PDF Oxu

Sosial

  • 10

Qarabağ əhalisinin statusu yalnız Azərbaycan daxilində öz həllini tapa bilər

Qarabağ əhalisinin statusu yalnız Azərbaycan daxilində öz həllini tapa bilər
Dağlıq Qarabağ ermənilərinin statusu məsələsi bu günlərdə yenidən aktivləşməyə başlayıb. Ermənistan prezidenti Serj Sarkisyanın bu barədə verdiyi son bəyanat və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu barədə səsləndirdiyi son fikirlər bunu deməyə əsas verir. Onların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Qarabağ əhalisinin öz müqəddəratını müəyyənləşdirməsinin mühüm rol oynadığını qeyd etməsi heç də birmənalı şərh edilmir. Artıq məlum olduğu kimi, S.Sarkisyan son müsahibəsində Dağlıq Qarabağın müstəqilliyinin Azərbaycan tərəfindən tanınması ilə münaqişəni bir neçə saata həll etməyin mümkünlüyünü nəzərə çatdırıb. Bundan sonra isə işğalçı dövlətin xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə yeganə problemin Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi və bu hüququn tanınması olduğunu bəyan edib. Ermənistan rəsmilərinin mövqedən çıxış etməsi onların öz mövqelərində israr etdiklərini və geri dönmək niyyətlərinin olmadığını bir daha göstərmiş olur. İşğalçı rejimin torpaqlarımızı işğal etməklə yanaşı, bu cür əsassız iddialara yol verməsi həyasızlığın bariz nümunəsidir. Azərbaycan ərazisi olan Qarabağ əhalisinin öz müqəddəratını təyin etməsi heç bir məntiqə sığmır. Əslində, beynəlxalq qurumların və dünya dövlətlərinin tanıdığı sərhədlərimiz daxilində Ermənistanın belə bir iddia ilə çıxış etməsi cinayətkarlıqdır. Digər dövlətin ərazisini işğal etmək, bu ərazilərə irəli sürmək iddia və hətta burada öz müqəddəratını təyin etməyi istəyilə çıxış etməyi başqa cür adlandırmaq qeyri-mümkündür. Azərbaycan tərəfi dəfələrlə bu məsələyə aydınlıq gətirərək, məsələnin bu tərzdə qoyuluşunun beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil etdiyini bildirib. Azərbaycan Prezidenti öz bəyanatlarında Dağlıq Qarabağın statusunun həlli məsələsinin yalnız Azərbaycan daxilində mümkün olduğunu və Azərbaycanın Dağlıq Qarabağa ən yüksək muxtariyyətin verməyə hazır olduğunu bildirib. Məsələyə münasibət bildirən Azərbaycan Xarici İşlər Nnazirliyi də Qarabağın həm azərbaycanlı, həm də erməni icmasının Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmək hüququnun olduğunu qeyd edib. Əslində, həqiqət məhz bundan ibarətdir. Ermənistan tərəfinin göstərdiyi mövqe isə onun məsələyə qərəzli yanaşmasından və münaqişənin həllində öz qeyri-konstruktiv mövqeyini saxlamaqdan başqa bir şey deyildir. Münaqişənin həllində maraqlı olmayan, işğalçı mövqeyini davam etdirməklə torpaqlarımızı işğal altında saxlamaqda maraqlı olan Ermənistanın belə bəyanatlarla çıxış etməsi anlaşılandır. Lakin Ermənistan bir məqamı nəzərdən qaçırır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqları yubatmaqla və onun həllinə maneçilik törətməklə özünə ziyan etmiş olur. Ermənistanın düşdüyü ağır böhranlı vəziyyət onun günü-gündən geriləməsinə səbəb olur. Bu böhranın da əsas səbəbi Ermənistan hökumətinin yeritdiyi işğalçı siyasət və onun törətdiyi mənfi nəticələrdir. Bundan başqa, Ermənistan rəhbərliyi başa düşməlidir ki, o, münaqişənin həllini uzatmaqla, heç bir şeyə nail ola bilməz. Azərbaycan dövləti gec-tez öz torpaqlarını, hər hansı yolla olur-olsun, işğaldan azad edəcəkdir və belə bir halda Ermənistanın hansı səviyyədə müqavimət göstərəcəyi çox maraqlıdır. Əlbəttə, söhbət müharibə variantından gedir. Ermənistanın günü-gündən azalmaqda olan müdafiə qabiliyyəti onun heç bir şeyə nail ola bilməyəcəyindən xəbər verir.

Digər xəbərlər