PDF Oxu

Sosial

  • 8

Uşaq hüquqlarının qorunması beynəlxalq səviyyəli problem kimi diqqətdədir

Uşaq hüquqlarının qorunması beynəlxalq səviyyəli problem kimi diqqətdədir
Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Uşaq ili" çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verdi. H.Hüseynova bildirdi ki, sona çatmaqda olan 2009-cu il Azərbaycanda ardıcıl inkişaf prosesinin uğurla davam etməsi ilə xarakterizə olunur.
Bütün dünyada gedən qlobal iqtisadi böhran fonunda ölkəmizdə müsbət inkişaf dinamikasının qorunub saxlanılması Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Əldə edilən yüksək iqtisadi göstəricilər sosial problemlərin həllinə yönəlmiş Dövlət Proqramlarının reallaşdırılması istiqamətində məqsədyönlü addımların atılmasını təmin edir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycanda elan olunmuş "Uşaq ili" çərçivəsində nəzərdə tutulan tədbirlər proqramı uğurla icra olunur. Bu tədbirlər proqramı bir sıra dövlət strukturlarının birgə fəaliyyətini, bu prosesə qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların cəlb olunmasını nəzərdə tutur.
H.Hüseynova qeyd etdi ki, Azərbaycanda uşaq problemlərinin həlli yalnız "Uşaq ili"nin çərçivələri ilə məhdudlaşmır, uzunmüddətli dövlət strategiyasının prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti cəmiyyətin mühüm hissəsinin hərtərəfli inkişafının təmin edilməsinə yönəlmişdir. Bu kursun davamı olaraq müasir dövrdə ölkəmizdə həyata keçirilən dövlət siyasətində uşaq problemlərinin həllinə xüsusi önəm verilir. Uşaqlar cəmiyyətimizin gələcəyidir. Bu baxımdan Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə böyük diqqət göstərdiyini xüsusi qeyd etməliyik. Mehriban xanımın təşəbbüsü ilə uşaqların hərtərəfli inkişafi istiqamətində görülən tədbirlər - məktəblərin yenidən qurulması və inşası, sağlamlıq və tərbiyə müəssisələrinin bərpası, əlil uşaqlara həssas münasibət bütün cəmiyyəti, hər bir dövlət qurumunu vahid ideya ətrafında birləşdirir.
H.Hüseynova onu da bildirdi ki, hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq Dövlət Proqramı həyata keçirilir. Müxtəlif dövlət strukturlarının cəlb olunduğu bu proqramlarda Komitə də fəal iştirak edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi respublikada ailə, qadın və uşaq problemləri sahəsində dövlət siyasətini həyata keçirən, bu sahələrdə inkişafı təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. İnsan hüquq və azadlıqlarının qorunması, onların pozulmasının qarşısının alınması, respublikamızın tərəfdar çıxdığı aidiyyəti sahələr üzrə beynəlxalq müqavilələrin həyata keçirilməsini təmin etmək Komitənin vəzifələrinə daxildir.
"Bizim məqsədimiz bu yardım mərkəzlərinin potensialından daha səmərəli istifadə edilməsinə nail olmaqdır. Gələcəkdə həmin şəbəkə dövlətin balansına kecirilməklə həssas təbəqədən olan ailələrə dövlət dəstəyinin genişləndirilməsi mümkündür" söyləyən H.Hüseynova qeyd etdi ki, Komitə tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların, onların valideynlərinin, aztəminatlı ailələrdən, sağlamlıq imkanları məhdud, dövlət himayəsində olan və uşaq tərbiyə müəssisəsində islah olunan uşaqların məşğulluğunun təmin edilməsi məqsədilə Bakı Baş Məşğulluq İdarəsi ilə birgə kurslar təşkil olunmuş və hazırda bu iş regionları da əhatə etməklə davam etdirilir. "Uşaq ili" çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Komitənin birgə Tədbirlər Planına əsasən Uşaq Tərbiyə Müəssisəsində Milli Kitabxananın əməkdaşları ilə görüşlər təşkil olunmuş, müəssisənin kitabxanası zənginləşdirilmişdir. Bundan başqa, Uşaq Tərbiyə Müəssisəsində təhsilin və peşə hazırlığının təkmilləşdirilməsi və bu müəssisədə cəza çəkən uşaqların cəmiyyətə inteqrasiyasının səmərəliləşdirilməsi istiqamətində tədbirlər keçirilmiş və kompyuter kursu açılmışdır.
