PDF Oxu

Sosial

  • 7

Böyük Vətən müharibəsinin 65 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Böyük Vətən müharibəsinin 65 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev lektoriyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirildi. Qeyd edək ki, cənab Prezident İlham Əliyev "1941-1945 ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram"ın təsdiq edilməsi haqqında 22 iyun 2009-cu il tarixli sərəncam imzalamışdır. Həmin sərəncama əsasən, respublikamızda "1941-1945 ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram" təsdiq edilmişdir. Bu proqrama uyğun olaraq ADPU-da keçirilən tədbirdə ilk öncə həm Böyük Vətən müharibəsində və həm də Qarabağda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Elmi-praktiki konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov bildirdi ki, cənab Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, respublikamızda Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilir. ADPU-nun rektoru, onu da qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev Böyük Vətən müharibəsi iştirakçılarına hər zaman diqqət və qayğı göstərib. Hazırda isə cənab Prezident İlham Əliyev də ümummilli liderin siyasi kursuna tam sadiq qalaraq ölkəmizin hər bir vətəndaşına olduğu kimi Böyük Vətən müharibəsi iştirakçılarına, veteranlara yüksək səviyyədə diqqət və qayğı göstərir. "Faşizm üzərində qələbədə Azərbaycan xalqının böyük xidməti olub. Xalqımız həm ön cəbhədə və həm də arxa cəbhədə şərəflə faşizmə qarşı mübarizə aparıblar. " - deyə Y.Məmmədov qeyd etdi.
Daha sonra çıxış edən ADPU-nun Türk və Şərqi Avropa xalqlarının tarixi kafedrasının professoru Mais Əmrahov 1941-1945 ildə baş verən Böyük Vətən müharibəsinin tarixindən danışdı. O, bu müharibə illərində azərbaycanlıların göstərmiş olduğu şücaətdən, qəhrəmanlıqlardan, fədakarlıqlardan danışdı. Bu illəri şərh edərkən, M.Əmrahov söylədi ki, müharibə illərində ordu sıralarına göndərilən azərbaycanlı əsgərlərin göstərmiş olduqları qəhrəmanlıqlardan bütün keçmiş SSRİ xalqları bəhs edirdilər. Diviziyalarda döyüşən azərbaycanlıların müharibədə qazanılan qələbədə böyük xidmətləri olub. Bu, danılmazdır və tarix boyu buna heç kim şübhə ilə yanaşmayıb. M.Əmrahov onu da qeyd etdi ki, hazırda ölkəmizdə müharibə veteranlarına yüksək qiymət verilir, onları narahat edən problemlər aradan qaldırılır.
Daha sonra tədbirdə çıxış etmək üçün söz Respublika Veteranlar Şurasının sədr müavini Çingiz Həsənova verildi. Ç.Həsənov çıxışı zamanı söylədi ki, Azərbaycan xalqı Böyük Vətən müharibəsində göstərmiş olduğu qəhrəmanlıqlara görə, keçmiş SSRİ xalqları içərisində adını şərəflə tarixə yazmış oldu. İstər arxa cəbhədə, istərsə də, ön cəhbədə xalqımızın igid oğulları və qızları əllərindən gələni əsirgəmədilər. Ç.Həsənov qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev daim müharibə veteranları ilə yaxından maraqlanırdı. Həmçinin, ümummilli lideri veteranlara xüsusi qayğı göstərirdi. Hazırda cənab Prezident İlham Əliyev də Böyük Vətən müharibəsi veteranlarına yüksək səviyyədə diqqət və qayğı göstərir. Bu qayğını hər bir ölkə vətəndaşı kimi, veteranlarda və həmçinin, müharibədə şəhid olmuş insanların ailələri də hiss edir.
Qeyd edək ki, tədbirdə iştirak edən Respublika Veteranlar Şurasının üzvləri və qonaqlarda elmi-praktiki konfransda çıxış etdilər. Onlar da öz çıxışında bildirdilər ki, Böyük Vətən müharibəsinin 65 illiyinə həsr edilmiş tədbirlər silsiləsini yüksək qiymətləndirirlər. Onu da qeyd etdilər ki, cənab Prezident İlham Əliyevin onlara və şəhid olmuş insanların ailələrinə göstərdikləri diqqət və qayğıdan razıdırlar. Tədbirin sonunda veteranlara hədiyyələr də təqdim olundu.

Digər xəbərlər