Ombudsman Aparatının əməkdaşları beynəlxalq görüşündə iştirak edəcək
Məlum olduğu kimi, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər Baş direktorluğu və İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyasının birgə layihəsi üzrə Avropa Milli Preventiv Mexanizmlər Şəbəkəsi yaradılıbdır.
Ombudsman Aparatının mətbuat xidmətinin "Səs" qəzetinə verdiyi məlumatına görə, adıçəkilən layihənin məqsədi Avropada İşgəncələrə qarşı MPM-lərin işlək şəbəkəsinin fəaliyyətini genişləndirmək, həmçinin, BMT-nin İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsi və İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi ilə bu şəbəkə arasında əməkdaşlığı təkmilləşdirmək, vaxtaşırı müvafiq toplantılar keçirmək və əlaqələndirici şəxslər arasında fikir və təcrübə mübadiləsi təşkil etməkdən ibarətdir.
Qeyd edilməlidir ki, 2008-ci il dekabrın 2-də BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu və bu Protokolun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin 13 yanvar 2009-cu il tarixli Sərəncamı ilə milli preventiv mexanizmin funksiyalarını yerinə yetirən təsisat qismində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili müəyyən edildi.
MPM qismində müəyyən olunduqdan sonra müvəkkil bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulması işinin təkmilləşdirilməsinə də xüsusi önəm vermişdir. BMT-nin İşgəncələr Əleyhinə Komitəsinə, bu qurumun İşgəncələrin Qarşısının Alınması üzrə Alt Komitəsinə, İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinə, eləcə də, İşgəncələrin Qarşısının Alınması üzrə Assosiasiyaya məlumat verilərək, təklif və tövsiyələrin göndərilməsi xahiş olunubdur.
Verilən məlumata görə, ombudsman Elmira Süleymanova Avropa MPM-lər Şəbəkəsinin üzvüdür. 2009-cu ilin dekabr ayında isə Ombudsman Aparatının əməkdaşı Rəvan Səmədov həmin şəbəkə üzrə əlaqələndirici şəxs təyin olunub. Mətbuat xidmətinin məlumatına görə, yanvarın 27-28-də İtaliyanın Padua şəhərində işgəncələr əleyhinə Avropa MPM-ləri üzrə əlaqələndirici şəxslərin adıçəkilən layihə çərçivəsində ilk görüşü keçiriləcəkdir. Ombudsman Aparatının əməkdaşı bu beynəlxalq tədbirdə iştirak edəcəkdir.
Görüşün əsas məqsədi 2010-11-ci illərdə müvafiq sahədə əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsindən ibarətdir. İştirakçılar bu yeni layihənin iş planını, keçiriləcək tematik seminarların mövzularını müəyyənləşdirəcəklər. Görüşdə, həmçinin, MPM-lər üzrə əlaqələndirici şəxslər fikir və təcrübə mübadiləsi aparacaq, müzakirələr zamanı preventiv və şikayətlər əsasında aparılan monitorinqlər arasındakı əlaqələri və fərqli cəhətləri təhlil edəcəklər.