"Regional Texniki Yardım" layihəsi həyata keçirilib
Asiya Ombudsmanlar Assosiasiyasının təşkilatçılığı və Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həmin assosiasiyanın və üzv-təsisatların fəaliyyətinin gücləndirilməsinə yönələn "Regional Texniki Yardım" layihəsi ilə bağlı Filippin Respublikasının paytaxtı Manila şəhərində növbəti təcrübə mübadiləsi keçirilibdir.
Tədbirə bir sıra ölkələrin, o cümlədən, Pakistan, Hindistan, Filippinin milli insan hüquqları təsisatların nümayəndələri, tanınmış hüquq mütəxəssisləri qatılıblar. İnsan Hüquqları üzrə Müvəkkili Aparatının hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Aydın Səfixanlı və protokol sektorunun əməkdaşı Şəbnəm Qəmbərova iştirak ediblər.
Tədbirdə korrupsiyanın ölkələrin iqtisadi və sosial inkişafına mənfi təsiri, eyni zamanda, korrupsiyaya qarşı mübarizə prosesinə dövlət, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyətinin cəlb edilməsi ilə bağlı məsələlər geniş müzakirə olunub, bu sahədə iştirakçı dövlətlərin təcrübəsi diqqətə çatdırıldı.
İştirakçılar təcrübə mübadiləsi çərçivəsində Filippinin Ombudsman Aparatında, Veteranların Administrasiya Ofisində, Gömrük İdarəsində, Rüşvət Əleyhinə Məhkəmədə, Parlamentin Nümayəndələr Palatasında, həmçinin, orta ümumtəhsil məktəbində olub, bu qurumların strukturu, iş prinsipləri, fəaliyyəti ilə tanış olublar.
Müzakirələr zamanı aparatın əməkdaşları Azərbaycan Ombudsmanı insan hüquqları sahəsində geniş fəaliyyətini tədbir iştirakçılarının diqqətinə çatdıraraq, onun əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, həmçinin, korrupsiyaya, insan alverinə qarşı mübarizə üzrə ixtisaslaşmış müşavirlərinin təyin olunduğunu, təsisatın dövlət orqanları, QHT-lər və vətəndaş cəmiyyəti ilə yaratdığı səmərəli əməkdaşlıq əlaqələri barədə ətraflı məlumat veriblər.
Sonda tədbir iştirakçılarına "Azerbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununu, ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının nüsxələri, müvəkkilin illik məruzələri və bəyanatları, Ermənistanın ölkəmizə qarşı təcavüzünü və terror aktlarını, habelə, Xocalı soyqırımını əks etdirən disklər təqdim edilibdir.
Görüşün növbəti günü Filippin Respublikası Təhsil Nazirliyinin xətti ilə orta ümumtəhsil məktəblərinin birində Azərbaycan Ombudsmanının insan hüquqlarının tədrisi və hüquqi maarifləndirmə sahəsində fəaliyyəti, o cümlədən, müvəkkilin təşəbbüsü ilə məktəblərdə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyi iştirakçıların nəzərinə çatdırıldı.