ABŞ tərəfindən maliyyələşdirilən və mənzil-qərargahı Nyu- York şəhərində yerləşən "Freedom House" beynəlxalq təşkilatı neçə illərdir ki, dünyada mətbuat və söz azadlıqlarının vəziyyətinə dair hesabatlar açıqlayır. Təşkilatın builki hesabatında dünya ölkələri bu sahədə vəziyyətə görə "azad", "qismən azad" və "azad olmayan" kateqoriyalarına bölünür. Təəssüfdoğurucu haldır ki, əvvəlki hesabatlarda olduğu kimi, təşkilat budəfəki hesabatında da qeyri-obyektivliyə və qərəzli mövqeyə söykənən fikirlər dərc edib. Belə ki, ölkəmizin adını yenə də "azad olmayan" ölkələrin cərgəsində qeyd edib. Bu, bir daha ABŞ-ın və digər bir sıra Avropa ölkələrinin Azərbaycana qarşı qısqanc münasibətinin göstəricisidir. Söhbət etdiyimiz mətbu orqanların nümayəndələri, eləcə də, millət vəkilləri "Freedom House"nin hesabatının Azərbaycana qarşı növbəti qərəzli münasibətindən başqa bir şey olmadığını söylədilər.
""FREEDOM HOUSE"NİN HESABATININ ƏKSİNƏ OLARAQ, AZƏRBAYCAN HÖKUMƏTİ MƏTBUATIN İNKİŞAFINA BÖYÜK DƏSTƏK VERİR"
Millət vəkili Aynur Camalqızı:
- Qeyd etdiyiniz kimi, "Freedom House" təşkilatının növbəti hesabatı Azərbaycana qarşı olan münasibətin "məntiqi" davamıdır. Bu təşkilatın, neçə illərdir ki, açıqladığı hesabatlarda Azərbaycanla bağlı çox yanlış, həqiqətə uyğun olmayan fikirlər öz əksini tapır. Hətta bəzən sadəlövh oxucu bu hesabatları oxuyan zaman elə təəssürat yaranır ki, söhbət hansısa Afrika ölkəsindən gedir. Ancaq aydın məsələdir ki, həmin təşkilatın nümayəndələri Azərbaycan olublar və buradakı reallıqlardan xəbərlardırlar. Sadəcə, ortada çox qərəzli bir münasibət var. Bu qərəz də ondan ibarətdir ki, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionunda Ermənistan adlı təcavüzkar bir ölkə var. Bu ölkə qonşu ölkə Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlayır. Bu işğal nəticəsində bir milyondan artıq insan öz ev-eşiyindən didərgin salınıbdır. Hazırda onlar məcburi köçkün statusunda yaşayır. Gəlin görək, bu təşkilatın hesabatlarında bu məsələlərə hər hansı bir formada münasibət bildirilirmi, Ermənistan işğalçı, təcavüzkar adlandırılırmı?!
Mətbuatın vəziyyətinə gəldikdə isə, bu günə qədər Ermənistan mətbuatında jurnalistlərə divanlar tutulub, onlara hökumət nümayəndələri tərəfindən sərt münasibət bəslənilib. Elə Ermənistanda son parlament seçkilərində insanları qanına qəltan etdilər. Meydanlarda olan jurnalistlər döyüldü, söyüldü və təhqir olundular. Ancaq bunların heç birinə nə "Fredom House"nin, nə Avropa Şurasının, nə də digər beynəlxalq təşkilatların sərt mövqeyi ilə səsləşən münasibət ortaya qoyulmadı. Azərbaycan cəmi 18 ildir ki, müstəqillik əldə etmiş dövlətdir. Şübhəsiz ki, Azərbaycanda baş verənləri müstəqilliyinin və demokratiyasının yaşı yüz illərlə ölçülən dövlətlərlə müqayisə etmək mümkün deyil. Lakin bir çox hallarda bu, mümkündür. Bu baxımdan ki, istər demokratiyanın, istərsə də, dövlət-mətbuat münasibətlərinin inkişafına görə, ölkəmizdəki vəziyyət heç də inkişaf etmiş ölkələrdəki vəziyyətdən geridə qalmır. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı hər zaman özünü göstərib. Müxalifət mətbuatının nəşriyyata olan borclarının dondurulması ölkəmizdə mətbuata göstərilən diqqət və qayğının təzahürüdür. Dünyanın heç bir ölkəsində bu cür hallar baş vermir. Bununla yanaşı, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması da bu sahədə aparılan uğurlu islahatlardandır. Əlbəttə ki, bu, mətbuatın inkişafında maraqlı olan Azərbaycan hakimiyyətinin ortaya qoyduğu mövqenin nəticəsidir.
