PDF Oxu

Sosial

  • 7

Bu gün Milli Teatr Günüdür

Bu gün Milli Teatr Günüdür

Azərbaycanda teatr sənətinin kökləri xalqın fəaliyyəti, dünyagörüşü ilə bağlıdır. Mərasim, ayin və oyunlardakı tamaşa elementləri müstəqil xalq teatrının yaranmasında mühüm rol oynamışdır. Uzaq zamanlardan bəri xalq arasında geniş yayılmış tamaşalar Azərbaycanda xalq teatrının müstəqil tarixə malik olduğunu göstərir. Azərbaycan xalq teatrı realist özəllik daşımış və əməkçi təbəqələrlə bağlı olmuşdur. Xalq teatrının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil etmişdir. Azərbaycan professional teatrının təşəkkülündə xalq teatrı əhəmiyyətli rol oynamışdır.

Azərbaycan teatrının tarixi M.F.Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanın vəziri" və "Hacı Qara" tamaşalarından başlanır. H.Zərdabinin təşəbbüsü, N.Vəzirov və Ə.Adıgözəlovun yaxından iştirakı ilə realni məktəbin şagirdləri tərəfindən göstərilən bu ilk həvəskar tamaşalar milli teatrın yaranması üçün qüdrətli təkan idi.
Qabaqcıl Azərbaycan ziyalıları, sonralar Qori seminariyasını bitirən müəllimlər Şuşa, Naxçıvan və başqa şəhərlərdə teatr tamaşaları düzəldir, eyni zamanda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaqcıl müəllim və ziyalı qüvvələri Y.Məlik-Haqnəzərovun rəhbərliyi ilə yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını oynayırdılar.
M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. 1876-cı ildən M.F.Axundovun komediyaları Tiflisdə də oynanılmışdır. XIX əsrin 70-80-cı illərində Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən teatr həvəskarları tədricən Bakıdakı teatr xadimləri ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həyatı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsil mənada müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1890-cı illərdən başlayaraq, N.Nərimanovun Azərbaycan teatrının ideyaca sağlam bir yöndə inkişaf etməsində, teatrda səhnə realizmi tələblərinin həyata keçirilməsində böyük xidməti olmuşdur. O, teatra xalqın ictimai şüurunu yüksəltməyin və zamanın qabaqcıl ideyalarını yaymağın mühüm vasitələrindən biri kimi qiymət verir və teatrdan tribuna kimi istifadə edirdi. N.Nərimanov ziyalı gəncləri aktyor truppasına dəvət edir, eyni zamanda, özü də bir çox tamaşalarda baş rolları oynayırdı. 1896-cı ildə H.Zərdabi Bakıda "Birinci müsəlman dram truppası" adlı ilk professional teatr kollektivini təşkil etdi. 1897-ci ildə Bakıda ilk dəfə "Artistlər ittifaqı" yaradıldı. İnqilaba qədərki Azərbaycan teatrının repertuarı milli dramaturqların, həmçinin, rus və Qərbi Avropa klassiklərinin əsərləri ilə zənginləşdirilirdi. Azərbaycan teatrı ilk illərdən maarifçilik və demokratik ideyalara sadiq idi.
1910-cu ildə "Səfa" adlı yeni mədəni-maarif cəmiyyəti və onun yanında teatr şöbəsi yaradıldı. 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Ancaq özünün ayrıca repertuarı olmasına baxmayaraq, musiqili teatrda peşəkar ifaçılara böyük ehtiyac duyulurdu.
1916-cı ildə C.Məmmədquluzadənin "Ölülər" komediyasının tamaşaya qoyulması Azərbaycan teatrının ideyaca yetkinləşdiyini göstərən bir olay idi. Bu tamaşa mövhumat və cəhalət, yalan və zülm dünyasına qarşı bir ittihamnamə kimi səslənərək böyük uğur qazandı.1917-ci ildə Bakıda "Müsəlmən artistləri ittifaqı" yaradıldı. A.M.Şərifzadə ittifaqa sədr seçildi. İttifaq bütün teatr dəstələrini öz ətrafına toplayaraq, yoldaşlıq münasibətləri əsasında tamaşalar verirdi. Ancaq bu ittifaq 1918-ci ilin mart ayınadək fəaliyyət göstərə bildi. Mayılov teatrının anterprenyorları binada Azərbaycan aktyorlarının çıxış etməsinə imkan vermirdilər. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan Azərbaycan teatrı xalqın mədəni inkişafında mühüm rol oynamışdı. Ancaq eyni zamanda, bu illərdə teatr hələ yüksək səhnə mədəniyyəti səviyyəsinə qalxmamışdı.
