Fəlakət zonasında 16 tibb məntəqəsi və 20 dən çox səyyar tibb briqadaları fəaliyyət göstərir
Kür çayının daşması ilə əlaqədar sel basmış yaşayış məntəqələrindən 4000 nəfərə yaxın insan müvəqqəti yaşayış yerlərində məskunlaşdırılmışdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, əhalinin müvəqqəti məskunlaşma yerlərində ilk gündən tibb məntəqələri yaradılmış, ixtisaslı tibb işçiləri ilə kompleksləşdirilmiş və lazımi dərman vasitələri ilə təmin olunmuşdur. Hazırda respublikanın 9 rayonunda 16 tibb məntəqəsi və 20 dən çox səyyar tibb briqadaları fəaliyyət göstərir. Bu günə kimi bu məntəqələrə müvafiq somatik xəstəliklərlə əlaqədar 50 mindən çox müraciətlər olmuş və onlara lazımi tibbi yardım göstərilmişdir. Bu müddət ərzində yoluxucu xəstəliklərlə əlaqədar müraciətlər olmamış, infeksion xəstəliklər qeydə alınmamışdır.
Əhalinin kütləvi məskunlaşdığı yerlərdə su və qida ilə təminat məsələləri daima diqqət mərkəzindədir.
Əks-epidemik rejimə ciddi əməl olunur. Ərazilərdə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri aparılmışdır. Su basmış ərazilər qurudulduqdan sonra bu tədbirlərin geniş miqyasda aparılması nəzərdə tutulmuşdur.
Məlumat üçün xatırladaq ki, hadisələrin ilk günündən Səhiyyə Nazirliyində müvafiq əmrlə operativ qərargah yaradılmış, tədbirlər planı hazırlanmış və daimilik prinsipi əsasında yüksək ixtisaslı mütəxəssislər yerlərə ezam olunmuşlar. Hadisələrdə əhali arasında ən çox psixoemosional gərginliyin keçirilməsini nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən göndərilmiş mütəxəssislər yerlərdə əhali arasında psixoprofilaktik tədbirlərin və psixoloji yardımın göstərilməsi istiqamətində müvafiq tədbirləri həyata keçirirlər.
Hadisələr başlanan gündən bu günə kimi stasionar şəraitində 50-dən çox uşaq doğulmuşdur. Dünyaya gəlmiş uşaqların, eləcə də, anaların sağlamlığı daima həkim nəzarətindədir. Zahı qadınların bəziləri dərman, geyim, birdəfəlik bezlər, yeni doğulmuşlar üçün geyim və yataq dəstləri, xüsusi uşaq yeməkləri, həmçinin, uşaq arabaları ilə təmin olunaraq evə buraxılmışlar.
Sel basmış ərazilərdən Şirvan şəhərində 1600 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılmışlar (Çadır şəhərciyində - 1221 nəfər texnikum binasında 229-nəfər peşə liseyi binasında 130 nəfər).
Bunlardan 626 nəfəri uşaqlardır. Şirvan MRX-də 24 doğuş olmuşdur. Hazırda 44 nəfər xəstə Şirvan ŞMX-də stasionar müalicədədir. 3 nəfər cərrahi əməliyyat olunmuşdur (kəskin appendesit diaqnozu ilə).
Dərman təchizatı yaxşıdır, əks-epidemik rejimə ciddi nəzarət olunur, su və qidadan nümunələr götürülərək, müvafiq qaydada Bakı şəhərinə müayinəyə göndərilir.
Sabirabad rayonunun sel basmış kəndlərindən 1769 nəfər müvəqqəti yaşayış yerlərində məskunlaşdırılmışlar (Moranlı çadır şəhərciyində - 129 nəfər, digərləri rayon mərkəzindəki 5 orta məktəbdə).
Hər bir məskunlaşma yerlərində tibb məntəqələri yaradılmışdır.