Çünki həmin media orqanları "KİV haqqında" qanuna deyil, asılı olduqları siyasi təşkilatın diqtələri ilə hərəkət etməyə, fəaliyyət göstərməyə məhkum bir vəziyyətdədirlər. Düşünürəm ki, nə zaman mətbuat orqanları siyasi təşkilatların girovundan xilas olacaqlarsa, o zaman Azərbaycanda əsl, normal medianın inkişafının şahidi olacağıq. Bundan ölkə vətəndaşları da razı qalacaqlar. Təəssüf hissi ilə qeyd edirəm ki, "Fredom House" təşkilatı dəfələrlə Azərbaycanda medianın vəziyyəti ilə bağlı hesabatlarında bu məsələyə toxunmayıblar. Bir çox hallarda onlar Azərbaycanda qütbləşmiş mətbuatın olmasında maraqlıdırlar. Təbii ki, belə bir situasiyada biz arzuladığımız medianı görə bilmirik.
"AZƏRBAYCANIN HƏR BİR MÜTƏRƏQQİ FİKİRLİ, OBYEKTİV BAXIŞLI QƏLƏM SAHİBİ BU HESABATA ÖZ ETİRAZ SƏSİNİ UCALTMALIDIR"
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə:
- "Freedom House" təşkilatı neçə illərdir ki, dünyada söz azadlığının vəziyyəti ilə bağlı hesabatlar yayır. Bu hesabatların Azərbaycanla bağlı bölməsinə baxdıqda, xoşagəlməz ənənənin davamı nəzərə çarpır. Azərbaycanı söz azadlığına laqeyd yanaşan ölkələrin sırasında göstərmək hansısa mesajın yerinə yetirilməsidir. Azərbaycanı dünyanın ən zəif inkişaf etmiş ölkələri ilə eyni cərgədə göstərməsi absurddur. Bu hesabatda yer alan fikirləri ancaq dayaz düşüncəyə malik insanlar qəbul edə bilər. Bu baxımdan, təşkilatın Azərbaycanla bağlı hesabatını qeyri-qənaətbəxş hesab edirəm. Güman edirəm ki, Azərbaycanın hər bir mütərəqqi fikirli, obyektiv baxışlı qələm sahibi, ictimaiyyət nümayəndəsi bu hesabata öz münasibətini bildirməlidir. Bu bir neçə formada ola bilər. Məsələn, hər kəs bilavasitə "Freedom House" təşkilatının özünün rəsmi saytına etiraz məktublarının göndərilməsi, mətbuatda bu səpgidə çıxışların edilməsi, ictimai tədbirlərdə fikirlərin səsləndirilməsi və s. formada kəskin münasibətini ifadə edə bilər.
