Corc Fridman: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmalıdır"
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli regionun gələcəyi üçün vacibdir. ABŞ Azərbaycanın regiondakı nüfuzunu və əhəmiyyətini unutmamalı və münaqişənin həllində fəal olmalıdır. Bu sözləri ölkəmizdə səfərdə olan ABŞ-ın tanınmış "Stratfor" araşdırmalar mərkəzinin prezidenti Corc Fridman iyunun 9-da jurnalistlərə müsahibəsində deyib. Azərbaycan qazının Türkiyəyə ixracı ilə bağlı İstanbulda imzalanan sazişə toxunan C.Fridman qeyd edib ki, bu, bölgədə energetika sahəsində münasibətlər üçün sabit baza yaradacaq və ABŞ-Azərbaycan əlaqələrində yeni mərhələnin başlanğıcı olacaq. Bu saziş region üçün çox əhəmiyyətlidir. Bundan təkcə Azərbaycan və Türkiyə deyil, eyni zamanda digər ölkələr də faydalanacaqlar. ABŞ-Azərbaycan münasibətlərindən danışan C.Fridman bildirib ki, kimlərsə iki ölkə arasındakı münasibətlərə kölgə salmağa çalışır. Amma bu münasibətlər həmişə yüksək səviyyədə olmuşdur. Regionda proseslərin dəyişməsi ABŞ-ın Azərbaycana olan maraqlarını daha da gücləndirir. Azərbaycan dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan əsas ölkələrdən biridir.