Dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatı rayonun 1-ci və 2-ci Şıxlı, Yuxarı Salahlı və Çaylı kəndlərində seçicilərlə görüşlər keçirdi. Görüşdə YAP Qazax rayon təşkilatının fəallarından ibarət təbliğat qruplarının üzvləri, Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyələrə namizədlikləri irəli sürülmüş və namizədlikləri qeydə alınmış partiya üzvləri iştirak etdi.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov ölkəmizdə formalaşmış mükəmməl seçki ənənələrinin özünün bütün parametrləri ilə demokratik dəyərlərlə tam uyğunluq təşkil etdiyini bildirdi. H.Pənahov ölkədə bələdiyyə seçkilərinin azad, şəffaf və demokratik keçirilməsi üçün Yeni Azərbaycan Partiyasının lazım olan bütün tədbirləri gördüyünü söylədi. Təşkilatın sədri rayonun ərazisində fəaliyyət göstərən dairə seçki məntqələrinin işinin müasir tələblərə uyğun qurulduğunu qeyd edərək, qarşıda duran vəzifələrin icrası istiqamətində zəruri nəticələrin əldə edildiyini söylədi: "Rayon ərazisində bələdiyyə seçkilərinin də, əvvəlki seçkilərdə olduğu kimi, tam şəffaf və demokratik dəyərlərə uyğun formada keçirilməsi üçün seçki qərargahı yaradılmış və hər bir üzvə müəyyən işlər tapşırılmışdır. Eyni zamanda, seçki siyahıları da diqqət mərkəzində qalmaqdadır. Çünki seçkidə siyahıların tərtib edilməsi vacib şərtdir. Qeyd edim ki, rayonumuzun 53 min seçicisi 107 saylı Qazax, 106 saylı Tovuz-Qazax-Ağstafa Dairə Seçki Komissiyalarının 36 məntəqəsində, müvafiq olaraq, 47 və 165 bələdiyyə üzvünün seçilməsində iştirak edəcək. İnanıram ki, əvvəlki seçkilərdə fəallıq nümayiş etdirən seçicilərimiz bu seçkini də Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa vuracaqlar".
H.Pənahov onu da bildirdi ki, YAP hər zaman xalqa xidmət prinsipini prioritet kimi seçki proqramlarında əsas götürüb: "Xalqa xidmət naminə" şüarı ilə bələdiyyə seçkilərində iştirak edən YAP, seçicilərin dəstəyilə qarşısına qoyduğu hədəflərə çatacaq. Bu gün bələdiyyə seçkilərində namizədliyi irəli sürülən Yeni Azərbaycan Partiyası üzvləri də, məhz bu siyasətin daha böyük uğurlarla nəticələnməsinə çalışacaq. Mən inanıram ki, dövlətçiliyə sədaqətli olan rayonun seçiciləri, hər zaman olduğu kimi, bu dəfə də doğru seçim edəcəklər".
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülən Vəli Kosayev kənd və qəsəbələrdə görülən işlərlə bağlı ətraflı məlumat verdi. Həmçinin, Yeni Azərbaycan Partiyasının budəfəki bələdiyyə seçkilərində gənclərə və qadınlara böyük diqqət ayırdığını və bunun dövlətin gənclərə, qadınlara olan etimadının göstəricisi kimi qiymətləndirdi. V.Kosayev bildirdi ki, partiyamız tərəfindən irəli sürülən namizədlərin seçicilərin göstərdiyi etimadı səmərəli fəaliyyətləri ilə doğruldacaqlarına əmin olduğunu söylədi.
Görüşdə çıxış edən İmanverdi Məmmədov bildirdi ki, rayonun seçiciləri ölkəmizin inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi yolunda həyata keçirilən islahatları dəstəkləyib, YAP-ın fəaliyyətinə öz sədaqət və sevgiləri ilə cavab veriblər: "Bu seçkilər isə bizim üçün daha bir sınaq olacaq və bu sınaqdan uğurla çıxacağıq. Əminəm ki, bütün seçkilərdə olduğu kimi, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də Qazax rayon seçiciləri bir nəfər kimi, YAP-ın namizədlərinə səs verəcəklər".
YAP-ın bələdiyyə seçkilərinə namizədi Anar Qocayev isə yerli bələdiyyələrin yarandığı gündən bu vaxta qədərki fəaliyyətinə toxundu. O, söylədi ki, Azərbaycanda fəaliyyət göstərən 10 bələdiyyə bu gün, az müddət ərzində, müəyyən təcrübəyə nail olublar: "Bu gün artıq bizim qarşımızda aydın fəaliyyət proqramı var. Həmin proqramı reallaşdırmaq üçün YAP seçkilərə "Xalqa xidmət naminə" şüarı ilə gedir. Bələdiyyələrin bütün fəaliyyəti bu şüarın gerçəkləşməsi istiqamətində qurulacaq. YAP öz namizədlərinin üzərinə çox böyük məsuliyyət qoyub və bu məsuliyyət seçkilərdən sonrakı beşillik fəaliyyət zamanı bir an olsun belə unudulmamalıdır. İnanırıq ki, partiyamız tərəfindən irəli sürülən namizədlərimiz seçicilərin etimadlarını öz uğurlu işləri ilə doğruldacaqlar. Ona görə də, seçicilərimizi dekabrın 23-də məntəqələrə gedərək, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərimizə səs verməyə çağırıram".
Görüşün sonunda seçiciləri maraqlandıran suallara cavab verildi.