"ÖLKƏMİZDƏ MƏTBUATIN İNKİŞAF SƏVİYYƏSİ MÜSBƏT MƏNADA DİGƏR ÖLKƏLƏRƏ NÜMUNƏ OLA BİLƏR"
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə:
- "Freedom House" təşkilatının hesabatı birtərəfli və qərəzli hesabatdır. Düşünürəm ki, təşkilat hesabatı ilə öz ənənəvi mövqeyinə uyğun olaraq, növbəti addım atıb. Bu gün Azərbaycanda söz, mətbuat və fikir azadlığı tam təmin olunub. 1993-cü ildə ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın inkişafı istiqamətində çox ciddi addımlar atılıb. 1998-ci ilin avqust ayında senzuranın, mətbuat və informasiya nazirliyinin ləğvi, mətbuatın daha təkmil fəaliyyət göstərməsi yönündə bir sıra islahatların aparılması mühüm addımlardandır. Bu baxımdan, həm mükəmməl qanunvericilik bazası yaradılması, həm mətbuatın sosial-iqtisadi vəziyyətinin, redaksiyaların texniki bazasının yaxşılaşdırılması, həm də jurnalistlərin sosial həyat şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər görülüb. Bunlar müsbət nəticəsini verməkdədir. Azərbaycanda mətbuat üzərində dövlətin təsir mexanizmi yoxdur. 2003-cü ilin mart ayının 15-də ölkə jurnalistləri tərəfindən müstəqil qurum olan Mətbuat Şurası yaradılıb. Tam əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda müstəqil mətbuatın inkişafı üçün əsaslı şərait mövcuddur. Bunun nəticəsidir ki, 4100-dən artıq yazılı və elektron media rəsmi qeydiyyatdan keçib. Bu da ölkədə mətbuat və söz azadlığının mövcudluğunu tam təsdiqidir.
Bir il öncə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərancamla KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması Azərbaycan mətbuat tarixində çox əlamətdar bir hadisədir. Hazırda fond uğurla fəaliyyət göstərir. Belə ki, fond jurnalistləri müsabiqələrin nəticəsinə uyğun olaraq fərdi qaydada mükafatlandırır, redaksiyalara birdəfəlik maddi yardımlar ayırır. Eyni zamanda, fond mətbuatın inkişafına töhfə verən digər layihələrin icrası üzərində işləyir. Bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin mətbuata olan diqqət və qayğısının bariz nümunəsidir. Bütün bu və digər uğurlu tədbirləri nəzərə alaraq "Freedom House" təşkilatının Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı yaydığı hesabat qeyri-obyektiv hesab edirəm. Hətta ölkəmizdə mətbuata qayğı digər ölkələrə nümunə ola biləcək səviyyədədir.
Ermənistandakı ictimai-siyasi proseslər və orada mətbuata olan münasibət bu ölkənin hansı vəziyyətdə olduğunu çox aydın şəkildə göstərir. Bu nöqteyi-nəzərdən, bu qədər müsbət addımlar atmasına rəğmən, təşkilatın ölkəmizi Ermənistanla eyni səviyyədə qeyd etməsi olduqca qərəzlidir. Xatırladım ki, "Freedom House" birinci dəfə deyil ki, Azərbaycan haqqında mənfi rəy yaratmağa cəhd göstərir. Açıq-aydın görünür ki, bu təşkilat Azərbaycanın bədxahlarının məkrli sifarişlərinin icraçısı funksiyasını üzərinə götürüb.
"FREEDOM HOUSE" TƏŞKİLATININ HESABATLARINI AYRI-AYRI ÖLKƏLƏRƏ TƏZYİQ VASİTƏSİ KİMİ QƏBUL EDİRƏM"
"Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay:
- "Freedom House" təşkilatının bu hesabatı siyasi baxışlar, siyasi məsələlərlə əlaqədardır. Azərbaycan mətbuatının qeyri-azad olması fikri ilə razı deyiləm. Ümumiyyətlə, dünyada mətbuatın tam azad olmasına inanmıram. Çünki mətbuat hansısa halda bu və ya digər amillərdən asılıdır. Məslən, sponsorun pul kisəsindən, siyasi vəziyyətdən və ya mətbuat işçilərinin öz ölkəsinin reallıqlarından hansı formada çıxış etməsindən asılıdır. Hər bir jurnalist hər hansı bir addımı atarkən və ya yazını yazarkən öncə, vətəndaşlığını unutmamalıdır. "Freedom House" təşkilatının hesabatlarını da ayrı-ayrı ölkələrə təzyiq vasitəsi kimi qəbul edirəm. Bunun qarşılığında Azərbaycan mətbuatı heç kimə cavab vermək məcburiyyətində deyil. Ölkə mətbuatı öz işini görməli, jurnalistlər vətəndaşlıq mövqeyindən çıxış etməli, nəyin düz, nəyin isə səhv olduğuna obyektiv qərar verməlidir. Çalışmalısan ki, heç kimdən asılı olmayasan. Belə olan halda, ən güclüsü də sən olacaqsan.
