BMT baş katibinin müavini məcburi köçkünlərlə görüşüb
Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş BMT baş katibinin müavini xanım Aşa Rouz Migiro Binəqədi rayonunda İdarəetmə və Texnologiya Kollecinin 1 nömrəli yataqxanasında məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa məlumat verib ki, burada 125 ailə, başqa sözlə, 618 nəfər müvəqqəti məskunlaşıb. O xüsusi vurğulayıb ki, ötən illər ərzində yataqxanadakı ailələr böyüsə də, onların vəziyyəti dəyişməz qalır. Xocavənd rayonunun Qaradağlı kəndindən məcburi köçkün Gülsüm Alışova qonağın diqqətinə çatdırıb ki, doğma torpaqlarda yaxınlarımızın ruhları bizdən nigarandır. Biz yurdumuza qayıtmaq istəyirik. Xahiş edirəm haqq səsimizi dünya ictimaiyyətinə çatdırın. Münaqişənin sülh yolu ilə həllinə tərəfdarıq. Amma danışıqlar nəticə verməsə, silaha sarılıb torpaqlarımızı işğaldan azad edəcəyik. Biz öz torpağımızı istəyirik, özgə torpaqlarında gözümüz yoxdur.
Aşa Rouz Migiro deyib:
-Münaqişənin sülh yolu ilə həlli istəyinizi alqışlayıram. Söz verirəm ki, sifarişinizi lazımi yerlərdə səsləndirəcəyəm.
İki nömrəli evtikmə kombinatının ərazisində yeni salınmış kompleksdə qonağı Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri Əli Həsənov qarşılayıb. Əli Həsənov Aşa Rouz Migironun diqqətinə çatdırıb ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimiz üçün bir nömrəli məsələdir. Təsadüfi deyildir ki, Dövlət Neft Fondu yaranandan sonra qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün fonddan 850 milyon ABŞ dolları ayrılıb. Respublikanın regionlarında yeni qəsəbələr salınır, son zamanlar isə paytaxtda çoxmənzilli binalar tikilir. Beş-altı ildə 17 min mənzil istifadəyə verilib, onlara 100 min nəfər məcburi köçkün yerləşdirilib. Artıq yataqxanalardan köçürülmə prosesi başlanılıb. BMT baş katibinin müavini məcburi köçkünlərlə görüşmək imkanı yaradıldığı üçün minnətdarlığını bildirib. Deyib ki, BMT-nin baş katibi Təhlükəsizlik Şurasının münaqişənin həllinə dair bütün qətnamələri dəstəkləyir. Cəbrayıl rayonundan məcburi köçkün Elşən Həsənəliyevin yeni mənzilində açılmış çay süfrəsi arxasında həyat yoldaşı İlahə xanım qonağa deyib ki, həm özümüz, həm də doğma torpaqlardan uzaqda dünyaya gəlmiş övladlarımız o yerlərə qayıtmaq arzusundayıq. Əli Həsənov BMT baş katibinin müavininin diqqətinə çatdırıb ki, bu mənzillər məcburi köçkünlərə müvəqqəti verilib. Baş nazirin müavini münaqişənin tarixi, nəticələri, regionda vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların gedişi, bu danışıqlarda Azərbaycan rəhbərliyinin mövqeyi barədə məlumat verib. Aşa Rouz Migiro bildirib ki, Azərbaycan rəhbərliyinin münaqişənin həllinə yönəlmiş səylərini dəstəkləyirəm.