1920-ci ildə Azərbaycan Demokratik Cumhuriyyəti xaincəsinə dağıdıldıqdan sonra Azərbaycan XKS-nin 1920 il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. 1922-ci ildə dram truppası Birləşmiş Dövlət Teatrından ayrılaraq, müstəqil teatra çevrildi. Həmin il "Hacı Qara" komediyasının yeni quruluşdakı tamaşası ilə Azərbaycan Dövlət Dram Teatrının təntənəli açılışı oldu. Azərbaycan dramaturgiyasının inkişafında son dərəcə mühüm rol oynayan, mədəni quruculuq sahəsində, eləcə də, teatr sənətinin təşəkkülündə böyük xidmətlər göstərən N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi realist-demokrat yazıçıların fəaliyyəti, N.Nərimanov, Ü.Hacıbəyov, M.Maqomayev və C.Cabbarlının, başqa görkəmli ədəbiyyat və incəsənət xadimlərinin, aktyor və rejissorların mətbuatda çıxışları teatrın inkişaf prinsiplərinin, milli və dünya dramaturqlarının klassik irsinə düzgün münasibətin müəyyənləşməsində mühüm rol oynamışdır.
XX əsrin 20-ci illərində teatrın repertuarı formalist və vulqar-sosioloji axınlara qarşı kəskin mübarizə şəraitində yaradıldı. Teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də, Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər", "Laçın yuvası", "Şeyx Sənan", "Knyaz", "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini", "Müfəttiş", "Həyatın dibində", "Qaçaqlar", "Otello", "Zaqmuk" və s. əsərlər tamaşaya qoyulmuşdu.
Yeni forma axtarışları ilə bağlı, teatrın bəzi uğursuz tamaşaları da olmuşdur. Ancaq bunlar realist sənət yolu ilə irəliləyən teatrın ümumi inkişafına ciddi təsir göstərə bilməmişdi. 20 illərdən teatrda aktyorlardan A.M.Şərifzadə, Ü.Rəcəb, M.A.Əliyev, S.Ruhulla, M.Davudova, İ.Hidayətzadə, R.Təhmasib, K.Ziya, M.Mərdanov, M.Vəlixanlı, Ə.Qurbanov, S.Hacıyeva, Ə.Məmmədova, M.Sənani, Q.Topuriya, M.Yermakova, rejissor A.Tuqanov, Bakı Teatr Texnikumunun ilk məzunlarından F.Qədiri, R.Əfqanlı, İ.Dağıstanlı və başqaları fəaliyyət göstərirdilər. 1935-1941-ci illər Azərbaycan Dövlət Dram Teatrının yetkinləşmə dövrüdür. Bu dövrdə teatr müasir mövzuda "Həyat", "Toy" pyeslərini, "Vaqif", "Xanlar", "Qaçaq Nəbi" tarixi qəhrəmanlıq dramlarını göstərdi.
1949-cu ildə Azərbaycan teatrının 75 illik yubileyi təntənə ilə qeyd edildi. O vaxtkı SSRİ Ali Sovetinin Fərmanı ilə teatr Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif edildi. S.Ruhulla, M.Əmirov, M.Davudova SSRİ xalq artisti adına layiq görüldülər.
1948-ci ildə rejissor A.İskəndərov, aktyorlar M.A.Əliyev, M.Davudova, S.Ruhulla, R.Əfqanlı, K.Ziya, İ.Dağıstanlı, rəssam N.Fətullayev "Şərqin səhəri" tamaşasına görə SSRİ Dövlət mükafatına layiq görüldülər. Həmin il teatrın Moskvada qastrol çıxışları uğurla keçdi.
1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında hamilik edən respublikamızın başçısı Heydər Əlirza oğlu Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.
1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi görünməmiş təntənə ilə qeyd olundu. Azərbaycanın o vaxtkı MK-nın birinci katibi Heydər Əliyevin dərin məzmunlu məruzəsi dinlənildi. Yubiley münasibətilə "Gülüstan" sarayındakı ziyafətdə də Heydər Əliyev sənət, sənətkarlar və sənətkarlıq barədə məruzə ilə çıxış etdi. O vaxt neçə-neçə sənətçi təzə mənzillərlə təmin olundu, fəxri adlara layiq görüldü, mükafatlandırıldı. Həmin ildə təkcə Azərbaycan Dövlət Akademik Dram Teatrının üç görkəmli sənətkarı - M.Məmmədov, İ.Dağıstanlı və İ.Osmanlı - keçmiş SSRİ-də ən yüksək ad olan SSRİ xalq artisti adına layiq görüldülər. 1974-cü il 27 iyundan 10 iyula kimi teatr Moskvada qastrolda oldu. Lenin ordeni ilə təltif edildi. S.Vurğunun "İnsan", İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı", N.Poqodinin "Zamanın hökmü", F.Şillerin "Məkr və məhəbbət", V.Şekspirin "Fırtına", C.Məmmədquluzadənin "Ölülər" əsərlərinin tamaşalarını göstərdilər.
1980-ci illərin tamaşaları mövzu rəngarəngliyi, maraqlı aktyor oyunu və rejissor işi ilə diqqəti cəlb edir. Bu illərdə teatrın yanında gənclər studiyası vardı. 1982-ci ildən kiçik səhnədə də tamaşalar göstərilirdi.
