PDF Oxu

Sosial

  • 11

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib

Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısı keçirilib
Noyabrın 21-22-də Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Azərbaycanlıları Konqresi (AAK) və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının (ATDTKŞ) birgə toplantısı başa çatıb. Toplantıda Milli Məclis sədrinin müavini Bahar Muradova, Prezident Administrasiyası ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov, millət vəkilləri Sabir Rüstəmxanlı və Fazil Müstafa, Türkiyə TBMM-nin bir neçə üzvü, alimlər, ziyalılar, həmçinin Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının üzvləri, digər qonaqlar iştirak ediblər.
Toplantını açan AAK-nin prezidenti Başar Kömür bildirib ki, Türkiyə ilə Ermənistan arasında bu il oktyabrın 10-da imzalanan protokollar dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını və türkü narahat etməkdədir. Onun sözlərinə görə, Azərbaycan ərazilərinin 20 faizinin işğal altında qalmaqda davam etdiyi, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün kimi yaşadığı bir vaxtda bu məsələnin gündəmə çıxması təbii ki, bizi narahat etməyə bilməz. B.Kömür əlavə edib ki, Ermənistan diasporu və lobbisi uzun illərdir Türkiyə ilə sərhədlərin açılmasına nail olmaq üçün nüfuzlu dövlətlərin və beynəlxalq təşkilatların rəsmi Ankaraya təzyiq göstərməsinə çalışır.
Daha sonra çıxış edən DİDK-nin sədri Nazim İbrahimov bu ilin aprel ayında AAK-ın Frankfur şəhərində keçirilən III qurultayında qəbul edilən Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı yayılan məlumatların Avropada yaşayan azərbaycanlıları ciddi şəkildə narahat etməsinə dair bəyanatı xatırladıb. O bildirib ki, həmin tədbirdə diaspor təşkilatlarının bu məsələ ilə bağlı ayrıca bir toplantısının keçirilməsi ideyası irəli sürülüb. N.İbrahimovun sözlərinə görə, sonrakı müddətdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına dair atılan addımlar narahatlığı daha da artıb və diaspor təşkilatlarından Azərbaycan dövlət başçısına çoxsaylı müraciətlər ünvanlanmağa başlanıb. Onun sözlərinə görə, müraciətlərdə əsasən Türkiyə ilə Ermənistan arasında imzalanan protokolların həm Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, həm də Azərbaycan və Türkiyə dostluğuna xələl gətirə biləcəyi vurğulanırdı.
Sonra tədbirin "Azərbaycan-Türkiyə: ortaq tarix, ortaq maraqlar və ortaq problemlər" adli birinci paneli başlayıb. Panelin aparıcısı Milli Məclis sədrinin müavini Bahar Muradova əminliyini bildirib ki, bu toplantı Azərbaycanla Türkiyənin dostluğuna öz tövhəsini verəcək. "Dövlətlərimizin, millətlərimizin birliyi bu gün daha da ciddi şəkildə qarşımızda qurur"-deyən vitse-spiker əlavə edib ki, Azərbaycanla Türkiyənin yaxınlaşmasını, birliyini istəməyən, mənafeləri bizim birgə maraqlarımızla toqquşan dövlətlərin olduğu aydındır. B.Muradovanın sözlərinə görə, dünyadakı və həmçinin bölgədəki düngün proqnozlaşdırmaq və hadisələri idarə etmək qabiliyyətinə malik olmalıyıq.
Sonra Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının regionda sülhə və əməkdaşlığa təsiri" mövzusunda çıxış edib. O, müstəqilliyə qovuşduqdan sonra Azərbaycanın yürütdüyü xarici siyasətdən, reallaşdırdığı transmilli layihələrdən, bütün bu işlərə Türkiyəni cəlb etməsindən, mərhum ümummilli lider Heydər Əliyevin Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşdırılması ilə bağlı xidmətlərindən və digər məsələlərdən geniş danışıb.
Ə.Həsənov Azərbaycan-Türkiyə münasibətlərində Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsinin yeri və roluna toxunub, Türkiyənin həyata keçirdiyi müasir siyasətin bu işə təsirindən bəhs edib. Prezident Administrasiyasının şöbə müdiri xüsusən türkiyə hökümətinin sərhəd məsələsində mövqeyindən, enerji nəqli, qaz və tranzit qiymətlərinə münasibətindən danışıb. Eyni zamanda, o, Türkiyə mediasında antiazərbaycan kampaniyasına da münasibət bildirib və bu məsələlərlə bağlı Azərbaycan ictimaiyyətinin narahatlığını qeyd edib.
Sonda Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Türkiyə əlaqələri və türkiyənin Cənubi Qafqazda yürütdüyü siyasətlə bağlı mövqeyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü, CHP sədrinin müavini Yılmaz Atəş CHP sədri Dəniz Baykalın tədbir iştirakçılarına məktubunu oxuyub.
