Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar hökumət komissiyasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Hökumət komissiyası əhaliyə dəyən ziyanın aradan qaldırılması, mövcud problemlərin yoluna qoyulması və üzləşilən digər çətinliklərin həll olunmasında nə kimi köməkliklər göstərə biləcək? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Elman Nəsirov,
politoloq:
- Prezident cənab İlham Əliyev tərəfindən atılan bu addım çox vacib bir addımdır. Çünki artıq sözügedən hadisənin miqyası göstərdi ki, bu məsələyə dərhal reaksiya verilməsə, qabaqlayıcı addımlar atılmasa, baş verən bu cür hadisələrdən bundan sonra da sığortalanmaq mümkün olmayacaq. Bu baxımdan, Prezidentin belə bir komissiyasının yaradılması haqqında fərmanı çox vacib və vaxtında verilmiş fərmandır. Fikrimcə, yaradılan bu komissiyanın əsas fəaliyyəti onunla bağlı olmalıdır ki, baş vermiş təbii fəlakət nəticəsində insanlara dəymiş ziyan və onların mənzillə təminatı məsələləri, eyni zamanda, onlara müəyyən kompensasiyaların verilməsi və bu kimi məsələləri həll etsin. Bir sözlə, hesab edirəm ki, Prezidentimiz tərəfindən imzalanmış bu sərəncamla komissiyanın yaradılması baş verən fəlakətin aradan qaldırılması istiqamətində çox böyük töhfələr verəcəkdir. Yəni, bu komissiyanın yaradılması bir daha imkan yaradacaq ki, baş vermiş təbii fəlakətin nəticələri tamamilə aradan qaldırılsın.
Mais Səfərli,
"Yurddaş" partiyasının sədri:
- Bildiyiniz kimi, təbii fəlakət baş verən andan bəri Azərbaycan hökuməti bu məsələ ilə bağlı olaraq, çox ciddi tədbirlər görməyə başladı. Prezidentimiz başda olmaqla, hakimiyyət əlindən gələni etdi ki, bu fələkətlər nəticəsində insanlara dəyən zərərlər aradan qaldırılsın. Ən başlıcası isə Azərbaycan dövlətinin apardığı fəaliyyət nəticəsində, xüsusilə də, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti nəticəsində baş vermiş daşqınlarla bağlı biz də insan itkisi olmadı. Bildiyimiz kimi, təbii fəlakətlər son illərdə iqlim dəyişikliyilə əlaqədar, demək olar ki, dünyanı ağuşuna alıbdır. Yəni, dünyanın bir çox yerlərində ABŞ-da, Çində və bütün Avropa ölkələrində yaşayan insanlar sel təhlükəsi, daşqınlar ilə üzbəüz qalıblar. Baxmayaraq ki, Avropa və adıçəkilən həmin ölkələr bizdən qat-qat inkişaf etmiş dövlətlərdir və Avropada bu daşqınlar tez-tez baş verdiyinə görə, orada hər cür texnikanın olmasına baxmayaraq, adıçəkilən ölkələrdə tez-tez insan itkisi baş verir. Amma çox şükürlər olsun ki, Azərbaycan hökumətinin fəaliyyəti, göstərdiyi tədbirlər nəticəsində bizdə insan itkiləri olmadı. Bu da çox sevindirici bir haldır. Bildiyiniz kimi, Prezident İlham Əliyev fəlakətin baş verdiyi bölgəyə gedərək, orada zərər çəkmiş insanlarla görüşdü. Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti, doğrudan da, öz vətəndaşlarının qayğısına qalır. Prezident İlham Əliyevin sərəncamı ilə hökumət komissiyasının yaradılması baş verən təbii fəlakətin aradan qaldırılmasına səbəb olacaq.