Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
Dünən Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Komissiyanın mətbuat xidmətindən bildiriblər ki, iclasda 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən ikisi əsassız olduğundan təmin edilməmiş, birinin araşdırılması müddəti uzadılmış, birinin isə aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul olunub. Digər müraciətlərin qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürüldüyündən ərizəçilərə geri göndərilməsi barədə qərar çıxarılıb. MSK-nın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Bakı ofisinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.