“Aztelekom” İB-də şəhidlərin əziz xatirəsi anıldı
Dünən "Aztelekom" İstehsalat Birliyində 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr edilmiş anma tədbiri keçirildi. Tədbiri giriş sözü ilə "Aztelekom" İB-in baş direktoru Məhəmməd Məmmədov açaraq, 20 yanvar hadisələrinin acı nəticələrindən danışdı. Qeyd etdi ki, sovet hakimiyyəti bu cinayətkar əməli ilə Ermənistan separatçılarına dəstək vermiş, nəticədə Azərbaycana qarşı həyata keçirilən uzunmüddətli erməni təcavüzü baş vermişdi: "O zaman SSRİ-nin tərkibində olan başqa xalqlar da öz müstəqilliklərini əldə etmək üçün mübarizə aparır və daha güclü səylər göstərirdi.
Lakin SSRİ tərkibində heç bir yerdə Azərbaycandakı kimi güclü azadlıq mübarizəsi getmirdi. Azərbaycandakı azadlıq hərəkatı zülmə, haqsızlığa qarşı açıq mübarizə şəkli almışdı. Yüz minlərlə adam hazırkı Hökumət evinin qarşısında olan Azadlıq meydanını tərk etmir və durmadan öz haqlarını tələb edirdilər. Beləliklə, hamıya məlum idi ki, yurdumuzun, ana vətənimiz Azərbaycanın azad olacağı gün çox da uzaqda deyil. Həmin müddət ərzində sovet dövrünün rəhbərləri bununla heç cür razılaşmır və xalqımıza müqavimət göstərirdi. Çünki bu işğalçılar vətənimizə, yurdumuza "yağlı tikə" kimi baxır və nəyin bahasına olursa-olsun, əllərindən buraxmaq istəmirdilər. Azərbaycana müstəqillik verilməsi, digər ölkələrin də ayağa qalxmasına səbəb ola bilərdi. Bu isə SSRİ - nin dağılması və bütün respublikaların onu tərk etməsi olardı".
Bütün bu kimi hadisələrin sovet dövlət başçılarının narahatçılığına səbəb olduğunu bildirən M.Məmmədov vurğuladı ki, həmin dövrdə M.Qorbaçov başda olmaqla bütün idarəçilik sistemi Azərbaycanda cürbəcür təxribatlar həyata keçirirdilər: "Həmin dövrdə Azərbaycana rəhbərlik edən Ə.Vəzirov və onun əlaltıları xalqın istək və arzularına, tələblərinə əməl etmək istəmir, Moskvanın, Qorbaçovun buyruğu, irəli sürdüyü taktika ilə oturub-dururdu. Onlar öz mənafelərini Azərbaycanın mənafelərindən üstün tuturdu. Məhz bu istiqamətdə gedən hadisələr artıq xalqın səbir kasasını daşırırdı. Bakıda, müxtəlif rayonlarda ardıcıl gedən mitinqlərdə Ə.Vəzirovun hakimiyyətdən getməsini tələb edir və onu istefa verməyə çağırırdılar. Dövlət başçıları xalqla birləşmək əvəzinə, Moskvaya sədaqət göstərməkdə davam edir, öz canlarının, hakimiyyətlərinin itirilməməsi üçün minlərlə cavanı qurban verməyə hazır idilər".
M.Məmmədov 20 Yanvar hadisəsinə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə hüquqi-siyasi qiymət verildiyini bir daha diqqətə çatdırdı.
Həmkarlar ittifaqının sədri Bəylər Qurbanov çıxışında bildirdi ki, yanvarın 22-si şəhidlərin dəfn günü idi. Ölkəmizdə 3 günlük matəm elan olunmuşdu: "Şəhərdə yeni şayiələr gəzir və bu gün də qırğının olacağı haqqında məlumatlar verilirdi, lakin bütün bu fərziyyələrə baxmayaraq, matəmdə 2 milyon nəfərə yaxın adam iştirak etmişdi. Əhali matəm mərasiminin təşkil olunduğu Azadlıq meydanına gəlmiş silahlardan, tanklardan və zirehli texnikadan qorxmadığını göstərmişdi. Şəhidlərimizin izdihamlı dəfn mərasimi işğalçılara aydın surətdə göstərdi ki, onlar xalqımızın azadlıq uğurunda mübarizələrinin qarşısını ala bilməyəcək mərd oğullarımız yaşadıqca müstəqilliyimiz daha geniş tərzdə vüsət alacaqdır. Azərbaycan xalqı uğrunda canlarını qurban verən şəhidlərimizi unutmadı və xüsusi vəziyyətin elan edildiyi bir şəraitdə 40 gün matəm saxladı. Azərbaycan vətəndaşı olaraq, torpağının birliyi, vətəninin qorunması üçün əlindən gələni edən və bu yolda öz canlarından keçən bütün şəhidlərimiz qarşısında baş əyir, onlara Allahdan rəhmət diləyirəm".
Tədbirdə 20 Yanvar şəhidi "Aztelekom" İB-in Bakı Şəhərlərarası Telefon Qovşağının işçisi olmuş Sevda Salayevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.