Bildiyiniz kimi, bir müddət öncə, Milli Məclisdə "KİV haqqında qanun" layihəsinə əlavə və dəyişikliklər edildi. Bu qanunun 60-cı maddəsinə edilən dəyişiklikləri jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirənlər və bunun əksini söyləyənlər də var. Amma söhbət etdiyimiz mətbuat nümayəndələri qeyd etdilər ki, layihəyə edilən dəyişikliklər müsbət haldır.
Natiq Məmmədli,
"Kaspi" qəzetinin baş redaktoru:
- Milli Məclisin martın 6-da keçirilən iclasında "Kütləvi informasiya vasitələri haqqında" qanuna əlavə və dəyişiklik edilməsi hazırda Azərbaycan mətbuatının mövcud durumu ilə bağlıdır. Bu dəyişiklik, habelə, digər qanunların da referendumda Konstitiusiyaya edilmiş dəyişikliklərə uyğunlaşdırılması cəmiyyətimizdə həm vətəndaş azadlıqlarının daha səmərəli təmin edilməsi, həm də mətbuatın inkişafı baxımından yüksək qiymətləndirilməlidir. Bu məsələyə Azərbaycanda aparılan hüquqi dövlət quruculuğu kontekstindən nəzər saldıqda, bir daha aydın olur ki, dövlətimiz hər bir vətəndaşının azadlığının keşiyində durmaqla yanaşı, mətbuatın yeni inkişaf mərhələsinə qədəm qoymasına da stimul verir.
Bəzi opponentlər iddia edirlər ki bu dəyişiklik hər bir kəsin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasında da problemlər yaradacaq. Amma nəzərə almaq lazımdır ki, qəzet tək sahibkarlıq sferası kimi dəyərləndirlə bilməz, bu sahənin spesifik özəllikləri mövcuddur. Belə ki, Azərbaycanda cəmiyyətin tələblərinə zidd olan, xüsusən də, etnik separatizmi, dini dəyərləri hədəf seçən KİV-lər də mövcuddur, onların məqsədi dövlətçiliyə zərbə vurmaqdan başqa bir şey deyil. Mövcud dəyişikliklər belə halların qarşısına sipər çəkəcək. Başqa tərəfdən isə, savadsız şəxslərin, reket jurnalistikanın imkanları məhdudlaşdırılacaq. Yəni, Azərbaycanda söz azadlığından sui-istifadənin qarşısı alınmış olacaq. Bütün bu arqumentlər göstərir ki, KİV haqqında qanuna edilən dəyişiklər pozitiv səciyyə daşıyır və yazılı KİV-in inkişafına, jurnalistlərin profesionallığının, məsuliyyətinin artırılmasına yönəlib.
Tahir Rüstəmov,
"Xalq" qəzetinin baş redaktor müavini:
- "KİV haqqında qanun" layihəsinə edilən əlavə və dəyişikliklər tamamilə ədalətlidir və mətbuatın yeni mərhələdə inkişafına əsaslı imkanlar yaradacaq. Ümumiyyətlə, bizdə mətbuat haqqında qanun, bir neçə dəfə əlavə və düzəlişlərlə təkmilləşdirilibdir. Zənnimcə, bizim jurnalistlərimizin hər hansı bir şəxsin və ya təşkilat rəhbərinin iradəsi və razılığı olmadan, onun video və foto çəkilişi aparmaları və yaymaları düzgün deyil. Yəni jurnalist nüfuzlu bir şəxsdən müsahibə götürmək istəyirsə, əvvəlcə onun razılığını almalı, hətta fotoşəklini çəkərkən də xüsusi müraciət etməlidir. Hesab etmirəm ki, "KİV haqqında qanun" layihəsinə əlavə və dəyişikliklərin edilməsi jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. Mən də bir mətbuat nümayəndəsi kimi, kütləvi informasiya vasitələri haqqında qanun layihəsinə edilən əlavə və dəyişiklikləri müsbət qiymətləndirirəm.