"AZƏRBAYCAN MƏTBUAT AZADLIĞI SAHƏSİNDƏ AMERİKA VƏ AVROPA ÖLKƏLƏRİNİ QABAQLAYIB"
"AzərTac" Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılov:
- "Freedom House" təşkilatının Azərbaycan mətbuatı haqqında verdiyi hesabat tamamilə uydurmadır. Belə bir təşkilatın Azərbaycan mətbuatı haqqında rəy söyləməsinə ciddi fikir verməyə ehtiyac yoxdur. Zənnimcə, bu, dünyanın bir çox güc sahibi olan dövlətlərin Azərbaycana ikili standartlardan yanaşmasının göstəricisidir. Azərbaycan mətbuatının inkişafı, söz, fikir azadlığı məsələləri müstəqillik illərindən bu günə qədər daha da inkişaf edib. Bunu dünyanın aparıcı institutları, mütəxəssisləri də etiraf edirlər. "Freedom House" təşkilatının nümayəndələri gəlib Azərbaycandakı real vəziyyətlə tanış olsalar, görərlər ki, doğrudan da, ölkəmizdə mətbuat və söz azadlığı mövcuddur. Hətta Azərbaycan bu məsələdə Amerika və Avropa ölkələrinin bir çoxundan qabaqdadır.
Bir faktı xatırladım ki, "AzərTac" dünyaca məşhur olan OANA və EANA agentliklərinin üzvüdür. Bu çərçivədə agentliyimiz 2008-ci ilin sentyabr ayında Azərbaycanda OANA-nın iclasını keçirdi. Həmin iclasda həm Qərb, həm də Şərq ölkələrinin tanınmış və nüfuzlu mətbuat nümayəndələri, mütəxəssisləri iştirak edirdilər. Onların özləri etiraf etdilər ki, Azərbaycanda mətbuat, söz və fikir azadlığı demokratik səviyyədədir. Hətta iclas iştirakçılarının bir qrupunu ölkə Prezidenti cənab İlham Əliyev qəbul etdi. Orada mətbuatın qarşısında duran vəzifələrdən danışıldı. Dövlət başçısının çıxışı bütün dünyadan axışıb gələn media nümayəndələrində xoş təəssürat oyatdı. Təbii ki, Azərbaycan inkişaf edir, irəli gedir və dünyanın nüfuz sahibi olan ölkələrindən biridir. Bu inkişafın fonunda Azərbaycan mətbuatı da sürətli inkişaf edir. Yəni, hansısa qurum və ya təşkilatın Azərbaycan mətbuatı haqqında qərəzli fikir söyləməsi ona başucalığı gətirməz. Ümumiyyətlə, son zamanlar Azərbaycana qarşı ABŞ-da və digər bir sıra ölkələrdə müəyyən qısqanclıqlar yaranıb. Hesab edirəm ki, bu səpgili hesabatlar və "araşdırmalar" ölkəmizə qarşı əsil təzyiq vasitəsidir. Ona görə də, bu cür məsələlərlə Azərbaycanın inkişafına və onun tərəqqisinə mane olmaq mümkün deyil. Azərbaycanda söz, fikir azadlığı var və bu proses durmadan inkişaf edir.