PDF Oxu

Sosial

  • 15

Müvəkkil Sabirabad və Şirvanda seldən ziyan çəkən sakinlərlə görüşüb

Müvəkkil Sabirabad və Şirvanda seldən ziyan çəkən sakinlərlə görüşüb
Dünən Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Sabirabad rayonuna səfər edərək, təbii fəlakətin nəticələrinin aradan qaldırılması, mövcud problemin nəzarətdə saxlanılması məqsədilə yaradılan mərkəzi qərargahda olub.
E.Süleymanova görüş zamanı yaranmış problem, insanların vəziyyəti və onların geri qaytarılması prosesi ilə bağlı məsələlər barədə müvafiq dövlət qurumlarının rəhbərləri ilə birlikdə müzakirələr aparıbdır.
Ombudsman, həmçinin, Sabirabad rayon icra hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırovla birgə Kür çayının daşması ilə əlaqədar subasmaya məruz qalmış ərazilərdən köçürülən bu rayondakı Nərimanov adına məktəbdə məskunlaşan Ulacalı, Mürsəlli, Şıxlar kənd sakinləri ilə görüşübdür. Görüş zamanı məlumat verilib ki, məktəbdə 70 ailədən 357 nəfər məskunlaşıb. Subasmaya məruz qalanlar söhbət zamanı bildiriblər ki, oların ehtiyacları hərtərəfli ödənilib, yataq yerləri, qida məhsulları və tibbi xidmətlərlə təmin olunublar.
E.Süleymanova sel təhlükəsi ilə əlaqədar olaraq kəndlərdən köçürülən və zəruri tədbirlər görüldükdən sonra evlərinə qaytarılan sakinlərlə də görüşübdür. O, Dadaşbəyli kəndinə gedərək, orada evlərinə qayıdan sakinlərin vəziyyəti ilə maraqlanıbdır. Görüş zamanı kənd sakinləri Zərifə Rəsulova, Akif Dadaşov, Əvəz İsmayılov və başqaları fəlakət zamanı əhalinin vaxtında evakuasiya olunduğunu, onlara daim diqqət və qayğı göstərildiyini, təhlükə aradan qaldırıldıqdan sonra mütəşəkkil qaydada evlərinə qaytarıldıqlarını söyləyiblər.
Ombudsman su basmış kəndlərdən çıxarılan və Şirvan şəhərində çadır düşərgəsində məskunlaşan sakinlərlə görüşərək, onların vəziyyəti ilə də maraqlanıb, çadırlarda olan ailələrə baş çəkibdir. Məlumat verilib ki, çadırlarda ilk günlərdə 1600 nəfərin, hazırda isə həmin qrup əhalinin yarıdan az hissəsinin məskunlaşdığı, sakinlərin içməli su ilə təmin edildiyi, onlara yaxınlıqda yerləşən şadlıq evində isti yemək verildiyi, televizorlarla, telefonlarla və generatorla təchiz olunduğu, uşaqların hər səhər maşınla məktəblərə aparıldığı, çadırların yerləşdiyi əraziyə həşəratların girməsinin qarşısının alınması üçün ətrafda dezinfeksiya işləri aparılaraq zolaq çəkildiyi, habelə, sakinlər hamamla təmin olunublar.
E.Süleymanova Fövqəladə Hallar Nazirliyi və Səhiyyə Nazirliyinin tibbi xidmət çadırına baxaraq, zəruri dərmanlarla təchiz olunduğunu müşahidə edibdir. Ombudsman Qaragüney, Ələmbəyli, Yaxa Dəllək və digər kəndlərin sakinləri ölkə Prezidenti cənab İlham Əliyevin regiona səfər etməsinin, təbii fəlakətdən zərər çəkən insanlarla görüşməsinin, problemlərin aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verməsinin, vəziyyəti daim nəzarətdə saxlamasının insanlarda ruh yüksəkliyinin artırdığını söyləyiblər. Həmçinin, FHN əməkdaşlarının, Daxili İşlər Nazirliyinin polis qüvvələrinin, Daxili Qoşunların şəxsi heyətinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin və digər müvafiq qurumların sellə bağlı əlaqəli çalışdığını, qərargah şəklində səmərəli fəaliyyət göstərdiklərini, profilaktik işlərin vaxtında aparılması və gələcək təbii fəlakətlərin qarşısının alınmasına yönəlmiş tədbirlərin davam etdirildiyi də söylənilibdir. Bildirilib ki, bu tədbirlər kompleks şəkildə bu gün də davam etdirilir.

Digər xəbərlər