Seçkilərin favoriti Yeni Azərbaycan Partiyasıdır
YAP Gədəbəy rayon təşkilatı Gədəbəy rayon mədəniyyət evində dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirdi.
Tədbirdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən danışaraq, vurğuladı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən səmərəli şəkildə davam etdirilməsi Azərbaycanı güclü bir dövlətə çevirib: "Uğurlarımızın əsasında xalq-iqtidar birliyi dayanır. Regionların inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları bölgələrin inkişafına yol açıb. Məhz görülən işlər, aparılan islahatlar Azərbaycan xalqının hakimiyyətə, Yeni Azərbaycan Partiyasına inamının daha da möhkəmlənməsinə səbəb olub. Təbii ki, bu inkişaf özünü Gədəbəy rayonunda əyani şəkildə göstərir".
Bələdiyyə seçkilərilə bağlı ümumi məlumat verən R.Muradov bələdiyyələrin Azərbaycanda gənc özünüidarəetmə strukturu olduğunu söylədi: "Ötən müddət ərzində bələdiyyələrin fəaliyyətində müəyyən nailiyyətlər əldə olunub. Lakin buna baxmayaraq, az müddət ərzində bələdiyyələrlə bağlı qanunvericilik bazası gücləndirilib, strukturların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün bir sıra vacib qanunlar qəbul edilib".
YAP rayon təşkilatının sədri onu da bildirdi ki, 57954 seçici 103 saylı Gədəbəy və 104 saylı Gədəbəy-Tovuz seçki dairələri üzrə 61 məntəqədə səs verəcəklər: "31 yeni bələdiyyə üzrə keçiriləcək bələdiyyə seçkilərinə rayon üzrə 512 nəfər namizəd irəli sürülübdür ki, onların 509 nəfəri qeydiyyatdan keçibdir. Qeydiyyatdan keçmiş namizədlərin 285 nəfəri partiya tərəfindən irəli sürülüb".
Görüşdə YAP Gədəbəy rayon təşkilatının aparat rəhbəri Namiq Rüstəmov bildirdi ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçərək, bu gün cəmiyyətin ən aparıcı qüvvəsinə çevrilmişdir. Partiyamızın böyük nüfuza malik olması onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.
N.Rüstəmov çıxışı zamanı qeyd etdi ki, ölkəmizdə keçirilən üçüncü bələdiyyə seçkisi əvvəlki seçkilərdən fərqli keçəcək: "Dövlətimizin siyasətinə uyğun olaraq, bu seçkilərdə fəal və intellektual səviyyəyə malik olan gənclərin və qadınların namizədliyinə daha çox üstünlük verilib. Belə ki, YAP tərəfindən irəli sürülmüş namizədlərin 128 nəfərini, yəni 44,5 faizini qadınlar, 88 nəfərini isə, yəni 31 faizini gənclər təşkil edir. Əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da YAP fəalları öz namizədlərinin qələbəsi üçün səylərini əsirgəməyəcəklər. Elə partiyamızın "Xalqa xidmət naminə" seçki proqramının da əsas məqsədi bugünkü inkişafı sürətləndirmək, xalqın maddi rifahını daha yüksək səviyyəyə çatdırmaq və xalqa daha sədaqətlə xidmət göstərməkdir. Ona görə də, partiyamız tərəfindən bələdiyyələrə irəli sürülən namizədlərimizin dəyərli vətəndaşlarımız tərəfindən dəstəklənəcəklərinə inanırıq".
Bələdiyyə üzvlüyünə namizəd Nəzakət Hüseynova bələdiyyələrin tarixindən bəhs edərək, bildirdi ki, yerli özünüidarəetmə orqanlarının Azərbaycanda 10 il fəaliyyət göstərməsinə baxmayaraq, artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır: "Xalqımız hər bir seçkidə Yeni Azərbaycan Partiyasına olan inamını öz səsləri ilə bir daha nümayiş etdirir. Mən əminəm ki, xalqımız, o cümlədən, gədəbəylilər Ümummilli Lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcək."
YAP Gədəbəy rayon təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə irəli sürdüyü namizəd Zirəddin Səfərov bildirdi ki, əgər seçicilər məni seçərlərsə, o zaman yerli əhali ilə daha sıx münasibətlər quracaq, yarana biləcək problemlərin aradan qaldırılmasına daha böyük səy göstərəcəyəm: "Çünki bələdiyyələrin ictimaiyyətlə birgə fəaliyyətləri təmin olunmalı, insanların təklif və arzuları daim nəzərə alınmalı, ərazilərdə abadlıq və yenidənqurma işlərinin aparılması əsas vəzifə kimi qarşıda durmalıdır. Deyilənləri yerinə yetirmək hər bir yeni seçiləcək bələdiyyə üzvünün vəzifəsidir. İnanıram ki, bu seçkilərdə də rayonumuzun seçiciləri Azərbaycanda xalqın etimadını, sevgisini qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklər".
Görüşdə bələdiyyə üzvülüyünə namizədlərin sualları və təklifləri səsləndi və seçiciləri maraqlandıran məsələlərə aydınlıq gətirildi.