Bildiyiniz kimi, qarşıdan parlament seçkiləri gəlir. Qəzetlər bu seçkilərdə reklam əldə etmək baxımından nə dərəcədə yararlana bilər və eyni zamanda, qəzetlər Dağlıq Qarabağ probleminə nə kimi yer ayırır? Bu suallarla KİV nümayəndələrinə müraciət etdik.
Sevinc Seyidova,
"Həftə İçi" qəzetinin baş redaktoru:
- Parlament seçkilərində namizədliyini irəli sürən insanlar daha çox mətbuata üz tutacaqlarsa, təbii ki, biz burada müqavilə şərti ilə hərəkət edəcəyik. Amma neçə illik təcrübəmizdən irəli gələrək, deyə bilərəm ki, adətən, seçkilərdə namizədlər daha çox görüntüyə üstünlük verirlər. Yəni telekanalara üz tuturlar. Biz az-az görərik ki, kimsə öz platformasını qəzetdə verib, özünü təbliğ etsin. O baxımdan, güman etmirəm ki, bu il də biz təbliğat vasitəsi kimi parlament seçkilərində nəyisə əldə edə bilək.
Dağlıq Qarabağ məsələsi, artıq demək olar ki, neçə ildir Azərbaycan mətbuatında kifayət qədər işıqlandırılır. Bu gün də "Həftə İçi" qəzeti olaraq, mən deyə bilərəm ki, dövlət səviyyəsində hər hansı məsələlər ortaya çıxırsa, yəni dövlətimiz səviyyəsində bir məsələyə imza atılırsa, bu, ölkə mətbuatında işıqlandırılır. Həmçinin, bununla bağlı olaraq diskussiyalar aparılır və ictimaiyyətin də mövqeyi dərc olunur.
Akif Aşırlı,
"Şərq" qəzetinin baş redaktoru:
- Düşünürəm ki, Azərbaycan mətbuatının indiki durumundan çıxmaq üçün yaxşı bir fürsətdir. Sadəcə olaraq, biz bu vəziyyəti düzgün dəyərləndirməyi bacarmalıyıq. Siyasi mövqeyindən asılı olmayaraq, parlament seçkilərinə qatılacaq şəxslər öz təbliğat imkanlarını qəzetlərdə qura bilsinlər. Qeyd etmək istəyirəm ki, "Şərq" qəzetinin maddi imkanları bir qədər zəifdi. Bütün Azərbaycan mətbuatında olduğu vəziyyət, bir qədər də "Şərq" qəzetində özünü büruzə verir. Fikrimcə, parlament seçkilərində biz ümidlərimizi o istiqamətə yönəltmişik ki, qarşıdan parlament seçkiləri gəlir və sözügedən seçkilər gələn zaman namizədlərin təbliğatından kifayət qədər məşğul imkanlarımız var. Uzun illərin bir təcrübəsi də var və ondan yararlana biləcəyik.
Dağlıq Qarabağ münaqişəsi Azərbaycan mətbuatında yetərincə işıqlandırılır. Bütün qəzetlərimizdə olan ümumi yazıların çəkisinə fikir versəniz, görərsiniz ki, Dağlıq Qarabağ danışıqlarına, məsələlərinə aiddir. Bir sözlə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkə mətbuatında kifayət qədər materiallar dərc edir və sözügedən məsələ hər zaman mətbuatımızın diqqət mərkəzində olub. Heç şübhəsiz ki, hər zaman belə olacaq.