PDF Oxu

Sosial

  • 12

Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılıb

Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılıb
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumu keçirilib. Ukraynanın 27 vilayət və şəhərindən 700-dən çox gəncin qatıldığı forum Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları altında başlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata görə, forumda Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Diasporla iş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Quliyev, Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, Dnepropetrovsk vilayət radasının deputatları və digər rəsmi şəxslər çıxış ediblər. Onlar Ukraynada böyüyüb boya-başa çatan azərbaycanlı gənclərin I forumunun Dnepropetrovsk şəhərində keçirilməsini tarixi hadisə adlandırıblar. Azərbaycan və Ukraynanın milli-mənəvi dəyərlərini özlərində birləşdirən gənclərə gələcək işlərində uğurlar arzulayıblar.
Forumda ulu öndər Heydər Əliyevin formalaşdırdığı Azərbaycan diasporunun inkşaf tarixindən söz açan UAK-ın Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev, sədr müavinləri Nadir Zeynalzadə, Eldar Tağıyev, Qadınlar Cəmiyyətinin sədri Şahnaz Əliyeva və digər çıxış edənlər xalqımızın qədim adət-ənənələrinin, zəngin tarixinin və mədəniyyətinin Ukraynada təbliğində, o cümlədən, Azərbaycan həqiqətlərinin bu ölkənin ictimaiyyətinə çatdırılmasında, ermənilərin xalqımıza qarşı yürütdüyü işğalçılıq və soyqırımı siyasətinə qarşı birgə mübarizənin aparılmasında Ukraynada yaşayan gənclərin üzərinə düşən vəzifələrdən danışıblar. Vahid milli məfkurə altında birləşən azərbaycanlı gənclərə sarsılmaz birlik və həmrəylik arzulayıblar.
Qeyd olunub ki, bu forumun keçirilməsi Ukraynada doğulub-böyümüş azərbaycanlı gənclərin vahid amal ətrafında daha da sıx birləşməsində, onların Ukraynanın ictimai, siyasi, mədəni, sosial, iqtisadi və elmi həyatına, o cümlədən, dövlət və hakimiyyət orqanlarına inteqrasiya olunmasında, xüsusilə, Azərbaycanla Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rol oynayacaq. Forumda gənclər adından çıxış edən Kiyev şəhərindəki Heydər Əliyev adına Sosial Elmlər və Beynəlxalq Əlaqələr İnstitutunun məzunu, Ukrayna MEA-nın aspirantı Anar Tahirov ulu öndər Heydər Əliyevin 50 milyonluq Azərbaycan diasporuna ərməğan etdiyi qüdrətli Azərbaycan dövlətinin daha da inkşaf etdirilməsində, onun ölməz ideyalarının həyata keçirilməsində hər bir azərbaycanlı gəncin üzərinə düşən tarixi missiyadan danışıb. O deyib ki, bu gün ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanı beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevirən Prezident İlham Əliyevin həm ölkəmizin inkişafında, həm də Dağlıq Qarabağ probleminin həlli istiqamətində nümayiş etdirdiyi prinsipial mövqe xaricdə yaşayan hər bir azərbaycanlı gəncin qürur mənbəyinə çevrilməlidir: "Bu baxımdan, Ukraynada yaşayan 10 minlərlə gənc öz üzərinə düşən missiyanın məsuliyyətini hiss etməli, tarixi Vətənimiz qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirmək üçün əlindən gələni əsirgəməməlidir".
O, həmçinin, bildirib ki, biz Ukraynada özümüzü milli soy-kökünə bağlı və yüksək əxlaqi dəyərlərə malik azərbaycanlı kimi təsdiq etməli, qloballaşan dünyanın bəşəri dəyərlərini dərindən mənimsəməli, bu istiqamətdə möhkəm birlik və həmrəylik nümayiş etdirməklə, bu gün Azərbaycanın beynəlxalq imicinə xələl gətirməyə çalışan mənfur erməni ideologiyasına qarşı mübarizədə bütün gücümüzü səfərbər etməliyik: "Ermənilərin ideoloji təxribatlarına cavab vermək üçün təklif edirəm ki, hər il aprelin 24-ü Ukraynada yaşayan Azərbaycanlı gənclərin həmrəylik günü elan olunsun".
Forumda Dnepropetrovsk şəhərindən Fazilə Zeynalzadə, Elza Bəkirova, Kiyev şəhərindən Cavid Hüseynzadə, Ayaz Salmanov, Krım Muxtar Respublikasından Firudin Orucov, Donetsk şəhərindən Razim Əhmədov, Pərviz Rzayev, Zaporojye vilayətindən Turxan Seyidov, Nikoloyevdən Fatimə Ağayeva və digər gənclər forumda çıxış ediblər. Ukraynada yaşayan Azərbaycanlı gənclərin vahid mərkəz ətrafında birləşməsi üçün gənlərin əlaqələndirmə şurasının yardılmasının vacib amil olduğu bildirilib. Forumun sonunda Ukraynada yaşayan azərbaycanlı gənclərin əlaqələndirmə şurası yaradılıb və Anar Tahirov Ukraynadakı Azərbaycanlı Gənclərin Əlaqələndirmə Şurasının sədri seçilib. Eyni zamanda, aprelin 24-nün Ukraynada yaşayan azərbaycanlı gənclərin həmrəylik günü kimi qeyd olunması ilə bağlı təklif də dəstəklənib. Sonda forum iştirakçıları adından Azərbaycan və Ukrayna prezidentlərinə müraciət qəbul edilib.
Tədbir Ukraynada yaşayan gənc istedadlı soydaşlarımızın iştirakı ilə hazırlanan konsert proqramı ilə başa çatıb.

Digər xəbərlər