YAP qələbələr, uğurlar partiyasıdır
Dünən Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun mədəniyyət evində seçicilərlə növbəti görüş keçirdi.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Prezident İlham Əliyevin son altı ildə apardığı çoxşaxəli, ölkənin inkişafına xidmət edən siyasəti sayəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini qeyd etdi. Onun sözlərinə görə, bu inkişafdan Xızı rayonuna da böyük pay düşüb: "Bu gün Azərbaycan həqiqətən böyük inkişaf dövrünü yaşayır. Ölkə vətəndaşları bu yenilikləri öz həyatlarında hiss edirlər. Regionların inkişafı bu tempi daha da sürətləndirir. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr də ölkəmizin ictimai, sosial-iqtisadi həyatında mühüm rola malikdir".
F.Haqverdiyev Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatının bütün bələdiyyələr üzrə namizədlər irəli sürdüyünü vurğuladı: "Bu namizədlərin böyük bir hissəsini isə qadınlar və gənclər təşkil edir. İnanıram ki, bütün Xızı seçiciləri ölkəmizin inkişafını hər şeydən üstün tutaraq, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. Həmçinin, namizədlər də əhali ilə keçirilən toplantılarda seçicilərin etimadını doğrultmaq üçün müəyyən işlər aparmalıdır ki, xalq sizə inansın. Onsuz da, biz işlərimizi bu istiqamətdə quracağıq. Amma sizin özünüz də müəyyən addımlar atmalısınız".
Görüşdə Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxış edərək, son illərdə istər kənd təsərrüfatının, istərsə də sənayenin inkişafındakı yüksəlişdən danışdı. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş "Regionların sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramının icrası dövründə rayonlarda bütün sahələrin inkişafı ilə bağlı böyük işlərin görüldüyünü qeyd etdi: "Atılan addımlar, görülən tədbirlər vətəndaşlarımızın varlanması ilə yanaşı, ölkəmizin də ərzaq tələbatının daxili imkanlar hesabına ödənilməsinə yol açır. Bütün bunlar ölkəmizin inkişafının təminatçısı olan Ümummilli Lider Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsindən irəli gəlir. Mən inanıram ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalqımız Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
Səlahiyyətli nümayəndə bütün sahələrin paralel inkişaf etdirilməsi sayəsində ölkəmizin böyük nailiyyətlər əldə etdiyini söylədi: "1995-ci ildə qəbul olunan Konstitusiyamızda yerli özünüidarə sistemi olan bələdiyyələrin yaradılması üçün hüquqi bazanın təməli qoyuldu. Ümummilli Lider Heydər PƏliyev hər zaman demokratik təsisatların Azərbaycanda inkişafı üçün şərait yaradıb. Mən əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər".
YAP-ın bələdiyyə seçkiləri üzrə səlahiyyətli nümayəndəsi, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında Yeni Azərbaycan Partiyasının, hər bir seçkidə olduğu kimi, bu il keçiriləcək bələdiyyə seçkilərinə də çox ciddi və məsuliyyətlə hazırlaşdığını vurğuladı. Səlahiyyətli nümayəndə partiya və onun yerli təşkilatları tərəfindən bələdiyyə üzvlüyünə ən layiqli namizədlərin irəli sürüldüyünü və irəli sürülən namizədlərin seçkilərdə qələbə qazanacaqları təqdirdə, əhaliyə layiqli xidmət göstərəcəklərinə inandığını bildirdi: "YAP bələdiyyə seçkiləri ilə bağlı seçki proqramı qəbul edib və seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Həmin proqramda bələdiyyələrin və üzvlərinin vəzifələri, əhaliyə keyfiyyətli xidmətin göstərilməsi imkanları əks olunub. Bu fakt partiyanın bələdiyyələrin işinə, əhali qarşısındakı məsuliyyətinə verdiyi önəmin ifadəsi kimi də qəbul oluna bilər. Ən başlıcası isə nüfuzlu və qüdrətli partiya olan Yeni Azərbaycan Partiyasının xalq tərəfindən yekdilliklə dəstəklənməsi, ona etibar etməsidir. Buna görə də, tam əminliklə demək olar ki, bütün Xızı seçiciləri, əvvəlki seçkilərdə olduğu kimi, 23 dekabr bələdiyyə seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək və partiyanın qələbəsini təmin edəcəklər".
Tədbirdə çıxış edən namizədlərdən Möhsün Bağırov, Bəhiyyə Nuriyeva, Əli Məmmədov və başqaları YAP tərəfindən onlara böyük etimad göstərildiyini söylədilər və üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirdilər. Namizədlər əmin etdilər ki, seçiləcəkləri təqdirdə, bütün qüvvələri ilə onlara göstərilən etimadı doğrultmağa çalışacaqlar. Seçicilər də YAP-ın müdafiə etdiyi siyasi kursu əməlləri ilə dəstəklədiklərini, bundan sonra partiyanın bütün tədbirlərində fəal iştirak edəcəklərini, qarşıdan gələn bələdiyyə seçkilərində isə hakim partiyanın namizədlərinə səs verəcəklərini bildirdilər.
Sonda seçicilərin çoxsaylı sualları cavablandırıldı.