"Daşqınlar nəticəsində 51 min hektar sahəni su basıb"
Azərbaycanda baş verən daşqınlar nəticəsində 51 min hektar sahəni su basıb. Bunu kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. Nazir bildirib ki, baş verən daşqınlar əsasən taxılçılığa böyük ziyan vurub. Onun sözlərinə görə, daşqınlar nəticəsində çoxlu sayda ev quşları, mal-qara, xırda buynuzlu heyvanlar tələf olub. İ. Abbasov deyib ki, tələf olan mal-qaranın, xırda buynuzlu heyvanların, ev quşlarının sayı hesablanacaq və əhaliyə dəyən ziyan ödəniləcək: "Daşqınlarla bağlı ölkədə kənd təsərrüfatı məhsullarının qıtlığı yarana, qiymət artımı müşahidə oluna bilərmi" sualına cavabında nazir bunun istisna olunmadığını bildirsə də, dövlət tərəfindən bazarlarda süni qiymət artımı, qıtlıq yaranmaması üçün tədbirlər görüləcəyini deyib. Qeyd edək ki, Şirvan Baytarlıq İdarəsində Azərbaycan kənd təsərrüfatı naziri İsmət Abasovun iştirakı ilə müşavirə keçirilib.Müşavirədə sel fəlakəti nəticəsində kənd təsərrüfatı istehsalçılarına dəymiş ziyanın aradan qaldırılması, eyni zamanda ziyanın həcminin müəyyən edilməsi və məhsul istehsalçılarına köməklik etmək kimi məsələlər müzakirə edilib. Müşavirədə nazirliyin müvafiq strukturlarının mütəxəssisləri, həmçinin Saatlı, İmişli, Salyan, Ucar və Zərdab rayonlarına ezam olunmuş şöbə müdirləri iştirak ediblər.