Ermənistan Milli Məclisinin üzvü, iqtisadçı Ara Nranyan 2010-cu ildə Ermənistanda kasıbların sayının kəskin surətdə artacağını söyləyib. Ermənistanın "panarmenian.net" saytının verdiyi məlumata görə, Ara Nranyan deyib ki, 2010-cu ilin büdcə layihəsində daxilolmaların səviyyəsində 1,2 faiz artım proqnozlaşdırılsa da, hökumətin həyata keçirdiyi iqtisadi siyasət gələn il əhalinin həyat səviyyəsini aşağı düşməsinə səbəb olacaq.
Deputat bildirib ki, hazırda orta təbəqə sayılan kəsim də gələn il yoxsulluq həddinə enəcək: "Sirr deyil ki, bizim vətəndaşların gəlirlərinin əhəmiyyətli qismini transfertlər təşkil edir. Bu transfertlər isə hazırda faktiki yoxdur. Hökumət də gəlirlərin azalmasını kompensasiya etmək üçün heç bir addım atmayıb. Bunun üçün maliyyə vəsaiti də, əslində, yoxdur. Əməkhaqqı və pensiyada artım olmayacaq, ölkə çətin ki, gələn il böhrandan əvvəlki səviyyəyə qayıda bilsin".
Azərbaycanda isə əks-mənzərədir. Ölkə bütün sahələrdə inkişaf edir. 2009-cu ildə Azərbaycanın dövlət büdcəsi 12 milyard manatdan çox olub ki, bu da Ermənistanın büdcəsindən 5 dəfə çoxdur. Azərbaycanın strateji valyuta ehtiyatları 20 milyarda çatıb.
Azərbaycanın qlobal maliyyə böhranı şəraitində belə, davamlı inkişafı ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttini uğurla davam etdirməsi nəticəsində mümkün olur. Məhz bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.
Bu günlərdə MDB Statistika Komitəsinin 10 ayın yekunları ilə bağlı açıqladığı hesabatda Azərbaycan MDB-də inkişaf tempinə görə 1-ci yerdə göstərilib. Ən çox geriləməyə məruz qalan ölkə isə yenə də Ermənistandır. Beynəlxalq maliyyə təşkilatlarının proqnozlarına görə, gələn il iqtisadi artım Azərbaycanda 10 faiz ətrafında olacaq. Ermənistan da isə 10-15 fazi geriləmə gözlənilir.
Ermənistan çıxılmaz duruma düşüb
Azərbaycan Respublikasının beynəlxalq mövqeləri möhkəmləndikcə, xüsusilə də, XİN başçılarının sonuncu Afina görüşündən sonra təcavüzkar Ermənistanda ictimai rəy isterika ab-havasına bürünüb. Hər halda, işğalçı ölkənin başında dayanan Sarkisyanın son açıqlamaları belə deməyə əsas verir.
Xarici xəbər agentliklərinin məlumatına əsasən, işğalçı ölkənin rəhbəri növbəti dəfə sərsəm fikirlər səsləndirib. Prezidentdən çox hakimiyyətdəki "Qarabağ klanının" başçısı rolunda çıxış edən Sarkisyan həyasızcasına bəyan edib ki, "Ermənistan Dağlıq Qarabağa əl uzadılmasına imkan verməyəcək".
Bundan başqa, o, iddia edib ki, Ermənistan münaqişənin "DQR" xalqının iradəsinə əsasən, həllinə tərəfdardır. Hakim Respublika Partiyasının qurultayında çıxış edən Serj Sarkisyan münaqişənin nizamlanmasının çətin proses olduğunu bildirib.
Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi bu cür bəyanatların rəsmi səviyyədə danışıqlar prosesinə mane olduğunu bildirib. Nazirliyin sözçüsü Elxan Poluxov jurnalistlərə açıqlamasında deyib ki, danışıqların bu məqamında belə bəyanatlar vermək yersizdir.
Ümumiyyətlə, Sarkisyanın bəyanatları Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edir və danışıqlar prosesinə ziddir. Əksər ekspertlərin, qeyd etdikləri kimi, bu sözlər, daha çox daxili auditoriyaya hesablanıb və erməni ictimaiyyətini sakitləşdirməyə istiqamətlənib.
