PDF Oxu

Sosial

  • 10

KİV haqqında qanununa edilən dəyişikliklər mətbuat nümayəndələri tərəfindən müsbət qiymətləndirilir

KİV haqqında qanununa edilən dəyişikliklər mətbuat nümayəndələri tərəfindən müsbət qiymətləndirilir

Bildiyiniz kimi, bir müddət öncə, Milli Məclisdə "KİV haqqında qanun" layihəsinə əlavə və dəyişikliklər edildi. Bu qanuna edilən dəyişikliklər jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirənlər və bunun əksini söyləyənlər də var. Amma söhbət etdiyimiz mətbuat nümayəndələri birmənalı şəkildə qeyd etdilər ki, layihəyə edilən dəyişikliklər müsbət bir haldır.

Akif Aşırlı, "Şərq" qəzetinin baş redaktoru:
- "KİV haqqında qanun" layihəsinə edilən əlavə və dəyişikliklər ötən il referenduma çıxarılan məsələlər arasında idi. Bu isə şəxsiyyət azadlığı və onun toxunulmazlığı ilə bağlı məsələ idi. Burada ictimaiyyəti daha çox narahat edən gizli çəkilişlərin aparılmasının və fotoşəkilərinin çəkilməsinin qadağan olunması ilə sırf bağlı olan məsələlər idi. Bu, bütün dünyada qəbul olunmuş hal və normalardır ki, ötən il sözügedən bu məsələlər referenduma çıxarılmışdır. Mən də referenduma çıxarılan həmin məsələlərlə bağlı olaraq, onu deyə bilərəm ki, burada heç bir problem yoxdur.
Ümumiyyətlə, onu qeyd etmək istəyirəm ki, qanunlar cəmiyyətin inkişaf qanunları ilə sırf bağlıdır. Yəni cəmiyyət inkişaf etdikcə, azad cəmiyyət, vətəndaş cəmiyyəti yarandıqca, yəni inkişaf etdikcə, bu qanunlar da dəyişikliyə uğramalıdır. Kim deyirsə ki, o qanunlar dəyişilməz olaraq qalmalıdır, bu, səhv bir yanaşmadır. Azərbaycan cəmiyyəti yeni cəmiyyətdir və yeni təşəkkül tapan, demokratik təchizatları yeni qurulan cəmiyyətdir. Ona görə də qanunlarda müəyyən dəyişikliklər olmalıdır və mən də hesab edirəm ki, həmin dəyişikliklər çox normaldır.

Cəmaləddin Quliyev, "Paritet" qəzetinin baş redaktoru:
- Bu dəyişikliklər ötən il respublikamızda keçirilən referendumda qəbul olunmuş dəyişikliklərdir. İndi isə, bu məsələ ilə bağlı qanun layihəsinə əlavə və dəyişikliklər edilib. Çox təəssüf ki, bəzi insanlar "KİV haqqında qanun" layihəsinə əlavə və dəyişikliklərin edilməsini jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması kimi qəbul edirlər. Ancaq burada jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılmasından söhbət gedə bilməz. Hesab edirəm ki, kütləvi informasiya vasitələri haqqında qanun layihəsinə edilən əlavə və dəyişiklikləri müsbət qiymətləndirirəm.

Yunus Oğuz, "Olaylar" qəzetinin baş redaktoru:
- Hesab etmirəm ki, "KİV haqqında qanun" layihəsinə əlavə və dəyişikliklərin edilməsi jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq. Əgər kimsə bu məsələyə narazılığını bildirirsə, onda əvvəlcə o qanunu oxumalıdır. Burada insanların şəxsi həyatına icazəsiz müdaxilədən söhbət gedir. Bir sözlə, məsələnin mahiyyətini bilməyən insanlar buna etiraz edirlər. Bu, referendum zamanı qəbul olunan dəyişiklikdir və Milli Məclis tərəfindən qanun layihəsinə əlavə və dəyişiklik edilib. Burada jurnalistlərdən deyil, insanların hüquqlarından söhbət gedir. Kiminsə icazəsi olmadan onun şəxsi həyatı haqqında yazmaq olmaz. Mən də, mətbuat nümayəndəsi olaraq, "KİV haqqında qanun" layihəsinə edilən əlavə və dəyişiklikləri yüksək qiymətləndirirəm.

Digər xəbərlər