaldıran neqativ hallar Ermənistanın müdafiə gücünü azaltmış, ölkənin hərbi sahəsinin inkişafdan geri qalmasına səbəb olmuşdur. Ermənistan ordusunun zəifləməsinə, həmçinin, ölkənin düşdüyü dərin böhran, hakimiyyətin səriştəsizliyi, işğalçı siyasətin aparılması da səbəb kimi göstərilə bilər. Bütün bunları nəzərə alaraq, demək olar ki, müharibənin başlayacağı təqdirdə, Azərbaycan ordusu, qısa bir müddət ərzində, Ermənistan silahlı qüvvələrini darmadağın etməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bunun üçün isə, yuxarıda da qeyd etdiyim kimi, vətəndaşlar arasında lazımi psixoloji durum da yetişmişdir. Ölkədə hökm sürən əhval-ruhiyyə orduya yararlı hər bir Azərbaycan vətəndaşının baş verəcək müharibədə iştirakına əmin olmağa şərait yaradır. Azərbaycan xalqı içərisində hələ də öz torpağını düşməndən almaq üçün canından belə keçəcək insanların olması qürurvericidir.