PDF Oxu

Sosial

  • 9

Xalqın istəyini tərənnüm edən partiya

Xalqın istəyini tərənnüm edən partiya
Dünən bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Səbail rayonunun Badamdar qəsəbəsində seçicilərlə keçirilən növbəti görüşdə çıxış edən YAP Səbail rayon təşkilatı sədrinin müavini Əhliman Qarayev dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlığın yüksək səviyyədə həyata keçirildiyini bildirdi: "Rayon sakinləri ilə keçirilən görüşlər seçkilərin yüksək fəallıq şəraitində keçəcəyini deməyə əsas verir. Builki bələdiyyə seçkilərində daha bir mühüm amil namizədlərin arasında qadınların və gənclərin sayının nəzərəçarpacaq dərəcədə çox olmasıdır. Çünki cəmiyyətin aparıcı qüvvəsi, yeniliklərin müəllifi olan gənclərin yerli özünüidarəetmə strukturlarına cəlb edilməsi yalnız uğurlarımıza hesablanmış bir addımdır. Qadınların da ictimaiyyətin problemlərinin həlli məsələlərində aktivləşməsi sevindiricidir".
Ə.Qarayev bələdiyyələrin sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən mühüm dövlət proqramlarının icrasında iştirak etməsini bu quruma verilən səlahiyyətlərdən irəli gəldiyinin vurğuladı: "Dövlət tərəfindən bələdiyyələr üçün müəyyən edilmiş səlahiyyətlər və onların əldə etdiyi yerli gəlirlər imkan verir ki, yerli özünüidarəetmə orqanları ən mühüm proqramları - məktəblərin tikintisi və bərpasını, təhsil və səhiyyə müəssisələrinin yeni avadanlıqlarla təmin olunmasını, mədəniyyət, turizm və idman komplekslərinin yaradılmasını və digər tədbirləri həyata keçirə bilsin. Bütün bu kompleks tədbirlərin həyata keçirilməsi üçün bələdiyyələrə böyük dəstək verən YAP-ın bu etimadını doğrultmaq üçün hər bir addıma məsuliyyətlə yanaşmaq lazımdır".
Tədbirdə çıxış edən Badamdar bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizəd Məmməd Məmmədov xalqımızın Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin inkişafındakı müstəsna rolunu daim qiymətləndirdiyini önə çəkdi. M.Məmmədov 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyə sisteminin inkişaf yolunda olduğunu söylədi.
YAP-ın bələdiyyə seçkilərinə namizədi Rauf Mayılov çıxış edərək yerli bələdiyyələrin yarandığı gündən bu vaxta qədərki fəaliyyətinə toxundu. O, söylədi ki, bu gün bələdiyyələr işlərini sırf yerli əhalinin problemlərinin həllinə yönəldib: "Bu gün bizim qarşımızda aydın fəaliyyət proqramı var. Həmin proqramı reallaşdırmaq üçün YAP seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Bələdiyyələrin bütün fəaliyyəti bu şüarın gerçəkləşməsi istiqamətində qurulacaq. Çünki YAP öz namizədlərinin üzərinə çox böyük məsuliyyət qoyub və bu məsuliyyət seçkilərdən sonrakı beşillik fəaliyyət zamanı bir an olsun belə unudulmamalıdır".
Təbliğat-təşviqat kampaniyası çərçivəsində partiya namizədliyi irəli sürülən, hal-hazırda Səbail rayon Badamdar qəsəbə bələdiyyəsinin sədr müavini Ramiq Mustafa, eləcə də, digər namizədləri Fəxriyyə Həsənova, Akif Heydərov, Həbib Əsədov, Sübhan Məmmədov, Hikmət İbrahimov və başqaları çıxış edərək söylədilər ki, bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar.
Seçici 236 saylı məktəbin direktoru Xanlar İmaməliyev YAP-ın bu seçkilərdə gənclərə və qadınlara daha çox yer verməsinin seçicilər tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Həmçinin, yeni seçiləcək bələdiyyə üzvlərinə bir çox təklifini də verdi.
YAP Səbail rayon təşkilatının idarə heyətinin üzvü Hacan Hacıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatıldığını və bu rəqəmin böyük göstərici olduğunu söyləyib: "Bu, bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdiriblər. İnanıram ki, Yeni Azərbaycan Partiyası, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək seçkilərdə də inamlı qələbə qazanacaq və formalaşan Azərbaycan bələdiyyələri, Yeni Azərbaycan Partiyasının şüarında qeyd olunduğu kimi, var gücü ilə xalqına xidmət göstərəcək".
Seçicilər isə, öz növbəsində, budəfəki bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildirdilər.

Digər xəbərlər