“İşğalçı Ermənistan hələ də Rusiyanın forpostu olaraq qalmaqdadır”
Bir neçə gün öncə, Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüş keçirildi və növbəti dəfə Dağlıq Qarabağ problemi müzakirə edildi. Bu isə, onu göstərir ki, münaqişənin sülh yolu ilə həllinə hələ də ümidlər tükənməyib. Bundan əlavə, ölkəmiz və bütün türk-islam dünyası üçün sevindirici haldır ki, iki mötəbər Avropa təşkilatına türk mənşəli şəxslər rəhbərlik edirlər. Belə ki, türkiyəli millət vəkili Mövlud Çavuşoğlu AŞPA-nın prezidenti seçilib. Bundan əlavə, Qazaxıstanın xarici işlər naziri Kanad Saudabayev ATƏT-ə sədrlik edir. Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə nə kimi təsir edəcək? Bu və ya digər suallarla politoloq Qabil Hüseynliyə müraciət etdik.
- ATƏT-in də, Avropa Şurasının da öz prinsipləri, öz nizamnaməsi var və ona uyğun da işləyirlər. Amma AŞPA prezidentinin türk olması və ATƏT sədrinin Qazaxıstanın xarici işlər nazirinin olması bu prosesə müəyyən qədər yardım göstərəcəyini istisna etmirəm. Xüsusilə, M.Çavuşoğlunun AŞPA-nın prezidenti seçilməsini daha mühüm hesab edirəm. Çünki adıçəkilən şəxs Azərbaycana bir neçə dəfə səfər edib və onun ölkəmizlə dostluq münasibətləri mövcuddur. Həm də Dağlıq Qarabağ problemini daha dərindən bilir. Yəni, M.Çavuşoğlu öz gücü daxilində çalışacaq ki, əvvəlki kimi problemə ikili standartla yanaşmanın qarşısı alınsın və Dağlıq Qarabağ həqiqətləri olduğu kimi səsləndirilsin. ATƏT böyük qurumdur və adıçəkilən təşkilata supergüclər rəhbərlik edir. Bir məsələni də qeyd etmək istəyirəm ki, bu quruma rəhbərlik edən Qazaxıstan müəyyən qədər Rusiyanın təsiri altındadır. Düzdür, Qazaxıstanın Azərbaycanla yaxın və dostluq münasibətləri var. Amma hər halda, ATƏT-in keçici rəhbəri olan xarici işlər nazirlərinin rolunun çox da önəmli olmaması, bu məsələdə müəyyən ehtiyat yaradır. Yəni Qazaxıstanın xarici işlər naziri erməni təcaüzünü də ATƏT çərçivəsində qaldıra bilər. İşğala məruz qalan və bir milyondan çox azərbaycanlının qaçqın düşdüyü faktları da ATƏT-in gündəminə çıxarıla bilər. Ermənistanın təcavüzkar dövlət olduğunu və Azərbaycanın təcavüzə məruz qaldığını qurum çərçivəsində siyasi qiymət verilməsinə cəhd edə bilər. Bütövlükdə isə, M. Çavuşoğlunun AŞPA-ya rəhbərlik etməsi, sözsüz ki, Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir edəcək. Amma bu təşkilatların (AŞPA və ATƏT) işləmə mexanizminin, ikili standartlarla hərəkət edən avropalıların əlində olduğunu nəzərə olsaq, bunun nə dərəcədə effektli olacağını proqnozlaşdırmaq bir qədər çətindir. Amma hər iki hadisə, yəni türk mənşəli şəxslərin iki beynəlxalq quruma rəhbərlik etmələri müsbət hadisədir.
Biz Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən hər zaman nə isə müsbət nəticə gözləyirik. Bir məsələni də qeyd edim ki, erməni tərəf razı olmuşdu ki, "Madrid" prinsipləri əsasında, mərhələli həll prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonları qaytarsın. Yəni 5 rayonun qaytarılması məsələsi bu günə qədər gündəmdə idi. Orada üçmərhələli həll planı var. Birinci mərhələdə 5 rayon qaytarılır və Dağlıq Qarabağa keçici status verilir, ikinci mərhələdə bölgəyə sülhməramlı qüvvələr yeridilir və Ermənistanın işğalçı qoşunları ərazilərdən tamamı ilə çıxarılır. Sonuncu mərhələdə isə, daha iki rayonumuz geri qaytarılır. Bu mərhələ də Dağlıq Qarabağın statusu müzakirə edilir və bu da "Madrid" prinsiplərində yazıldığı kimi referendum yolu ilə həll edilir.
Rusiyanın Ermənistanı güzəştə gedəcəyi əlamətləri hələ görünmür. Birinci onu qeyd edim ki, RF-nin Ermənistanda hərbi bazaları mövcuddur. Onların ermənilərlə tarixi dostluq münasibətləri var. İşğalçı ölkə hələ də Rusiyanın forpostu olaraq qalmaqdadır.