Məlum olduğu kimi, Ermənistan tərəfi Sürix protokollarının dayandırılması ilə bağlı qərar qəbul edib. Bu qərar Ermənistan dövlətinin qeyri-konstruktivliyinə və öz imzasına hörmətsizliyin nümunəsi sayıla bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün müsahiblərimizə müraciət etdik.
Aydın Mirzəzadə, millət vəkili:
- Ümumiyyətlə, Ermənistan dövlətinin son 20 ildə bir çox hərəkətləri sivil qaydalara uyğun gəlmir. Bu, şübhəsiz ki, erməni xalqının min illərdən dövlətinin olmaması ilə bağlıdır. Baxmayaraq ki, XX əsrdə digər xalqlar özlərinin müstəqil dövlətin yarada bildilər, ancaq erməni diasporundan onu fərqləndirən, ilk növbədə, xaricdəki, diasporun yerli əhalinin daxili işlərinə qarışması və dövlət strategiyasının onların müəyyənləşdirilməsidir. Yəni, bu baxımdan, Türkiyə ilə və qonşu Azərbaycanla münasibətlərə də heç bir sivil qaydalara uyğun gəlmir. Bildiyiniz kimi, Türkiyə ilə sərhədlərin açılması barəsində İsveçrənin Sürix şəhərində bağlanan protokolların qısa bir zamandan sonra erməni rəhbərliyi tərəfindən imtina edilməsi, ilk növbədə, onların beynəlxalq hüquq normalarına böyük hörmətsizliklərindən irəli gəlir. Bir qayda olaraq, protokollar uzun danışıqlardan sonra bağlanır və həmin danışıqlarda bütün detallar nəzərə alınır. Şübhəsiz ki, Türkiyə ilə danışıqlarda, Türkiyə bu gün Ermənistan arasında olan problemlərin hər birini ortaya qoya bilib. Ermənistan üçün vacib olan nə yolla olur-olsun, sözügedən protokollu imzalatdırmaq və beynəlxalq aləmdə Türkiyə haqqında bir mənfi rəy yaratmaq siyasəti idi. Ancaq bu, onda alınmadı. Çünki Türkiyənin öz mövqeyini açıq şəkildə izah etməsi, sərhədlərin açılmasını Ermənistanın sivil qaydalara riayət etməsinin vacibliyilə bağlaması, erməni təbliğatını heçə endirdi. Bu gün isə Ermənistan özünü düşünülməmiş yeni bir addımını atdı. O, qonşu dövlətlə sərhədlərin açılması protokolların dondurulduğunu elan etdi. Bir qayda olaraq, beynəlxalq praktikada belə bir hal olmur. İmzalanan sənəd mütləq ratifikasiya olunmalıdır və yaxud da ki, anlaşılmazlıq olarsa, bu məsələ barəsində həmin dövlətlə diplomatik danışıqlar aparılır. Ermənistan bu gün xarici diaspor dairələrin ciddi təsirində olduğuna görə, bir sıra hallarda onların ideoloji baxışlarında irəli gələn addımlara məcbur olur. Ancaq çox maraqlıdır, bir tərəfdən protokollar imzasını geri çəkməsi barəsində elan etdi, digər tərəfdən isə, bir neçə gün öncə, Ermənistan rəhbərliyi Türkiyəyə enerji eksportu ilə bağlı, müəyyən təkliflərini verdi. Fikrimcə, Ermənistanın Türkiyəyə qarşı hərəkətlərində bir mənfi ardıcıllıq hiss edilmir. Bunun özü göstərir ki, Ermənistan hələ qonşu dövlətlərlə sivil əlaqələrini qurması üçün, hələ öz daxilində çox işlər görməlidir.
Tahir Kərimli, "Vəhdət" partiyasının sədri:
- Fikrimcə, bununla Ermənistan dövləti bir daha sübut edir ki, müstəqil dövlət deyil. Hər kəsə açıq şəkildə aydın oldu ki, Ermənistan prezidenti Serj Sarkisyan Moskva səfərində Rusiya prezidenti Dmitri Medvedevlə görüşdü və bu görüşdən qayıdandan sonra isə bu addımı atdı. Əslində, bir mesaj vermək istəyirdi. Yəni, hamını tam nə razı, nə də narazı salır. Beynəlxalq hüquqda isə dondurmaq məsələsi yoxdur. Yəni, belə bir hüququ termin yoxdur. Ancaq burada göstərir ki, Türkiyə yalnız Dağlıq Qarabağ şərtindən əl götürdükdən sonra, sözügedən protokolların icrasını davam etdirmək mümkündür, ratifikasiya etmək mümkündür. Bir sözlə, belə bir təzyiq metodu da seçir, eyni zamanda, diasporu sakitləşdirir. Çünki diaspora istəmirdi ki, o, ratifikasiya olunsun. Yəni diaspora çox razı qalır. Daxili ictimaiyyətə də özünü guya bir kamil diplomat kimi sırımaq istəyir. Bir sözlə, çoxvariantlı bir istəkləri var. Amma hər halda, bir şey ortadadır ki, bununla Ermənistan özünün müstəqil bir dövlət olmadığını, asılı bir qurum olduğunu bir daha sübut etmiş oldu.