I panelin növbəti mövzusu olan "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan və Türkiyənin xarici siyasətində prioritet vəzifə kimi" məruzəni isə Bakı Dövlət Universitetinin professor, tarixçi alim Musa Qasımov təqdim edib. Musa Qasımlı deyib ki, Dağlıq Qarabağ münaqişəsi təkcə Azərbaycana deyil, Türkiyəyə və bütün türk dünyasına qarşı yönəldiyindən Azərbaycan qədər, Türkiyənin də xarici siyasətinin prioriteti olmalıdır.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı isə öz çıxışında bildirib ki, Qarabağın taleyi Türkiyəni hətta Azərbaycandan da çox düşündürməlidir. Onun fikrincə, işğal edilən Qarabağ tək Azərbaycanın deyil, bütövlükdə türk torpağıdır. O deyib ki, protokollar imzalandıqdan sonra Azərbaycandakı heç bir media vasitəsi, KİV orqanı bizim xalqların çoxəsrlik tarixini şübhə altına qoyacaq bir yazı belə verməyib. T.Rüstəmxanlının sözlərinə görə, bütün Türkiyə qəzetləri bu gün türk-erməni barışığı haqqında yazır və Ermənistanla sərhəd ərazilərdə yaşayan insanlar artıq artıq bu dövlərlə ticarətdən qazanacağı gəlir barədə düşünür.
Əli Həsənovun aparıcısı olduğu "Azərbaycan və Türkiyənin qloballaşan dünyaya inteqrasiyası: reallıqlar, problemlər və perspektivlər" adlı II paneldə Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Kaptan "Azərbaycan və Türkiyə regionda həyata keçirilən qlobal iqtisadi layihələrin mərkəzində" məruzəsini təqdim edib. O bəyan edib ki, Türkiyə rəhbərliyi Ermənistanla münasibətləri yaxşılaşdırmağa doğru addımlar atarkən Azərbaycanla tarixi dostluğa, qardaşlığa önəm verməli, Bakıda yatan yüzlərlə türk şəhidinin ruhuna hörmət göstərməli, Azərbaycandan alınan qazın qiyməti də daxil olmaqla keçmişi və gələcəyi aid hər məqamı düşünməlidir.
Milli Məclis Sədrinin müavini Bahar Muradova isə "Türkdilli Dövlətlərin Parlamentlərarası Assambleyası türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında mühüm amil kimi" mövzusunda çıxış edib.
Daha sonra Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, siyasi elmlər namizədi Elman Nəsirov "Türkiyənin Avropa Birliyinə üzvlüyü sahəsində mövcud problemlər və onların həllində Azərbaycanın rolu" mövzusunda danışıb.
Noyabrın 22-də toplantının "Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq müasir inkişaf səviyyəsi və perspektivləri" adlı üçüncü paneli keçirilib. Panelin aparıcısı kimi DİDK sədri Nazim Ibrahimov çıxış edib.
Toplantının III-cü panelində "Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında diasporların rolu" mövzusunda çıxış edən Türkiyə Böyük Millət Məclisinin üzvü Canan Arıtman Türkiyədə Azərbaycanla bağlı təbliğatın gücləndirilməsinin, ictimaiyyətin daha da dərindən bilgiləndirilməsinin zəruri olduğunu vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı, fəlsəfə elmləri namizədi Fazil Mustafanın məruzəsi isə "Xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması sahəsində mövcud olan problemlər və onların həlli yolları" mövzusunda olub.
Toplantıda Azərbaycanı təmsil edən digər millət vəkili Sabir Rüstəmxanlı isə xüsusilə Türkiyə mediasindakı antiazərbaycan kampaniyasına toxunub. O hesab edir ki, indiki şəraitdə həm Azərbaycan, həm də Türkiyə cəmiyyətlərində təbliğatın gücləndirilməsinə ehtiyac var. Sabir Rüstəmxanlı kənar qüvvələrin türk dünyasının güclənməsinə, türk birliyinin sarsılmasına qarşı yönəlmiş fəaliyyətinin və bu fəaliyyətin Türkiyə-Ermənistan sərhədlərinin açılmasını nəzərdə tutan protokolların imzalanması kimi nəticələrinin qarşısını almaq üçün çıxış yolu Türk Dövlətləri Birliyinin yaradılmasında görür.
Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgə toplantısının sonunda Azərbaycan və Türkiyə prezidentlərinə, eləcə də hər iki ölkənin parlamentlərinə müraciət qəbul olunub. Müraciətdə deyilir: "Biz Azərbaycan əraziləri işğaldan azad edilmədən, bir milyona yaxın soydaşımzın öz doğma torpaqlarına qayıdışı mümkün olmadan, eyni zamanda Türkiyəyə qarşı soyqırım və ərazi iddiaları ortadan qalxmadan Türkiyə ilə Ermənistan arasında imzalanmış protokolların təsdiqlənməsinin qəti əleyhinə olduğumuzu bildiririk. Biz əminik ki, zəngin dövlətçilik ənənələrinə malik Türkiyə dövləti tarixin bu sınağından da üzüağ çıxacaq, qardaş və dost ölkə olan olan Azərbaycanın maraqlarına zidd heç bir addım atmayacaq".

Digər xəbərlər