GUAM öz imkanlarını genişləndirə bilər
Bu günlərdə MDB məkanında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə GUAM-ın beynəlxalq bir təşkilat kimi fəaliyyəti də gündəmdə olan mövzulardandır. Bu qurumun fəaliyyətinin nəticələri və gələcək perspektivləri barədə müxtəlif fikirlər səsləndirilməkdədir.
Xüsusilə də, GUAM-ın fəaliyyətinin aktiv olmaması və onun fəaliyyət göstərməsinin də gərəksizliyi nəzərə çatdırılır. Belə fikirlər, nəinki GUAM-ın fəaliyyət göstərməsinin əleyhinə olan qüvvələr tərəfindən, həmçinin, quruma üzv olan ölkələrin ictimaiyyət nümayəndələri tərəfindən də səsləndirilməkdədir.
GUAM-ın fəaliyyəti barədə danışarkən, ilk növbədə, onun yarandığı tarix və indiyə kimi göstərdiyi fəaliyyətinə nəzər salmaq yerinə düşərdi. Qeyd edək ki, GUAM təşkilat kimi 1997-ci ildən fəaliyyət göstərir ki, buna da məhz quruma üzv olan dövlətlərin başçılarının görüşü zamanı nail olunmuşdur. Qurum əvvəlcə beş ölkədən ibarət olsa da, yaranmasından 4 il keçdikdən sonra, Özbəkistan GUAM-dan çıxıb. Buna baxmayaraq, GUAM-ın müxtəlif dövrlərdə, müxtəlif məsələlərlə bağlı nəzərə çarpan fəaliyyəti onun bir qurum kimi özünü təsdiqləməsinə kifayət etmişdir. Quruma üzv olan dövlətlərin keçmiş sovet dövlətləri olduğunu nəzərə alsaq, burada daha güclü birliyin olmasına maraq daha da artır.
Qurumun fəaliyyət göstərdiyi dövrdən bu günə kimi, 2006-cı ildə keçirilmiş Kiyev zirvə toplantısını qeyd etmək yerinə düşərdi ki, bu toplantıda da dövlət başçıları tərəfindən qurumun gələcək fəaliyyəti ilə bağlı, ekspertlərin də dediyi kimi, yeni bir dövr başlamışdır. Məhz bu görüşdən sonra təşkilatın qarşısında yeni və bütün sahələri əhatə edə biləcək vəzifələr qəbul olunmuş, qurum "Demokratiya və İqtisadi inkişaf naminə təşkilat - GUAM" kimi öz fəaliyyətini davam etdirməyə başlamışdır. Bunun nəticəsində GUAM-a üzv dövlətlərdə beynəlxalq təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv dövlətlər arasında iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığın gücləndirilməsi qərara alınmışdır. Bununla bağlı isə ötən dövr ərzində bir sıra layihələr həyata keçirilmiş və qurum beynəlxalq layihələrə qoşulmuşdur. Bundan başqa, GUAM-a 2007-ci ildə Azərbaycanın sədrlik etməsi ilə qurum öz fəaliyyətini daha da genişləndirmiş və beynəlxalq nüfuzlu təşkilatların əhəmiyyətli layihələrinə qoşulmuşdur. Hətta bir sıra ekspertlər qeyd edirlər ki, Azərbaycanın sədrliyi dövründə qurumun özünün ən yüksək səviyyəsinə qalxmasına şərait yaratdı.
