Azərbaycan hökuməti parlamentdə hesabat verəcək
- Bahar xanım, martın 16-da hökumətin parlament qarşısında növbəti hesabatı olacaq. Bu baxımdan, hökumətin son birillik fəaliyyətini - xüsusilə də, dünyada davam edən maliyyə-iqtisadi böhran şəraitində fəaliyyətini necə qiymətləndirirsiniz? Hökumətin fəaliyyətini qənaətbəxş hesab edirsinizmi? Qeyd edək ki, müxalifət isə hökumətin fəaliyyəti ilə də bağlı sərt tənqidi fikirlər, ittihamlar səslənməkdədir.
- Əlbəttə, birmənalı olaraq, hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm. Hökumətin fəaliyyəti qənaətbəxş olmasaydı, Azərbaycan da digər ölkələrlə bərabər, daha çox kataklizmlərə məruz qala bilərdi. Şükürlər olsun, biz Azərbaycanda maliyyə-iqtisadi böhranın ciddi təsirlərini hiss etmədik. Müəyyən təsirlər, əlbəttə, var. Bunu heç kim inkar edə bilməz. Müəyyən kəsimlərin də fikirləri məhz həmin o təsirlərə uyğun olaraq dilə gətirilə bilər. Bununla belə, mən düşünmürəm ki, istənilən hökumətin və yaxud istənilən qurumun müəyyən dövr ərzində gördüyü işi hamı bəyinsin və yaxud bəyənə bilər. Kiminsə nəsə tənqidi fikri olsa, bu da normaldır. Əgər o, tənqidi fikirlərində inkişaf üçün, yaxşı nailiyyətlər əldə etmək üçün yollar da göstərirsə, onda daha yaxşı olar. Bir daha qeyd edirəm, tənqidi fikirlərin olacağını inkar etmək olmaz. Amma bu, əsas deyil. Əsas odur ki, əksəriyyət hökumətin fəaliyyətini qənaətbəxş hesab edəcək, bəyənəcək.
- Hər dəfə olduğu kimi, budəfəki hesabat ərəfəsində də müxalifətçi və bəzi bitərəf deputatlar iqtisadi sferaya daxil olan strukturlarla yanaşı, güc orqanlarının, o cümlədən, Xarici İşlər Nazirliyinin parlament qarşısında hesabat vermələrini tələb edirlər.
- Onlar hər dəfə bunu tələb edirlər, biz də hər dəfə məcbur olub, bunun izahatını verməli oluruq. İzahatını verməli oluruq ki, nəyə görə belədir. Ümumiyyətlə, düşünürəm ki, diqqəti məsələdən yayındırmaq yox, hökumətin iqtisadi sferada gördüyü işi dəyərləndirmək üçün səyləri yönəltmək lazımdır. Hansısa çatışmazlıqlar, hansısa əyər-əskikliklər varsa, o istiqamətdə təkliflər vermək gərəkdir. Yoxsa, bəribaşdan hamı bilir ki, ildə bir dəfə hökumətin hesabatı olacaq və bu hesabat zamanı da güc nazirlikləri hesabat verməyəcəklər. İndi əvvəlcədən bunu tələb və yaxud tənqid etməyə nə ehtiyac var.
- Yeri gəlmişkən, müxalifətçi deputatlar, xüsusilə, "Müsavat" deputat qrupunun üzvləri budəfəki hesabat zamanı da hökumətə etimadsızlıq, istefa məsələsini gündəmə gətirəcəklərini bildirirlər.
- Axı "Müsavat" deputat qrupu neçə nəfərdən ibarətdir? Onların parlamentdə beş nəfər nümayəndəsi var. Lap olsun, altı nəfər, on nəfər. Əgər on nəfər hökumətə etimadsızlıq göstərirsə, nə dəyişir və yaxud nə dəyişəcək? Əsas odur ki, Milli Məclis, bütövlükdə, Azərbaycan xalqı, kiçik bir qrupu nəzərə almasaq, hökumətə etimad göstərməkdə davam edir və edəcək.
- Bahar xanım, parlamentdə fraksiya yaratmaq üçün say məsələsinə necə, yenidən qayıtmaq mümkündürmü? Müxalifətin bununla bağlı da neçə illərdir israrlı tələbləri var.
- Bilirsiniz, bu məsələnin parlamentin daxili nizamnaməsində nəzərdə tutulmuş konkret müvafiq qaydaları var. Bu qaydalar çərçivəsində yalnız bu məsələ mümkün ola bilər. Bu gün Azərbaycan parlamentində təmsil olunan müxalifət qüvvələri isə fraksiya yaratmaq üçün tələb olunan saya malik deyillər.