Azərbaycan mətbuatının şərəfli tarixi var
Dünya jurnalistikası və informasiya sektoru hazırda yüksəliş dövrü keçirir və bu proses Azərbaycana da sirayət edir. Azərbaycan dünya ölkələri arasında mətbuatın yaranma tarixi və inkişafına görə ön yerlərdən birini tutur. Milli mətbuatımızın tarixi 1875-ci ildən, Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başladı. Bu hadisə bir çox dünya ölkələrində hələ mətbuatın mövcud olmadığı bir vaxtda baş verdi. Anadilli mətbuatımızın əsasını qoyan böyük maarifçi Həsən bəy Zərdabinin yaratdığı qəzet o dövr üçün böyük hadisə idi. Düzdür, "Əkinçi"yə qədər də bir neçə dəfə Bakıda milli qəzetin açılmasına təşəbbüslər olmuşdu. Amma yalnız Həsən bəy Zərdabi sübut etdi ki, milli dildə qəzet çıxarmaq mümkündür.
Sivil cəmiyyəti, milli mədəniyyəti artıq mətbuatsız təsəvvür etməyin mümkün olmadığı bir dövrdə Zərdabi özü "Kəşkül" qəzeti ilə "Şərqi-Rus" arasında keçən 13 ili - mətbuatsız keçən dövrü Azərbaycan cəmiyyətinin qaranlıq dövrü adlandırmışdı. Azərbaycanın maarifçi jurnalistləri milli problemlərin mətbuatda qoyulması zamanı ciddi təzyiqlərlə üzləşsələr də, geri çəkilməyiblər. İlk dövrlər azərbaycançılıq və maarifçilik ideyalarının ifadəsi mühüm mərhələ təşkil edirdi. Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən "Molla Nəsrəddin" jurnalıdır. "Molla Nəsrəddin"çilər ədəbi və publisist yaradıcılığı "əsrin aynası", demokratiya uğrunda mübarizədə kəskin silah hesab edir, jurnalı məhz belə bir silaha çevirmək üçün var qüvvələrini əsirgəmirdilər. Mirzə Cəlilin əsas qayəsi azərbaycanlını öz tarixinə, mədəniyyətinə, ənənələrinə sədaqət ruhunda maarifləndirmək, millətini müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. "Molla Nəsrəddin" bu amallar uğrunda mübarizə fonunda yaranmışdı.
Hazırda Azərbaycanda 3500-dən artıq mətbu orqanın qeydiyyatdan keçməsini əsas gətirib azad mətbuata və azad sözə münbit şəraitin yarandığını söyləmək olar. Bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzeti ilə qoyulan və XIX əsri cəmi bir neçə qəzet-jurnalla başa vuran milli mətbuatımız bu gün 3000-dən artıq mətbu orqanın timsalında yaşamaqdadır. Jurnalistika həm şərəfli, həm də məsuliyyətli peşədir. Böyük şəxsiyyətlər müəllimləri və jurnalistləri ən müqəddəs peşə sahibləri hesab ediblər. Müəllimlər insanlara təlim-tərbiyə verir, jurnalistlər isə maarifləndirir və məlumatlandırır. Jurnalist peşəsi şərəfli olduğu qədər də çətin və təhlükəli peşəsidir. Təsadüfi deyil ki, aparılan tədqiqatlara görə, dünyada minlərlə peşə arasında jurnalistika 3-cü təhlükəli peşə hesab olunur. Bəli, jurnalistika qorxmazların, mübarizlərin, xalqa, dövlətə, vətənə xidmət yolunda hər cür fədakarlığa hazır olanların peşədir. Təhlükələr, təqiblər, repressiyalar, sürgünlər, fiziki və mənəvi təzyiqlər, qətllər. Bunlar tarixən jurnalistlər tərəfindən könüllü olaraq seçilmiş həyat tərzi olub. Jurnalistləri Qərbdə cəmiyyətin və demokratiyanın "gözətçi köpəyi" adlandırırlar. Bu hörmətəlayiq status hesab olunur. Şərq düşüncə tərzində isə bu status fərqlidir- jurnalistləri dördüncü hakimiyyət kimi görmək istəyirlər və əli hər yerdən üzülənlər son çarə kimi məhz jurnalistlərə müraciət edirlər. Azərbaycan mətbuatının şərəfli tarixi var. Və bugünkü mətbuatımız da bu şərəfli tarixi davam etdirmək, "Əkinçi" və "Molla Nəsrəddin" məktəblərinin davamçısı olmaq, tarixi ənənəmizin bütün dünyada təbliğini həyata keçirmək iddiasını ortaya qoymaq üçün bütün imkanlarını səfərbər edir.