Məsələ burasındadır ki, işğalçılıq siyasətinin Ermənistanı çıxılmaz bir duruma saldığını artıq hər kəs gözəl dərk edir. Artıq sadə erməni də Dağlıq Qarabağ siyasətinin bir avantüra olduğunu və Ermənistanı sonu qaranlıq görünən macəraya sürüklədiyini anlayır. Ermənilər, nəhayət, başa düşməyə başlayıblar ki, xarici güclərin dəstəyi hesabına işğal altında saxladıqları Azərbaycan torpaqlarını gez-tez boşaltmalı olacaqlar.
Təbii ki, bu prosesin sülh yolu ilə olması daha məqsədəuyğundur. Əks halda isə, Prezident İlham Əliyevin Azərbaycan və Ermənistanın dövlət başçılarının Münhen görüşü ərəfəsində bəyan etdiyi kimi, danışıqlara ümidimiz tükənəcək: "Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin, təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu, ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də.
Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək. Beynəlxalq hüquq normaları bu hüququmuzu tanıyır. Biz, sadəcə, istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun, müharibə olmasın. Amma əgər Ermənistan fikirləşirsə ki, biz bu danışıqlarda daim iştirak edəcəyik, çox yanlış yol tutmuş olur.
Biz o vaxta qədər danışıqlarda olacağıq ki, ümidimiz var, məsələ həll olunacaqdır. O vaxta qədər ki, hələ ümidimiz tükənməyib. Amma görsək ki, Ermənistan tərəf, sadəcə olaraq, vaxt uzadır və bu məsələni danışıqlar yolu ilə belə əbədiləşdirmək istəyir, o zaman danışıqlara son qoyulacaqdır".
Beləliklə, bu bəyanatın fonunda prezidentlərin Münhendə baş tutan növbəti görüşü Ermənistan daxilində növbəti gərginliyə səbəb olub. Məlumatlara əsasən, erməni müxalifəti Münhen görüşünü Ermənistan hakimiyyətinin məğlubiyyəti kimi dəyərləndirib.
Məsələn, "Daşnaksütyun" fraksiyasının yaydığı açıqlamada bildirilib ki, rəsmi Yerevan görüşün yekunlarına dair konkret məlumat verməməklə əsil həqiqəti üzə çıxarıb: "Görünür, Azərbaycan Prezidenti İlham Əliyevin görüşdən öncə çox sərt bəyanat verməsi Sarkisyanı qorxuya salıb. Halbuki Münhen görüşündə Ermənistan prezidentinin bu məsələni gündəmə gətirmək imkanı var idi. Amma Sarkisyan bunu etmədi".
"İrs" Partiyasının təmsilçisi Qevork Safaryanın qənaətinə görə, Ermənistan hökumətinin yürütdüyü siyasət Dağlıq Qarabağ münaqişəsinin dalana dirənməsilə nəticələnib. Onun sözlərinə görə, bu uğursuz siyasət nəticəsində Yerevanın təklif olunan kompromis variantlarla razılaşmaqdan başqa çarəsi qalmayıb.
Ermənistan Ümummilli Hərəkat Partiyasının üzvü David Şahnazaryan isə bildirib ki, rəsmi Yerevan gec-tez Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqedən geri çəkiləcək. Onun sözlərinə görə, zaman Ermənistanın xeyrinə işləmir. Çünki 1998-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatında güclü inkişaf getsə də, Ermənistan yerində saymaqla məşğuldur. Bunun məntiqi nəticəsi olaraq Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da öz mövqeyini xeyli gücləndirib.
Milli Həmrəylik Partiyasının lideri Aram Arutunyan da ölkəsinin acınacaqlı durumda olduğunu bəyan edib. O bildirib ki, Ermənistan üçün ən yaxşı vəziyyət münaqişə ilə bağlı status-kvonun saxlanılması ola bilər. Lakin danışıqların gedişi göstərir ki, vəziyyət dəyişəcək. Ona görə ki, danışıqlar prosesi əvvəlkindən xeyli fərqli gedir.
Göründüyü kimi, bir tərəfdən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün hər cür imkana malik olması, digər tərəfdən isə erməni müxalifətinin artan təzyiqləri Sarkisyan rejimini qaranlıq bir dalana dirəyib. Həmin dalandan çıxmaq üçün cəhdlər göstərən işğalçı rejim isə ötən hər gün ərzində məsuliyyətsiz bəyanatlarla özünü daha da çətinə salır.