1988-ci ildən Azərbaycanda baş verən iqtisadi, ictimai-siyasi vəziyyət teatr sənətinə də mənfi təsir göstərdi. Ermənilər respublikamızda görünməmiş faciələr törətdilər. Xarici havadarlarına söykənən ermənilər torpaqlarımızı işğal etdilər. Günahsız dinc əhalini qırdılar. Xocalı soyqırımı törətdilər. 1990-cı ilin 20 Yanvar faciəsinə səbəb oldular. Kütləvi talanlar edib, xalqımızın milli mədəniyyət abidələrini uçurub dağıtdılar. Ən yaxşı sənət əsərlərimizi xarici ölkələrə aparıb öz adlarına çıxdılar.
Ölkəmizin ayrı-ayrı müttəfiq respublikalarla iqtisadi əməkdaşlığı, ideoloji və mədəni əlaqələri zəiflədi. Azərbaycanın iqtisadi-siyasi həyatında sönüklük, tənəzzül əhval-ruhiyyəsi yaradan hərbi-siyasi aparxiya talançılıq və terror, milli mədəniyyətimizə, incəsənətimizə, o cümlədən, teatr sənətimizə ağır zərbə vurdu. Teatrlarımızda yaradıcılıq əhval-ruhiyyəsi zəiflədi.
1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etdi. 1993-cü ildən əhalinin sosial rifah halı və vətəndaş fəaliyyəti artdı.
Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim, Bələdiyyə, Yuğ, Gənclər, Miniatür, Kamera teatrları yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdü.
Azərbaycanın Akademik Milli Dram Teatrında Azərbaycan və qeyri-milli dramturqların klassik və müasir mövzuda bir sıra maraqlı əsərlərin tamaşası hazırlandı. "Hökmdar və qızı", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Dar ağacı", "Məhəbbət və azadlıq adası", "Dişi canavar", "Ah qadınlar, qadınlar", "Qısqanc ürəklər", "Min illərin işığı", "Hərdən mənə mələk də deyirlər", "Ana intiqamı", "Ağqoyunlular və qaraqoyunlular", "Ah Paris... Paris", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Qatil", "Pompeyin Qafqaza yürüşü", "Şah Edip", "Burla Xatun", və s. tamaşalar oynanıldı. Bu tamaşaların əksəriyyətinin premyerasında Heydər Əliyev iştirak edərək tamaşa haqqında, eləcə də, yaradıcı simalarla bağlı bir teatrşünas, teatr tənqidçisi kimi fikirlərini bildirmişdir. Respublikamızın ayrı-ayrı teatrlarında fəaliyyət göstərən Pantomim, Gənclər, Gənc tamaşaçılar, Bələdiyyə, Kamera teatrlarının fəaliyyəti də təqdirə layiqdir.
Peşəkar teatr kimi püxtələşən Azərbaycan Dövlət Akademik Dram Teatrı müstəqillik dövründə ilk dəfə Türkiyəyə qastrola getdi. "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşalarını göstərdi. İkinci dəfə Türkiyəyə səfər edən teatr "Hara gedir bu dünya?" tamaşasını göstərdi. Həmin ilin oktyabrında Almaniyanın Berlin şəhərində "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşası alman teatrsevərlərinə göstərildi. 1996-cı ilin mayında teatr "Kral Lir" tamaşası ilə Moskvada ikinci Beynəlxalq Çexov Festivalında çıxış etdi. 1998 ilin noyabrında akademik teatr üçüncü dəfə Türkiyəyə qastrola getdi. "Hökmdar və qazı", "Özümüzü kəsən qılınc" və "Mənim sevimli dəlim" tamaşalarını göstərdi.
Qeyd edim ki, uzun bir yaradıcılıq yoluna malik olan Azərbaycan teatrı 1922-ci ildən 1929-cu ilə kimi Akademik Dram Teatrı, 1929-cu ildən 1935-ci ilə kimi Bədaye Teatrı, 1935-ci ildən 1950-ci ilə kimi Dram Teatrı, 1950-ci ildən isə yenə Akademik Dram Teatrı adı ilə fəaliyyət göstərib. 1991-ci il dekabrın 27-dən Azərbaycan Milli Akademik Dram Teatrı statusu alıb.
1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev sərəncam imzaladı. İ.Kərimovun "Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri" adlı kitabı, İ.Rəhimlinin "Akademik Milli Dram Teatrı" salnaməsi və neçə-neçə kitablar çap olundu. Sənət adamları fəxri adlara layiq görüldülər.
Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Belə ki, Heydər Əliyev ənənələrini layiqli davam etdirən Prezident İlham Əliyevin sərəncamı ilə teatr binaları təmir və bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır. Prezidentin Sərəncamı əsasında teatr xadimlərinə xüsusi mükafatlar, fəxri adlar verilir, həyat şəraitləri yüksəldilir.
Milli Teatr Gününü qeyd edən Azərbaycan teatr xadimlərinin uğurları onlara belə bir bayramı keçirməyə mənəvi haqq verir.

Digər xəbərlər