PDF Oxu

Sosial

  • 14

"Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilmişdir

"Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilmişdir
Dünən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YUNİSEF-in Azərbaycan nümayəndəliyi və Uşaq Hüquqları üzrə QHT Alyansının birgə təşkilatçılığı ilə "Uşaq hüquqlarının qorunmasında dövlət orqanları və QHT əməkdaşlığı" mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirə dövlət orqanlan və QHT-lərin təmsilçiləri, KİV nümayəndələri qatılmışlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova, YUNİSEF-in Azərbaycandakı nümayəndəsi M.Herevard, Uşaq Hüquqları üzrə QHT Alyansının milli əlaqələndiricisi N.Seyidov giriş sözü ilə çıxış edərək, tədbirin məqsəd və məramını açıqlamışlar.
Ombudsman Elmira Süleymanova tədbirdə çıxış edərək, iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş, xoş arzularını bildirmişdir. O, ölkəmizdə böyüyən nəslə, xüsusən, daha çox ehtiyaclı zümrədən olan uşaqlara qayğıdan söz açmış, 2009-cu ildə ölkə Prezidentinin sərəncamı ilə gerçəkləşdirilmiş "Uşaq ili"ndə uşaq hüquqlarının təmin edilməsinə, uşaqların təhsili, sağlamlığı və təlim-tərbiyəsinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir.
"Uşaq ili" çərçivəsində ombudsman təsisatı tərəfindən mühüm tədbirlərin təşkil edildiyi, uşaq hüquqları sahəsində ölkəmizdə ötən 20 ildə həyata keçirilən və gələcək 20 il üçün arzu olunan tədbirlərin müəyyənləşdirilməsi məqsədilə respublika üzrə sorğuların keçirildiyi, müvəkkilin uşaq hüquqları üzrə ilk ixtisaslaşmış məruzəsinin hazırlanaraq nəşr edildiyi, uşaqların vəziyyətinin daha da yaxşılaşdırılmasına yönəlmiş təklif və tövsiyələrinin Milli Məclisə və digər müvafiq orqanlara göndərildiyi bildirilmiş, bu istiqamətdə birgə müzakirələrin aparılmasının zəruriliyi qeyd edilmişdir.
Tədbirdə o da qeyd olunmuşdur ki, müvəkkil uşaqların cinsi istismar və sui-istifadədən müdafiəsinə dair Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsini, "Uşaqların cismani cəzadan müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunmasını təklif etmişdir. Uşaqlara qarşı zorakılıq hallarının aradan qaldırılması məqsədilə müvəkkil tərəfindən maarifləndirmə tədbirlərinin keçirildiyi, plakatların nəşr edildiyi vurğulanmışdır.

Digər xəbərlər