Siyasi müşahidəçilərin ümumi qənaətinə görə, məhz Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü məsələsində tutduğu qətiyyətli mövqe ATƏT-in Minsk Qrupu həmsədrlərinin də Ermənistana müəyyən təzyiqlər yönəltməsi ilə nəticələnib. Beləliklə, istər regionda, istərsə də təcavüzkar Ermənistanın daxilində gedən proseslər tam əminliklə söyləməyə əsas verir ki, Azərbaycan diplomatiyasının hücumçu taktikası getdikcə öz səmərəsini verməkdədir və qarşıdakı aylarda ölkəmizin ədalətli mövqeyi beynəlxalq birlik tərəfindən daha böyük dəstək görəcəkdir.
Azərbaycan ordusu güclənir, Ermənistan ordusu çökür
Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu bildirib ki, bu il ordunun gücləndirilməsi ilə bağlı keçirilən təlimlər müdafiə naziri Səfər Əbiyevin şəxsi nəzarətində olub. Təlimlərin əksəriyyətində nazirin iştirak etdiyini bildirən qurum rəsmisi qeyd edib ki, təlimlər yüksək səviyyədə təşkil edilib.
Ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı müdafiə nazirliyinin planlaşdırıdığı tədbirlər uğurla həyata keçirilib. Həmin tədbirlərdən biri də bu yaxınlarda müdafiə nazirliyində keçirilən kollegiya iclası olub. İclasda ordunun döyüş qabiliyyətinin artırılması ilə bağlı görülən tədbirlərdən danışılıb və aidiyyəti şəxslərə bir sıra tapşırıqlar verilib.
Bu il, həmçinin, nazirliklə bir sıra ölkələr arasında hərbi əməkdaşlıq sahəsində sazişlər imzalanıb. Həmin sazişlərdən biri də bu yaxınlarda Çexiya Respublikası ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında imzalanan sənəddir. Xarici ölkələrdə əməkdaşlıq çərçivəsində artıq bəzi ölkələrin hərbçiləri Azərbaycanın hərbi məktəbində təhsil alır.
Eldar Sabiroğlu bildirib ki, bununla yanaşı, Azərbaycan hərbçilərinə də xarici ölkələrdə təhsil almaq təklifləri gəlib. Azərbaycanın NATO ilə əməkdaşlığı çərçivəsində də bir çox tədbirlərin həyata keçirildiyini deyən Eldar Sabiroğlu qeyd edib ki, bu təşkilatla müdafiə nazirliyinin əməkdaşlıq səviyyəsi yüksək səviyyədədir.
Hər il olduğu kimi, 2009-cu ildə də Azərbaycan hərbçiləri NATO ilə əməkdaşlıq çərçivəsində qurumun təşkil etdiyi tədbir və təlimlərldə, hərbi kurslarda seminarlarda iştirak edib. NATO ilə əməkdaşlıq çərçivəsində artıq Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması ilə bağlı tədbirlərə başlanıb.
Azərbaycanın 20 faiz ərazisinin işğal altında olduğunu bildirən Eldar Sabiroğlu deyib ki, torpaqların işğaldan azad edilməsi istiqamtində Azərbaycan dövləti bir sıra tədbirlər görüb. Lakin Ermənistan tərəfi müxtəlif bəhanələrlə danışıqları yubatmaq, məsələni uzatmaqla məşğuldur.
Azərbaycan Ordusunun hərb yolu ilə torpaqları işğaldan azad etməyə qadirdir və artıq ordu döyüşə tam hazır vəziyyətdədir. Lakin Azərbaycan tərəfi bütün beynəlxalq hüquq normalarına riayət edərək, problemin sülh yolu ilə həllinə çalışır. Bu prosesdə beynəlxalq təşkilatlar da Azərbaycanın xeyirinə çıxış edir.
Hazırda bütün beynəlxalq təşkilatlar işğalçı Ermənistanı işğal etdikləri Azərbaycan torpaqlarından geri çəkilməyə çağırır. Xarici təşkilatların məlumatına görə, hazırda Ermənistan ordusu səfalət içərisindədir. Büdcə xərcləri və hərbi xərcləri azaldığından Ermənistan hökuməti artıq bir neçə hərbi hissəni komplektləşdirə bilmir.