Ziyafət Əsgərov: "KİV haqqında qanun hər hansı şəxsin ictimai-siyasi fəaliyyətinə yox, şəxsi həyatı ilə bağlı məlumatların yayılmasına məhdudiyyət qoyur"
Milli Məclisin dünənki iclasında "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa, " Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Kütləvi İnformasiya Vasitələri" haqqında Azərbaycan Respublikasının Qanununa, "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanununa əlavə və dəyişiklilər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.
SİA-nın məlumatına görə, layihənin müzakirəsi zamanı çıxış edən Pənah Hüseynov qanunla bağlı etirazını bildirib. Onun sözlərinə görə, informasiya əldə etmək konstitusiyaya görə, təkcə jurnalistə deyil hər kəsə aiddir: " Belə çıxır ki, informasiya aldığı zaman jurnalistə təzyiq göstərən cinayətə cəlb olunacaq, amma adi insan informasiya əldə etmək istəyən zaman ona təzyiq edənə heç bir cəza verilməyəcək?"
Onun sözlərinə görə, burada insanlarında informasiya əldə etmək hüquqları qorunmalıdır.Layihə ilə bağlı çıxış edən İqbal Ağazadə də qanunla bağlı etirazını bildirib. Onun sözlərinə görə, qanun layihəsi söz, mətbuat azadlığını məhdudlaşdırır. O bildirib ki, layihədə yer alan "Kəşfiyyat və əks kəşfiyyat" haqqında qanunda Azərbaycan dövlətçilinin qorunması ilə bağlı heç nə yoxdur, bu layihə dövlətin vətəndaşlarına təhdiddir. "Buradan belə çıxır ki, deputat və bir sıra orqanlar və rəsmi şəxslər gizli saxlanacaq. Bundan sonra söz mətbuat azadlığı qorunur demək yanlış sözdür",- deyə o vurğulayıb.Parlamentin vitse-spikeri Ziyafət Əsgərov hər iki deputatın fikirlərinə etiraz edərək "Həm İqbal Ağazadə, həm də Pənah Hüseynov bu gün ən zəif çıxışlarını etdilər. Hər iki deputatın öz aralarında fikir ayrılığı var",- deyib.O bildirib ki, qanunda dövlət rəsmilərinin ictimai-siyasi fəaliyyətinə deyil, onun şəxsi toxunulmazlığı öz əksini tapıb: "Yəni burada hər hansı bir şəxsin şəxsi həyatı ilə bağlı məlumatların yayılmasına məhdudiyyət qoyulur. İctimai siyasi fəaliyyətinə dair heç bir məhdudiyyət nəzərdə tutulmur".