"Sərhəd" hərbi-idman oyunlarına yekun vurulub
İyunun 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Heydər Əliyev Elmi Araşdırmalar Mərkəzində "Sərhəd" hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirnin müavini Elmar Qasımov çıxış edərək "Sərhəd" hərbi-idman oyununun məqsədi, əhəmiyyəti və xüsusiyyətləri barədə danışıb, final turunun iştirakçılarını təbrik edib, uğurlar arzulayıblar.
Tədbirdə qeyd olunub ki, DSX sərhədlərimizin toxunulmazlığını təmin etməklə, beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı qətiyyətlə mübarizə aparmaqla yanaşı, gənclərin Vətənə, tariximizə, mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, sağlam gənclər yetişdirilməsi və onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində mühüm tədbirlər həyata keçirir.
Həmin tədbirlər sırasında "Sərhəd " hərbi-idman oyunları xüsusi yer tutur. Artıq ənənə şəklini almış bu oyunlar Dövlət Sərhəd Xidməti, Təhsil, Gənclər və İdman nazirlikləri və Lider TV-nin birgə layihəsi əsasında keçirilir və gənc nəslin Vətənin, onun sərhədlərinin toxunulmazlığına inam ruhunda tərbiyə olunmasında böyük rol oynayır. Altıncı "Sərhəd" hərbi-idman oyunları Azərbaycan Sərhəd Mühafizəsinin 91-ci ildönümü ərəfəsində keçirilib.
Bu il oyunlara 28 sərhədyanı rayonun 202 məktəbi (keçən ildəkindən 48 məktəb çox), həmin məktəblərin 1010 şagirdi (keçən ildəkindən 240 şagird çox) qoşulub. Oyunlara qoşulan məktəb və şagirdlərin sayının artması göstərir ki, illər keçdikcə "Sərhəd" hərbi-idman oyunları getdikcə kütləviləşir. Ciddi hazırlıq tədbirlərindən sonra aprel ayında hərbi-idman oynuna start verilib.
Sərhədyanı kəndlərin orta məktəbləri arasında keçirilmiş ilkin mərhələnin qalibləri növbəti mərhələyə vəsiqə alıblar. May ayında keçirilən ikinci turda isə 27 məktəbin 130 şagirdi iştirak edib. Səkkiz zonada keçirilən yarışların qalibləri final mərhələsinə vəsiqə qazanıblar.
"Sərhəd" hərbi-idman oyununun final turu iyunun 1-dən 9-dək Lənkəran sərhəd dəstəsinin ərazisində yaradılan xüsusi bazada keçirilib. Final turunda iştirakçılar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", "Avtomatın sökülməsi və yığılması", "Sərhəd pozucusunun yaxalanması və onun təxliyyəsi", "Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" mərhələlərində öz bacarıqlarını nümayiş etdiriblər.
Oyun zamanı toplanılan ümumi balların miqdarına görə İmişli rayonunun Qızılkənd kənd orta məktəbinin "Turan" komandası birinci, Ağstafa rayonunun Böyük Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası ikinci, Füzuli rayonunun Horadiz qəsəbəsi 1 nömrəli orta məktəbinin "Ərgünəş" komandası isə üçüncü yeri tutub.
Tədbirdə bildirilib ki, oyunların keçirildiyi səkkiz gün ərzində komandaların üzvləri təkcə yarışmayıblar, onlar sərhədçilərin xidməti fəaliyyəti, yaşayışı ilə yaxından tanış olub, asudə vaxtlarında tarixi yerlərə ekskursiyalar edib, mədəni-kütləvi tədbirlərdə, idman yarışlarında iştirak ediblər.
Yarışlarda göstərdikləri əzmkarlığa, mütəşəkkilliyə, nizam-intizama görə məktəblilər və onların müəllimləri, yarışın digər iştirakçıları qiymətli hədiyyələrlə mükafatlandırılıb, diplom və fəxri fərmanlarla təltif olunublar.
Ümumiyyətlə, qeyd edilməlidir ki, hazırki dövrdə Azərbaycanda hərbi-vətənpərvərlik işinin təbliğinə böyük ehtiyac var. Çünki ölkəmiz torpaqlarının 20 %-ni işğal etmiş Ermənistanla müharibə vəziyyətində yaşayır. Dövlət tərəfindən ordu quruculuğunun prioritet olaraq götürülməsi və Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi əhalinin böyük rəğbətinə səbəb olur.
Prezident İlham Əliyevin sözləri ilə desək müharibə hələ bitməyib və ehtiyac yarandıqda Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək üçün qüdrətli orduya malikdir. Ölkədə çağırış planı 100 faiz yerinə yetirilir və bu da gənclərimizin orduya həvəslə getdiyini göstərir. Bunda son illərdə hərbçilərə göstərilən böyük diqqət və qayğının mühüm rolu var.
Qeyd etmək lazımdır ki, ölkədə hərbi-vətənpərvərlik işinin təbliğində ən böyük roy oynayan qurumlardan biri də Dövlət Sərhəd Xidmətidir. Xidmətin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyevin təşəbbüsü ilə tez-tez hərbi-idman oyunları, olimpiadalar və s tədbirlər təşkil olunur. Bu yarışlarda fərqlənən gənclər ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil edirlər.
DSX-nın həyata keçirdiyi tədbirlər ölkə əhalisi arasında vətənpərvərlik duyğusunun güclənməsi, gənclərin hərbi sahəyə marağının artması ilə müşayiət olunur.
Sərhəd Qoşunlarının hərbi hissələrində mütamadi olaraq ictimaiyyət nümayəndələrinin, jurnalistlərin hərbçilərlə görüşləri təşkil olunur. Bu kimi tədbirlər əhalinin öz ordusuna inamını artırır, ölkə sərhədlərinin etibarlı qorunduğunu nümayiş etdirir. Bütün bu qeyd olunanları nəzərə aldıqda qeyd edilən tədbirlər Azərbaycan ictimaiyyətinə yaxşı təsir göstərdiyini və ölkənin təhlükəsizliyinin etibarlı əllərdə olduğunu aydın göstərir.