PDF Oxu

Sosial

  • 14

Türkdilli xalqların diasporları arasında əməkdaşlığa xüsusi önəm verilir

Türkdilli xalqların diasporları arasında əməkdaşlığa xüsusi önəm verilir
İstanbulda "Cəvahir" otelində Türkiyə hökumətinin Xaricdə Yaşayan Türklərlə İş üzrə Baş İdarəsinin yaradılması ilə əlaqədar toplantı keçirilib. Türkiyənin dövlət naziri Faruk Çelikin təşkilatçılığı ilə keçirilən tədbirə ABŞ-dan Avstraliyaya qədər bütün dünyada yaşayan türk icmaları ilə yanaşı, Türkiyədəki Qafqaz, Balkan dərnəklərinin təmsilçiləri də qatılıblar.
Toplantıda Azərbaycandan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Ramil Həsənov və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti iştirak edib. Komitənin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, tədbirə, həmçinin, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Başar Kömür, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirov, Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov, Belorus Azərbaycanlıları Konqresinin sədri Natiq Bağırov və digər Azərbaycan diaspor təşkilatlarının rəhbərləri qatılıb.
Azərbaycan nümayəndə heyəti adından tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan Respublikası Prezidentinin salamlarını toplantı iştirakçılarına çatdırıb. N.İbrahimov Azərbaycan dövlətinin türkdilli xalqların diasporları arasında əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib. Dövlət komitəsinin sədri 2007-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan və türk diaspor təşkilatlarının forumu və türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının keçirildiyini xatırladıb. N.İbrahimov qeyd edib ki, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından diasporlar arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə çıxış edən Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan bütün türkdilli xalqların bir-birinin problemlərinə, yaşadığı üzüntülərə hər zaman yüksək həssaslıqla yanaşdığını vurğulayıb. O, türkdilli ölkələr arasında əməkdaşlığın türk xalqlarının rifahına və təhlükəsizliyinə xidmət etdiyini vurğulayıb. Baş nazir Xocalı soyqırımının 18-ci ildönümünün tamam olduğunu xatırladaraq, qeyd edib ki, bu cinayəti törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidir: "Biz qətliamları yaşamaq istəmirik. Lakin qətliamlara məruz qalanlarla onların iztirabını bölüşürük. Eyni zamanda, bu qətliamları törədənlərin də Avropa İnsan Haqları Məhkəməsi və ədalət divanı qarşısında cavab verməsini istəyirik".
Tədbirdə çıxış edən Amerika Türk Dərnəkləri Federasiyasının rəhbəri Kaya Boztəpə də Xocalı soyqırımı haqqında danışıb. O, bu soyqırımının insanlığa qarşı bir cinayət olduğunu bildirərək, türkdilli xalqların diasporlarını Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak etməyə çağırıb.

Digər xəbərlər