H.Hüseynova bildirdi ki, Komitənin fəaliyyətinin başlıca istiqamətlərindən birini əhalini narahat edən məsələlərin öyrənilməsi, vətəndaşların müraciətlərinə baxılması təşkil edir. Komitəyə daxil olan bütün müraciətlər sosial araşdırmalar bölümündə ümumiləşdirilərək təhlil olunur. Əldə edilən nəticələr əsasında işləyib hazırlanan təklif və tövsiyələrdən dövlət proqramlarının, digər normativ aktların hazırlanması və təkmilləşdirilməsində geniş istifadə olunur. Ailə problemlərinin həlli Komitənin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə Komitə tərəfindən 2009-cu ilin müvafıq dövrü ərzində bir sıra tədbirlər həyata keçirilib. Azərbaycanda ailə dəyərlərinin nüfuzunun yüksəldilməsi, kinematoqrafıyanın imkanlarından istifadə etməklə ailənin ictimai mövqeyinin möhkəmlənməsi və maarifləndirmə işlərinin aparılması üçün videomateriallardan ibarət fondun yaradılması məqsədilə 2009-cu il martın 10-dan mayın 12-dək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun dəstəyi ilə "Azərbaycan ailəsi" qısametrajlı filmlər Festivalı keçirilib. Festival ərzində təşkilat komitəsinə 26 bədii və sənədli fılm təqdim olunub.
Komitə sədri diqqəti qarşıdan gələn bələdiyyə seçkilərində qadınların iştirakının artırılması istiqamətində atılan addımlara yönəltdi. Bildirdi ki, bu məqsədlə Komitə respublikanın bütün bölgələrində qadınlar arasında maarifləndirmə kampaniyası keçirib. Görülmüş işlər nəticəsində bələdiyyə seçkilərində iştirak edən qadın namizədlərinin sayının 3 faizdən 31 faizədək artırılmasına nail olunub. Bu çox böyük irəliləyişdir. Gələn il parlament seçkiləri ərəfəsində də bu istiqamətdə əməli tədbirlərin davam etdirilməsi nəzərdə tutulur. Məqsəd idarəetmə stmkturlarında qadınların say nisbətinin artırılması ilə yanaşı, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsinə nail olmaqdır.
H.Hüseynova söylədi ki, il ərzində məişət zorakılığı probleminin həlli istiqamətində də bir sıra işlər görülmüşdür. Bu baxımdan "Məişət zorakılığına qarşı mübarizə haqqında" Qanun layihəsinin yenidən gündəmə gətirilmasi xüsusilə vacibdir: "Ümidvarıq ki, artıq parlamentdə dinləmələrdən keçmiş bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə məişət zorakılığı probleminin həlli üzrə səmərəli hüquqi mexanizmin tətbiqinə imkan verəcək."
Mətbuat konfransında komitənin beynəlxalq əməkdaşlığından da geniş bəhs olundu. Bildirildi ki, 2009-cu il yaddaqalan oldu. Komitənin nümayəndə heyəti Avropa Şurasının Ailə məsələlərinə məsul Nazirlərinin 29-cu konfransında, BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasının 53-cü sessiyasında və bir sıra digər mühüm beynəlxalq tədbirlərdə iştirak etmişdir. Müxtəlif ölkələrlə qarşılıqlı faydalı təcrübə mübadiləsi həyata keçirilir. Eyni zamanda Komitə ölkədə əldə olunan uğurların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərir. Bu baxımdan, YUNESKO-nun Mərkəzi Qərargahında keçirilmiş "Azərbaycan qadını: dünən, bu gün, sabah" konfransı xüsusi qeyd olunmalıdır. Həmin tədbir qadınlarımızın müasir beynəlxalq qadın hərəkatındakı mövqeyini nümayiş etdirir.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri H.Hüseynova media nümayəndələrini maraqlandıran sualları cavablandırdı.

Digər xəbərlər