Zahid Oruc: "BMT Qarabağ münaqişəsinin həlli prosesinə daha fəal müdaxilə etməli və sərt addımlar atmalıdır"
"18 il əvvəl Azərbaycanın BMT-yə üzv olması millətimizin tarixi arzusunun gerçəkləşməsi kimi dəyərləndirilirdi. Bəs bu mötəbər qurum bizi arzumuza çatdırdımı?" Bu fikirləri söyləyən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc BMT-nin bu günə kimi ciddi addım atmadığını bildirdi: "Bu gün BMT siyasi konyukturaya uyub, daha çox ayrı-ayrı dövlətlərin maraqları çərçivəsində hərəkət edir. Əgər belə deyilsə, onda özlərinin qəbul etdiyi sənədləri icra etməlidirlər".
Z.Orucun sözlərinə görə, əslində, Azərbaycan cəmiyyəti Birləşmiş Millətlər Təşkilatına daha çox ümidlər bəsləyirdi: "Çünki müstəqilliyimizin ilk illərində bu qurum Qarabağ məsələsində daha fəal mövqe ortaya qoymuş, konkret qətnamələr qəbul etmişdi. Daha sonrakı mərhələdə BMT öz nizamnaməsinə, əsas prinsiplərinə uyğun olaraq bu qətnamələrin icrası istiqamətində real addımlar atmalı, təcavüzkar Ermənistan dövlətinə qarşı sanksiyalar tətbiq etməli, Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməliydi".
Millət vəkili onu da vurğuladı ki, müstəqilliyimizin ilk illərində beynəlxalq təşkilatlar regionda gedən proseslərə daha fəal şəkildə qoşulmuşdular: "Torpaqlarımızın işğalı və təcavüz aktı beynəlxalq təşkilatların gündəliyində müzakirə mövzusuna çevrilmişdi. İlk dövrlərdə, 1992-ci ildə Azərbaycan torpaqları ardıcıl şəkildə işğal olunanda, BMT bu məsələylə bağlı ard-arda 4 qətnamə qəbul etmişdi. Ədalət naminə demək lazımdır ki, bu qətnamələr o dövr üçün kifayət qədər mühüm qərarlar, əhəmiyyətli addımlar idi. Bizim insanların haqqı var idi ki, bu qərarların icrasını gözləsin".
Z.Orucun sözlərinə görə, sonrakı dövrlərdə yeni dünya düzəni kimi xarkterizə edilən beynəlxalq situasiya vəziyyəti bir çox hallarda dəyişdi: "Məlum oldu ki, bu kimi beynəlxalq təşkilatlar müəyyən situasiyalarda bir sıra böyük dövlətlərin alətinə çevrilə bilir, yaxud özünün funksiyalarını yerinə yetirməməklə beynəlxalq hüququ tanımayan bir çox dövlətlərin əməlinin nəticəsini uzun müddətə həll edilməmiş qalmasına şərait yaradır. Necə ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi onilliklər boyudur ki, həll edilməmiş qalır. Hansı ki, BMT-nin Ermənistana sanksiyalar tətbiq etməsi üçün ciddi əsasları var".
Z.Oruc bildirdi ki, BMT-nin ATƏT-in Minsk Qrupunu yaratması, ona mandat verməsi də problemi kökündən həll etmədi. "Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində ərazi bütüövlüyü ilə bağlı problemlər həllini tapmayıb. Ona görə də, bu qurumun nizamnamə prinsiplərini yerinə yetirmədiyi, dünyada sülhə, əməkdaşlığa, birgə yaşayışa, hüquq prinsiplərin təminatına doğru real addımlar atmadığı qeyd olunur. Yeni beynəlxalq qurumun təsis olunması barədə çağırışlar daha fəal şəkildə səslənməyə başlayıb. Eyni zamanda, BMT-nin özündə də bu qurumun yeni çağırışlara hazır olmadığı vurğulanaraq, köklü islahatların zəruriliyi hər il daha intensiv şəkildə dilə gətirilir. Nə yazıq ki, indiki gerçəklikdə bizim BMT-yə alternativ qurumumuz yoxdur. BMT-nin gələcək nüfuz və mövcudluq məsələsi həm Qarabağ, həm də dünyadakı digər uyğun problemlərin həllindən keçir. BMT bu məsələlərə müdaxilə edə, həll edə bilməsə, gələcək mövcudluğu sual altına düşə bilər".
Millət vəkili bildirdi ki, BMT rəhbərliyi yaxşı bilir ki, məhz onlar tərəfindən mandat alan ATƏT-in Minsk Qrupunun hərbi birləşmələr yaratmaq səlahiyyəti yoxdur: "Amma BMT-nin belə bir səlahiyyəti var. Qurum öz prinsiplərini, nüfuzunu şübhə altına qoymamaq üçün, real addımlar atmalıdır. Necə olur ki, BMT ayrı-ayrı məsələlərin həllində çox böyük fəallıq göstərsə də, 1948-ci ildə- yarandığı gündən etibarən əsas prinsipi olan ərazi bütövlüyünün təmin olunması üçün konkret addımlar atmır? BMT öz resurslarından tam istifadə etməklə, Ermənistana təzyiq etməlidir. Sizcə, bu nəhəng qurum 2,5 milyon əhalisi olan Ermənistan qarşısında gücsüzdürmü? Əlbəttə, yox. Deməli, ortada siyasi konyuktura var".
Z.Oruc onu da söylədi ki, Azərbaycan insanı bu qurumdan öz əsas probleminin həllini tələb edir: "Çox təəssüf ki, bu 18 ildə Azərbaycanın BMT-dən gözləntiləri özünü doğrultmadı. BMT-nin regionda qaçqınlar və digər bir sıra məsələlərdə gördüyü işlərə baxmayaraq, fundamental hüquqlar pozulanda, iş görə bilmir, bəzən qərarları sonradan verir, hadisələrə müdaxilə etmir. Azərbaycan həm ATƏT Minsk Qrupu formatında, həm BMT müstəvisində öz əsas probleminin davasını aparmaqdadır. Hesab edirəm ki, Azərbaycan bu mühüm beynəlxalq qurumda fəaliyyətini davam etdirməlidir".