"Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti"
Dünən Azərbaycan Memarlıq və İnşaat Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan "Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti" adlı elmi-praktik konfrans keçirildi. Tədbir iştirakçıları öncə ulu öndərin universitetdəki büstünü ziyarət edərək abidəsi önünə əklil və gül dəstələri düzdülər.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək bildirdi ki, ölkəmizdə və onun hüdudlarından kənarda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bu tədbirlərin əsas məqsədi gənclərə, gələcək nəsillərə bu gün müasir Azərbaycanın, nəinki inkişafı, hətta varlığı birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu çatdırmaqdır. Ulu öndər Heydər Əliyev məqsədyönlü və düşünülmüş siyasəti ilə Azərbaycanı bir dövlət kimi dünyada tanıtdı. O, müstəqillik yollarında ilk addımlarını atan hər bir dövlətin qarşısında bir sıra həllivacib məsələlərin dayandığını bildirdi. Daxili və xarici siyasətin vəhdəti ölkənin tərəqqisinə geniş imkanlar yaradır. Bu amili önə çəkən ulu öndər Heydər Əliyev Azərbaycanı sabitlik diyarına çevirməklə iqtisadi- siyasi və xarici siyasət sahəsində mühüm uğurların əldə olunmasına zəmin yaratdı. Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda ekoloji mühitin sağlamlaşdırılması dövlət siyasətində prioritet məsələdir. G.Məmmədova onu da söylədi ki, ulu öndərin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, Bakıda yaşıllıq zolaqlarını genişləndirilməsi üçün verdiyi tapşırıqları bu gün uğurla yerinə yetirilir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə "Heydər Əliyev və Azərbaycanda ekologiya siyasəti" mövzusunda çıxışında dövlətin həyata keçirdiyi ekoloji siyasət haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev respublikamız üçün aktual olan ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Bunlardan biri də 2001-ci ildə ümummilli liderin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması ilə bağlı sərəncamı idi.
H.Bağırov əlavə etdi ki, ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılan nazirlik təqribən 3 ildən artıq müddətdə respublikada bütün ekoloji problemləri təhlil edilərək geniş araşdırma apardı. "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın icrasını təmin etmək məqsədilə ölkənin gərgin ekoloji vəziyyətdə olan bölgələrinin, əsasən də, Bakı şəhəri və Abşeron yarımadasının ətraf mühitinin sağlamlaşdırılması istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox əhəmiyyətli işlər həyata keçirir. "Ulu öndər Heydər Əliyevin sosial-iqtisadi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına ciddi önəm verir. Son illər dövlət başçısının bilavastə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, 2010-cu ilin "Ekologiya İli" elan olunması, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması bu sahənin ölkəmizdə prioritet məsələlər sırasında olduğunu bir daha təsdiqləyir."
Sonra AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Həbib Qocayev "Şəhərlərin mühəndis tikinti sistemlərinin ekoloji dayanıqlığının təkmilləşdirilməsi yolları", Hidrotexniki meliorasiya və hidrologiya kafedrasının müdiri Yusif Qəhrəmanlı "Abşeron yarımadası torpaqlarının ekoloji meliorativ qiymətləndirilməsi", İstilik təchizatı və istilik texnikası kafedrasının müdiri Həsən Quliyev "İstilik energetika qurğalarının tullantılardan ətraf mühitin mühafizəsinin mühəndis problemləri" mövzularında çıxış etdilər.