Məlum olduğu kimi, yanvar ayının 30-31-də İslam Konfransı Təşkilatının Parlament Birliyinin Uqandada növbəti 6-cı sessiyası keçirilmişdir. Bu sessiyanın keçirilməsi, xüsusilə, Azərbaycan üçün yadda qalan oldu. Belə ki, İKT-nin Siyasi və İqtisadiyyat Komitəsinin sessiyadan 2 gün əvvəl keçirilən iclasında Azərbaycana aid iki sənəd qəbul olunmuşdur ki, bunlardan biri Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması, digəri isə İKT-nin işi və Xocalı soyqırımının bütün dünyada tanıdılması olub. Yanvarın 30-31-də isə bu qətnamələrin müzakirəsi baş tutub. 51 dövlətin iştirak etdiyi sessiyada " İslam Konfransı Gənclər Forumu və İKT Parlament Birliyi arasında əməkdaşlıq" haqqında qətnamə qəbul olunub.
Qeyd edək ki, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətələrarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2009-ci ilin fevralından etibarən "Xocalıya ədalət" kampaniyası həyata keçirilməyə başlayıb. Beynəlxalq səviyyəli bu kampaniya indiyə kimi özünə müxtəlif ölkələrdən 30-dan artıq könüllü cəlb etmişdir. Xocalı faciəsi haqqında qətnamənin qəbul olunması ideyası isə kampaniyanın ötən ilin noyabr ayında Bakıda keçirilən "Xocalıya ədalət" kampaniyasının milli koordinatorlarının görüşü zamanı irəli sürülüb. Bu il keçirilən Parlament Birliyinin iclasında isə Xocalı faciəsinə qiymət verilmiş və bu barədə qətnamə qəbul olunmuşdur. Qətnamədə Xocalı faciəsinə "Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı" və "insanlığı qarşı cinayət" kimi qiymət verilib. Qətnamədə, həmçinin, Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" kampaniyasına da dəstək nümayiş etdirilib.
İslam Konfransı Təşkilatı tərəfindən belə qətnamələrin qəbulu Azərbaycan üçün çox mühüm və əhəmiyyətli bir hadisədir. Bu qətnamələrin qəbulu ilə islam ölkələrini əhatə edən və onlar arasında ən böyük təşkilat sayılan İKT-nin Dağlıq Qarabağ münaqişəsinə və ermənilərin Azərbaycan torpaqlarının işğalına bilavasitə öz tutduğu mövqeyi nümayiş etdirdi. 51 islam dövlətinin parlament nümayəndələrinin bu məsələdə Xocalı faciəsinin soyqırımı kimi qəbul olunmasına təşəbbüsü göstərməsi onların ayrı-ayrılıqda dövlət kimi də bu məsələlərə münasibətini əks etdirir. Parlamentlərin nümayəndələri bu faciəni insanlığa qarşı cinayət kimi tanımağa və həm milli, həm də beynəlxalq səviyyədə "Xocalıya ədalət" kampaniyasına dəstək verməyə çağırıblar.
İKT səviyyəsində bu qatnamənin qəbulu Xocalı faciəsinin və Dağlıq Qarabağın diqqət mərkəzində saxlanılmasını nümayiş etdirməklə yanaşı, Azərbaycan nümayəndə heyətinin, xüsusilə, İslam Konfransı Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın göstərdiyi böyük təşəbbüs və gördükləri əməli işin bariz nümunəsidir. Onun Xocalı faciəsinin tanıdılması sahəsində gördüyü işlər "Xocalıya ədalət" kampaniyasının yaradılmasından indiyə kimi təkcə hansısa bir dövrü deyil, bütövlükdə, bir ili əhatə etməkdədir. 2009-cu ilin fevralında yaradılmış kampaniyanın indiyə kimi müxtəlif ölkələrdə Xocalı faciəsinin tanıdılması sahəsində tədbirlər keçirilmiş, bu sahədə nailiyyətlər əldə olunmuşdur.
Eyni zamanda, İKT-nin qəbul etdiyi bu qətnamə beynəlxalq səviyyədə Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi qəbul olunmuş ilk sənəddir. Burada isə dünyanın islam ölkələrinin parlamentləri təmsil olunur ki, bu da Xocalı faciəsinin dünya səviyyəsində tanınması üçün, heç şübhəsiz ki, böyük rol oynayacaq. Xüsusilə, Xocalı soyqırımının ildönümü ərəfəsində belə bir qətnamənin qəbulu onun tanıdılması üçün görülən kompleks işlərin tərkib hissəsi kimi qəbul oluna bilər.