PDF Oxu

Sosial

  • 10

Qar ruzi-bərəkət, həm də sağlamlıqdır

Qar ruzi-bərəkət, həm də sağlamlıqdır
Avropada yağan güclü qarın bu qitənin yaşa yışını tamamilə iflic vəziyyətə qoyduğunu televiziyalardan seyr etmişik. Hətta Polşa, Türkiyə, Yunanıstan kimi dövlətlərdə qarlı-şaxtalı hava şəraiti insan tələfatına səbəb olmuşdur. Bundan başqa aeroportlarda sərnişin təyyarələrinin uçması qarlı hava şəraiti səbəbindən təxirə salınmış, avtomaşınların hərəkəti məhdudlaşmışdı. Avropada yağan qarın Azərbaycanda da yağmasını uşaqdan-böyüyə hər kəs arzulayırdı. Baxmayaraq ki, qarın əhalinin yaşayış tərzinə müəyyən qədər təsir göstərəcəyi elə əvvəlcədən gözlənilirdi. Çünki qaz, işıq, su, yolların qardan təmizlənməsi məsələlərində müəyyən çatışmazlıqlar olacağı düşünülürdü. Lakin qar "ruzi-bərəkət və sağlamlıqdır" prinsipi bütün çatışmazlıqları arxa plana çevirməyə əsas verir. Nəhayət, gözlənilən qar Bakıya da yağdı.
Fevral ayının 4-ü axşamdan başlayaraq, Bakıda və Abşeron yarımadasında güclü qar yağmağa başladı. Qarın yağmasına sevinən də, təbii ki, öncə uşaqlar oldu. Çünki qartopu oynamaq, şaxtababa düzəltmək uşaqların arzusunda olduqları danılmazdır. Doğurdan da, ayın 5 və 6-da səhər saatlarından böyüklər hündürmərtəbəli yaşayış binalarının pəncərələrindən qar yağmasını seyr edirdilərsə, uşaqlar həyətlərdə qartopu oynayıb, müxtəlif görünüşlü qar topaları düzəldirdilər. Hətta nəinki üşüməkdən qorxmur, həm də bundan zövq alırdılar. Gözlənilənlərin əksinə olaraq, Bakı şəhər sakinləri qarın yağması ilə kommunal problemlərlə bir o qədər də üzləşmədilər.
Yalnız elektrik enerjisinin verilməsində müəyyən fasilələr oldu ki, bu da bu Azərenerjinin qışa hazır olmadığından irəli gəlirdi. Bakının Nərimanov, Nizami, Xətai, Suraxanı, Əzizbəyov və Sabunçu rayonlarında elektrik enerjisinin təchizatında problemlər yarandı. Hətta bəzi rayonlarda bu problem günlərlə davam etdi. Digər rayonlarda isə elektrik enerjisinin verilməsində fasilələr qeydə alındı. Hətta bu etirafı Bakı Elektrik Şəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin özü də dilə gətirdi. Belə ki, T.Mustafayev "Səs" İnformasiya Agentliyinin əməkdaşının məsələyə aydınlıq gətirməsi üçün verdiyi suala cavab verib: "Bəli, problemlər var. Gedin işinizlə məşğul olun və nə yazırsınız yazın!" cavabını verərək, dəstəyi asdı.
Elektrik enerjisindən fərqli olaraq qaz, su sahəsində əhali, əsasən, problemlərlə üzləşmədi. Səbail, Suraxanı, eləcə də, bəzi rayonlarda su ayın 8-də verilməyə başladı. Yolların qardan təmizlənməsi operativ şəkildə həyata keçirilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin qartəmizləyən avtomaşınları, traktorları yolları qardan təmizləyirdilər.
Onu da qeyd edək ki, şəhər sakinləri ilə söhbət edərkən, bildirdilər ki, bu il qışa hazırlıq yüksək səviyyədə təşkil olunub. Onlar belə güclü qarın yağmasına baxmayaraq, uşaqların məktəbə rahat getməsini və iş yerlərinə gecikmədən, rahat şəkildə çatmalarını yüksək qiymətləndirərək, söylədilər ki, bu cür yüksək səviyyəli hazırlığa görə aidiyyatı qurumlara minnətdardırlar.
Qarşılaşdıqlarımız onu deməyə əsas verir ki, Bakı şəhərinə yağan güclü qar sakinləri heç də narahat etmədi. Əksinə, tam sevindirdi. Bu sevincin səbəblərindən biri də budur ki, Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) qışa hazırlıqla bağlı öncədən gördüyü tədbirlər nəticəsində qar yağdıqdan sonra belə şəhərimizin yollarında, qazın verilməsində heç bir problem olmadı.
Qeyd edək ki, şəhərimizə yağan güclü qar nəticəsində vətəndaşların narahat ola biləcəkləri mühüm məsələlərdən biri də yolların qardan təmizlənməsi idi ki, BŞİH də sakinlərin bu problemlə bağlı narahatçılıqlarını aradan qaldırıb. Buna görə də insanlar vaxtında, gecikmədən iş yerlərinə və digər getməli olduqları yerlərə problemsiz çatıblar. Şəhərimizdəki ictimai nəqliyyat vasitələri də öz fəaliyyətini dayandırmayıb. Yolların təmizliyi onların iş sistemini xeyli asanlaşdırıb.
Onu da bildirək ki, qışa hazırlıq məsələsi bu günlərdə həll edilməyib. Bu məsələ ilə bağlı Respublika rəhbərliyi əvvəlcədən tədbirlərə start verib. Belə ki, hələ sentyabr ayından BŞİH iclaslar keçirərək, qışa hazırlıqla bağlı tədbirlər planını hazırlamış, müzakirə etmiş və həyata keçirmək üçü n müvafiq qərarlar qəbul etmişdir.

Digər xəbərlər