PDF Oxu

Sosial

  • 6

Müsavat, AXCP (i) və "KXCP" gizli toplantı keçirib

Müsavat, AXCP (i) və "KXCP" gizli toplantı keçirib
- Dünən Müsavat partiyası, AXCP (i) və "KXCP"-nin bir araya gələrək, Amerikadakı anti-Azərbaycan qüvvələrin sifarişi ilə gizli toplantı keçirdikləri bildirilir. Sizcə, həmin toplantının keçirilməsinin əsas məqsədi nədən ibarətdir?
A.Əlizadə: Mən düşünmürəm ki, Amerika köhnə vurulmuş kartlardan istifadə etsin. Amerika nə isə etmək istəsəydi, real qüvvələrin vasitəsilə fəaliyyət göstərərdi. Adlarını çəkdiyiniz siyasi partiyalar isə vaxtında vurulmuş insanlardan ibarətdir.
E.Namazov: Ötən ilin mart ayında mətbuata açıqlamamda bildirmişdim ki, Avropaya İnteqrasiya Milli İctimai Komitəsində bir illik sədrlik dövrüm başlayır. Bu dövr ərzində siyasi proseslərdə iştirakıma məhdudiyyətlər qoymuşam. Bu il martın sonu, aprelin əvvəlində isə həmin təşkilatdakı sədrlik müddətim başa çatacaq. Bu səbəbdən müxalifət düşərgəsində bloklar və hansısa koalisiyaların yaradılması ilə bağlı keçirilən toplantılarda iştirak etməmişəm. Ona görə də, həmin toplantının məramı ilə bağlı hər hansı bir məlumata malik deyiləm.
- Bəzi iddialara görə, həmin toplantı məhz hakimiyyətə qarşı təzyiq vasitəsi kimi təşkil edilib. Belə bir amil ortada ola bilər?
E.Namazov: Siyasi proseslərdə iştirak etmədiyimə görə, baş verənlərdən də xəbərim yoxdur. Ona görə də, bu barədə şərh vermək mənim üçün çətindir. Aprel ayında siyasi fəaliyyətimə qayıtdıqdan sonra, bu suallara ətraflı cavab verə bilərəm.
- Bu yaxınlarda, AXCP (i) və Müsavat partiyası "KXCP"-nin blok yaratmaq, birgə fəaliyyət göstərmək təklifini rədd etmişdi. İndiki halda, onların bir araya gəlməsi sizdə təəccüb doğururmu?
A.Əlizadə: Onlara aid heç bir hadisə məndə maraq doğurmur. Mən bu insanları 20 ildən artıqdır ki, tanıyıram. Onlar mənfəət, pul iyi gələndə, öz aralarında olan ziddiyyətləri tamamilə unudaraq, müəyyən qüvvələrə qoşulurlar. Yəqin ki, bu təklifdən də qrant, pul iyi gəldiyindən, toplantının keçirilməsinə razılıq veriblər. Hər halda, pul hərisləri olduqları üçün onlara təklif olunan pulu itirmək istəməzlər.
- Bəzi radikal müxalifət partiyalarının kütləvi aksiyalara hazırlaşdıqları bildirilir. Bu barədə nə deyə bilərsiniz?
A.Əlizadə: Xalq onlara dəstək verib, onların keçirdiyi aksiyalara qoşulmayacaq. Onlardan söz düşən zaman həmişə yalançı çoban əhvalatı yadıma düşür. Bu yalançı qüvvələr 1988, 1990, 1992, 1993 və nəhayət, 2003-cü ildə bir qrup insanı aldadıblar. Ona görə, Azərbaycan xalqı onları çox yaxşı tanıyır və onlara dəstək vermək niyyətində də deyil.

Digər xəbərlər