Həmçinin, GUAM-a üzv dövlətlər arasında bu ölkələrdə mövcud olan münaqişələrin həll edilməsi üzrə əməkdaşlığı da önə çəkilmişdir ki, bu da hər üç dövləti narahat edən məsələlərdəndir. Yeri gəlmişkən, qeyd edək ki, bir müddət bundan öncə, GUAM-ın məhz bu münaqişələrlə bağlı sülhməramlı batalyonunun yaradılması barədə fikirlərin olduğunu da qeyd etmək yerinə düşərdi. Yeni yaradılacaq sülhməramlı batalyonun isə quruma üzv dövlətlərdə silahlı münaqişələr zamanı istifadə olunması nəzərdə tutulurdu. Qurumun baş katibi məsələyə münasibət bildirərkən isə, belə bir məsələnin hələ gündəmdə olmaması və onun yaranacığı təqdirdə, müzakirəyə çıxarılmasının mümükünlüyünü bildirib. Əslində, bu tipli sülhməramlı qüvvələrin yaradılması GUAM-ın təbii haqqı olsa da, onun belə bir təşəbbüslə çıxış etməsinin bəzi qüvvələrdə narahatlıq doğuracağı da istisna olunmur, hətta bu qüvvələrin dövlət səviyyəsində məsələyə etirazı da nəzərə alınır. Burada əsas maneə isə Rusiya dövləti sayıla bilər ki, bu dövlət də, nəinki GUAM-ın sülhməramlı qüvvələrinin yaradılmasını istəmir, hətta bu qurumun fəaliyyətindən də narahatdır.
GUAM-ın fəaliyyətinin zəif olması barədə fikirlər də bu günlərdə öz aktuallığı ilə seçilir. Hətta onun heç bir fəaliyyətlə məşğul olmadığı və mövcudluğunun da heç bir əhəmiyyəti qalmadığı fikrində olanlar var. Əslində, GUAM-ın fəaliyyətinin zəifliyinin səbəblərinə nəzər salmaq yerinə düşərdi. Bu gün GUAM-ın öz fəaliyyətin genişləndirməsi və daha fəal bir quruma çevrilməsinin qarşısında duran əsas maneə kimi, məhz Rusiya göstərilir ki, bunun da özünəməxsus səbəbləri var. Belə ki, Rusiya ilk növbədə, özünün keçmiş müstəmləkələri olan dövlətlərdə yenidən nüfuz sahibi olmağa çalışır. Bu mənada, onun bu dövlətlərin öz aralarında belə bir əməkdaşlıq qurması və inteqrasiya etməsinə göz yumması mümkün deyil. Bunun üçün Rusiya müxtəlif yollardan istifadə edərək Azərbaycan, Ukrayna və Moldovada nüfuzunu bərpa etməyə çalışır. Ekspertlərin də bildirdiyinə görə, bunun üçün Rusiya bu ölkələrdə mövcud olan ziddiyyətlərdən istifadə edərək, iğtişaşların yaranmasına şərait yaradır. Bununla yanaşı, Rusiya GUAM-a üzv dövlətlərdə münaqişə ocaqlarının olmasından yararlanaraq, onların diqqətinin məhz bu məsələlərə yönəltməklə, qurumun fəaliyyətini zəiflətmək istəyir. Bu günlərdə Ukrayna prezidentliyinə namizədlərdən olan Viktor Yanukoviçin də GUAM-ın fəaliyyətində maraqlı olmamasını bildirməsi ilə Ukraynanın GUAM-la fəaliyyətinin gələcək perspektivlərinə aydınlıq gətirmiş oldu. Belə ki, artıq seçkilərin ilkin nəticələrinə görə, yeni prezident seçilmiş V.Yanukoviç GUAM-la əməkdaşlığının yüksək qiymətləndirilməməsini bu qurumun artıq öz əhəmiyyətini itirməsi ilə əlaqələndirmişdir. Görünür, əvvəlcədən də bildirildiyi kimi, Rusiyanın yeni prezidentə təsiri artıq özünü göstərməkdədir.
Bütün bunlara baxmayaraq, GUAM-ın fəaliyyətinin genişlənməsinə ümidlər var. Bunu isə Rusiyanın gücünün zəifləməsi və GUAM-ın Avropa və ABŞ-la əlaqlərinin gücləndirilməsi ilə əlaqələndirirlər ki, məhz Qərbə inteqrasiya nəticəsində buna nail oluna bilər.