ŞOU-BİZNESİN EYBƏCƏRLİKLƏRİ CƏMİYYƏTDƏ CİDDİ NARAZILIQLAR DOĞURUR
Cəmiyyətdə istənilən şəxsin istənilən addımı yalnız insanın öz əxlaqına və mədəniyyətinə söykənməlidir. Elə hərəkətlərə yol verib, addımlar atılmalıdır ki, həmin davranış ictimaiyyət arasında qınaq obyekti olmasın. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzən insani prinsiplərə, əxlaqi dəyərlərə zidd addımlar atılır. Haqlı olaraq da, bu addımlar Azərbaycan ictimaiyyəti tərəfindən tənqidlərə, iradlara səbəb olur. Müşahidələrə əsaslanaraq, demək olar ki, milli-mənəvi dəyərlərə zidd fəaliyyət yolu tutan insanlar kateqoriyasına daha çox özlərini şou-biznesdə hiss edən müğənnilər rəhbərlik edirlər. Ancaq onların təmsil olunduqları siyahıya da nəzər yetirsək, həmin müğənnilərin heç də hamısını Qərbin və Avropanın lüt-üryan şou əhlinin siyahısına daxil etmək olmaz. Qısası, elə müğənnilər var ki, tarixən kök salan Azərbaycan mədəniyyətinə, əxlaqına uyğun yol tuturlar. İstər konsert salonlarında, istər televiziya kameraları qarşısında, istərsə də, cəmiyyət arasında özlərini əsil vətəndaş kimi aparmağa üstünlük verirlər. Bunun fonunda isə az qala lüt formada şəkilləri olan, televiziya kadrları nümayiş etdirilən şou biznesin müxtəlif görkəmli dəstə üzvülərinə rast gəlmək olur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, dədəsindən küsən, anasından inciyən, ərindən boşanan qadınların, demək olar ki, böyük hissəsi şou-biznesin dəstə üzvüləridir. Onlara iradlar bildirmək isə yersiz hesab olunur. Çünki bu şəxslər həyatlarını bu sahəyə bağlayıblar. Həmi də, şou-biznesə gəlir mənbəyi kimi baxırlar. Doğrudan da, digər kateqoriyadan olan insanlarla müqayisədə şou-biznes sahəsində olan dəstə hər cür yaşayış şəraiti ilə təmin olunurlar. Deyək ki, qəzetlərdə 20 ildən çox çalışan jurnalist hələ də kirayədə yaşayıb, işə avtobusla gedib-gəldiyi halda, şou biznesin dəstə üzvüləri villalara, bağ evlərinə də sahibdirlər. Qiyməti 150-200 min avroya çatan xarici avtomaşınları vaxtaşırı dəyişmək şou ulduzları üçün adi hala çevrilib. Ruhi, Məleykə Əsədova, Xatirə, "Yeni ulduzun" yetirməsi İlhamə Qasımova, Faiq Ağayev, Sevda Yəhyayeva, Cəmilə, Aygün Kazımova və onun çanta daşıyanı hesab edildiyi bildirilən meyxanaçı Namiq, Xuraman Şuşalı və digər "müğənni"lər özlərini əsil ərəb şeyxləri kimi aparırlar. Bəzən bu dəstə üzvüləri utanıb-çəkinmədən ora-buralarını telekanallarda bəh-bəhlə nümayiş etdirməklə varlı zadəganlardan olan kişilərə gəl-gəl deyirlər. Çağrışlar da təbii ki, cavabsız qalmır. "El ağzı çuval ağzı" deyiblər, pıçhapıçda məhz bundan sonra başlayır. Demək olar ki, ən ucqar kəndlərdə belə, o cümlədən, Fatmanisə nənə və Şirəli baba da hansı müğənninin dalında hansı zadəganın dayandığını çox gözəl bilir. Dünən saytlarda şou-biznesin yeni üzvlərindən hesab olunan Tunay Əliyeva adlı birisinin lüt-üryan şəkilləri yayımlanıb. Bu, azmış kimi, bu biçarə heç nədən utanıb çəkinmədən "pul mənim həyatımdır, pula görə hər nə lazımdırsa, onu edərəm" - deyə bildirir. Bu isə "hər şey bəllidir" deməyə əsas verir.
Ata və anasından məhrum olunan uşaq evlərinin, ahıl insanların, qaçqın və məcburi köçkünlərin, cəbhədə soyuq səngərdə düşmənlə üz-üzə qalan əskər zastavalarının hansı səmtdə və məkanda yerləşdiyini bilməyən, zadəganlar el arasında deyildiyi kimi öz "adamuşkaları"nın təriflərini ağ buludlara qaldırmaq üçün ciblərini və seyflərində olanları boşaltmaqdan çəkinmirlər. Təbii ki, televiziyalarda təbliğ edilmək üçün daha çox pullar ayrılır. Televiziyalar üçün isə təki pul olsun. Təki onların təqdimatını apara biləcək pullu "müğənni"lər olsun. Belə halda, milli-mənəvi dəyərlər, ailə mədəniyyəti, əxlaqi prinsiplər əhəmiyyətsiz hesab olunur. Pul olan yerdə qaşlarını aldıran Faiq Ağayevə, hamilə görkəmdə özünü nümayiş etdirən Röyaya, yataqda klip çəkdirən Zülfiyyə Xanbabayevaya, dalını və qabağını reklam etdirən Aygün Kazımovaya, başını örpəkli təqdim edib, ancaq müxtəlif hoqqalardan çıxdığı bildirilən Tünzalə Ağayevaya, həyasızcasına düşmən tapdağında inildəyən Şuşanı özünə təxəllüs götürən Xuramanın və digərlərinin düşük məzhəkələrini ictimaiyyətə bəh-bəhlə təqdim edirlər. Söz yox ki, bu da, haqlı olaraq, cəmiyyətin müxtəlif təbəqələri arasında ciddi narazılıqlara, iradlara səbəb olur. Amma nəticəsi, hələ ki, yoxdur. Milli Televiziya və Radio Şurasının sədri Nuşiravan Məhərrəmlinin də tənqidləri nəticəsiz qalıb. Bütün bunlar, onu deməyə əsas verir ki, bu tip üzdəniraq televiziyalar insanların zövqünü, düşük, bayağı verilişləri ilə korlamaqda davam edəcəklər.