PDF Oxu

Sosial

  • 16

Əfqanıstan müharibəsi iştirakçıları vətən uğrunda döyüşməyə daim hazırdırlar

Əfqanıstan müharibəsi iştirakçıları vətən uğrunda döyüşməyə daim hazırdırlar
Dünən, digər keçmiş sovet ölkələrində olduğu kimi, Azərbaycanda da sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 21-ci ildönümü qeyd olunub. Nəzər alsaq ki, Azərbaycanda hazırda da kifayət qədər Əfqanıstanda xidmət etmiş döyüşçü var, onda bu ildönümünü ölkəmizədə də yüksək səviyyədə qeyd olunması təbii haldır. Məlum olduğu kimi, SSRİ 1979-cu il fevral ayının 25-dən 1989-cu ilin 15 fevralına qədər Əfqanıstan ərazisində hərbi əməliyyatlar aparmışdır.
Əlbəttə, bu dövrdə SSRİ tərkibində olan bütün dövlətlərin hərbçiləri də Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak etmişdir ki, bunların da sayı 21 min nəfər olmuşdur. Onlardan 14453 nəfəri həlak olmuş, 292 nəfəri itkin düşmüş, 5753 nəfəri isə bədən xəsarəti almışdır. İtkilər bununla da ötüşməmiş, Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi onlarda yaranmış müxtəlif xəstəliklər və aldıqları yaralar nəticəsində həlak olmuşdur.
Azərbaycan da Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda iştirak etmək üçün kifayət sayda hərbçi cəlb edilmiş və onların göstərdiyi şücaət nəticəsində sovet ordusu böyük nailiyyətlər əldə etmişdir. Belə ki, 7500 azərbaycanlı Əfqanıstanda xidmət etmiş, onlardan 219 nəfəri həlak olmuş, 350 nəfəri əlil olmuş, 7 nəfər isə itkin düşmüşdür. Bu gün də Əfqanıstanda xidmət etmiş azərbaycanlı hərbçilər ölkəmizdə hərbi sahənin inkişaf etdirilməsində öz xidmətlərini göstərir və dövlətimiz tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Bunu Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısı Sərraf Orucovla söhbətimizdə də həmsöhbətimiz bizə bu barədə dolğun məlumatlar verdi. "Azərbaycan Respublikasında, nəinki Əfqanıstan döyüşçüləri, eyni zamanda, bütün müharibə veteranları, əlilləri və şəhid ailələrinə ümummilli lider Heydər Əliyev tərəfindən də hər vaxt diqqət və qayğı göstərilirdi. Bunun üçün müxtəlif sərəncamlar imzalanıb. Bu gün də bu diqqət və qayğı hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir. Buna misal olaraq, 2008-ci ilin 9 sentyabrında cənab Prezidentin imzaladığı sərəncamla Əfqanıstanda iştirak edən, Çernobıl qəzasında, Qarabağda və hərbi əməliyyatlarda xidməti vəzifəsini yerinə yetirərkən, əlil olmuş insanlara Prezident təqaüdü təyin edilmişdir. Müharibə keçmiş insanlara, şəhid ailələrinə, əlillərə günü-gündən onların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə prezident tərəfindən yardım edilir. İlham Əliyev MDB ölkələrində yeganə dövlət başçısıdır ki, hər vaxt veteranlara diqqət və qayğı göstərərək, saxlayaraq təqaüdlər verilməsi haqda sərəncamlar imzalamışdır. Hətta ötən 2009-cu ilin iyun ayında Azərbaycan Prezidenti ictimai-siyasi həyatda fəal iştirakına görə 5 nəfər Əfqanıstanda xidmət etmiş hərbçini "Tərəqqi" medalı ilə təltif etmişdir.
Bundan başqa, bu günlərdə Rusiya prezidenti Dmitri Medvedev tərəfindən Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyevi "Dostluq" ordeni ilə təltif etmişdir. Qeyd edim ki, M.Vəliyev MDB hökumətləri veteran təşkilatları arasında əlaqələrin inkişaf etdirilib, möhkəmləndirilməsində, gənclərin hərbi vətənpərvərlik yönümündə tərbiyə olunmasında apardığı fəal ictimai fəaliyyətinə, veteranlar və onların ailə üzvlərinə göstərdiyi sosial dəstəyə görə bu orden ilə mükafatlandırılmışdır."
Sərraf Orucov, həmçinin, onu da bildirdi ki, Əfqanıstanda xidmət etmiş hərbçilər müstəqillik qazanıldıqdan sonra, vətən qarışısında yenidən öz sədaqətlərini nümayiş etdirərək, Azərbaycan Milli Ordusunun da yaradılmasında yaxından öz köməklərini göstərmişlər. "Nəzərinizə çatdırıram ki, hələ 1993-cü ildə mərhum Prezident ulu öndər Heydər Əliyev hakimiyyət qayıdışı zamanı Milli Ordumuzun yaranmasında və torpaqlarımızın müdafiə edilməsi üçün xarici ölkələrdə yaşayan azərbaycanlı hərbçilərə müraciət etmişdir. Biz əfqan döyüşçüləri də bu müraciəti nəzərə alaraq, Azərbaycanda və xarici ölkələrdə xidmət edən tanıdığımız hərbçi dostlarımızın vətənə dönməsi üçün əlimizdən gələni etdik. Hətta könüllü Əfqanıstan döyüşçülərindən ibarət xüsusi batalyon yaradılaraq, döyüş bölgələrinə yollandı. Ermənistanla aparılan döyüşlərdə 1800 nəfər keçmiş Əfqanıstan döyüşçüsü iştirak edib. Onlardan 45 nəfəri şəhid olmuş, 50 nəfəri isə yaralanmışdır. Bunlardan 7 nəfəri isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycan Respublikasının silahlı qüvvələrində yüksək vəzifəli rütbələrdə xidmət edirlər."
S.Orucov Əfqanıstan döyüşçülərinə göstərilən yüksək qayğı və diqqət nəticəsində sosial vəziyyətlərinin yaxşılaşması ilə yanaşı, problemlərinin də olduğunu istisna etmədi: "Əfqanıstan döyüşçülərinin yeganə problemi ondan ibarətdir ki, Əfqanıstanda həlak olmuş 219 nəfər döyüşçünün ailəsi heç bir statusa malik deyil. Bu da onların ailələrini möhkəm sarsıdır. Biz bu problemin həlli üçün aidiyyatı orqanlara müraciət etmişik və bu istiqamətdə işləyirik."
Sonda S.Orucov onu da qeyd etdi ki, əgər dövlətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh sahəsində apardığı siyasət səmərə verməzsə, Ali Baş Komandanın əmrilə Əfqanıstan döyüşçüləri torpaqlarımızın azad edilməsində yenə öz köməklərini göstərmək üçün səfərbər olunacaqlar.

Digər xəbərlər