PDF Oxu

Sosial

  • 13

Bu gün Azərbaycan radiosunun yaranma günüdür

Bu gün Azərbaycan radiosunun yaranma günüdür
1926-cı ilin bu günü ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!" ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asa bilirdilər. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında, onun inkişaf etdirilməsində böyük rol oynadı. Həftədə bir dəfə axşam saat 9-da tanınmış şairlər mikrofon qarşısında çıxış edirdilər. Efirdə "Satira atəşiylə", "Ədəbiyyatın vəzifələri", "Radio saatı" kimi verilişlər səsləndirilirdi. Tez bir zamanda radioya yeni kadrların cəlb olunması prosesi başlanır. Həmin ilin ortalarında Zülfüqar Hacıbəyov radionun Şərq musiqisi, Presman isə Qərb musiqisi üzrə rəhbərləri təyin olunurlar. Diktor və aktyor qrupları yaradılır.
Radionun ilk azərbaycanlı diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar. İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu. Bu orkestrin yaradılması radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərdi. Bir neçə il sonra məhz həmin orkestrin vasitəsilə Niyazi, Fikrət Əmirov, Ağabacı Rzayeva, Cahangir Cahangirov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoydular. Ədəbi verilişlər redaksiyasına rəhbərlik edən M.S.Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Hamının böyük məhəbbətlə "Mirzə" deyə müraciət etdiyi istedadlı ədib, aktyorların və diktorların ifa edəcəkləri rolları qabaqcadan müəyyən edirdi. Ordubadinin təşəbbüsü ilə radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Ordubadi radioya Cəfər Cabbarlı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Seyid Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Mir Cəlal Paşayev kimi nasir və şairləri cəlb etməklə, efirdə yeni əsərlərin tez-tez səslənməsinə nail olurdu. Artıq 20-ci illərin sonlarında bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi.
1932-ci ildə radioda qəzet məqalələrinin oxunması ləğv edilir və bunun əvəzində efirə "Son xəbərlər" proqramı çıxır. Həmin ilin oktyabrında İnformasiya Redaksiyası da yaradılır. 1935-ci ildə struktur dəyişikliklərindən sonra radioda "Ədəbi dram", "Kolxozçu radiosu", "Qızıl əsgər" və "Gənclər" redaksiyaları fəaliyyət göstərirdi. 1936-cı ildə SSRİ-də ilk dəfə Ümumittifaq Radio Festivalı keçirildi. İttifaq miqyasında ən böyük radio tədbiri olan bu festivalda 28 dildə musiqi proqramları səsləndirildi. Bakı radiosu hər gün təxminən 3 saat Moskvaya qoşularaq, bu mədəniyyət tədbirini yayırdı.
1937-ci ildə respublikamızın 12 rayonunda xalq yaradıcılığı festivalı keçirildi. Radio festivalının yekun konsertləri efirə 5 rayondan birbaşa verildi. 1938-ci il iyulun 18-də birinci çağırış Azərbaycan SSR Ali Sovetinin sessiyasının açılışı da radio ilə yayılır. Lakin 30-cu illərin ortalarından başlayaraq, ictimai-siyasi həyatda gedən proseslər radio üçün də ağrılı keçdi. Radiodan təbliğat vasitəsi kimi istifadə edən sovet rejimi "danışan səs"i gah qolçomaqlara və digər "sinfi düşmənlərə", gah da "xalq düşmənlərinə" qarşı mübarizədə alət kimi işlətməyə başladı. Cəmiyyətdə hökm sürən qorxu xofu radioda da mövcud idi. Ədəbi ictimaiyyətin sevimlisinə çevrilmiş H.Cavid, M.Müşfiq, S.Hüseyn, Ə.Cavad kimi şair və yazıçıların əsərləri, A.M.Şərifzadənin, Ü.Rəcəbin və digərlərinin səsləri artıq radiodan eşidilmirdi. Jurnalistlər və radio işçiləri hər bir hərəkətlərində, danışıqlarında ehtiyatlı olmağa çalışırdılar.
Bakı müharibə zonasından uzaqda yerləşsə də, Azərbaycan radiosu İkinci Dünya müharibəsi zamanı gərgin, fövqəladə şəraitdə fəaliyyət göstərməli oldu. 1941-ci il iyunun 22-nə keçən gecə müharibənin başlanmasını Azərbaycan dinləyicilərinə diktor Zəhra Salayeva zirzəmidəki yarımqaranlıq bir otaqdan xəbər verir. Azərbaycan radiosunun işçiləri faşizmlə mübarizədə mikrofonu ən kəsərli silaha çevirdilər: radio buraxılışları çox qısa müddətdə hazırlanır, verilişlər gecə-gündüz ara vermədən yazılır, montaj edilirdi. Həmin dövrdə xəbər buraxılışlarının sayı artmış, Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 5 saat çoxalmışdı. Əsas ağırlıq isə "Son xəbərlər" redaksiyasının üzərinə düşürdü: mühüm məlumatlar, dövlət qərarları 30 dəqiqə ərzində tərcümə edilərək, Azərbaycan dilində səsləndirilirdi. Ağır müharibə dövrünün ən sevilən verilişi "Azərbaycan - cəbhə üçün" idi. Bu veriliş qələbə gününədək efirdə müntəzəm səsləndirildi. Radio jurnalistləri təkcə xəbərlər və dramatik boyalı verilişlər deyil, həm də adamlara təsəlli verən, onları mənəvi cəhətdən dəstəkləyən proqramlar hazırlayırdılar. Təsadüfi deyil ki, SSRİ rəhbərliyi radionun ictimai-siyasi, mədəni həyatda və faşizmə qarşı mübarizədə oynadığı böyük rolu nəzərə alaraq, 1945-ci il mayın 2-də xüsusi qərarla mayın 7-sini Radio Günü elan etdi. Həmin gün uzun illər boyu Azərbaycanda da bayram edildi. Amma 1992-ci ildən Azərbaycan radiosu əsil bayramına qovuşdu. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra, noyabrın 6-sı "Azərbaycan Televiziya və Radio işçilərinin peşə bayramı" elan olundu. Lakin 1941-1945-ci illərdə Azərbaycan radiosunun böyük fədakarlıq göstərən əməkdaşları ağıllarına belə gətirə bilməzdilər ki, artıq 45 ildən sonra, onlar əsil Vətən müharibəsi ilə üzləşəcəklər: hər gün Qarabağ cəbhəsindən müdafiə nazirliyinin məlumatlarını yayacaq, digər yadelli ordunun köməyilə ermənilər tərəfindən Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Ağdam, Qubadlı, Cəbrayıl və Zəngilanın işğal olunması, Xocalı soyqırımının dəhşətləri barədə xəbərləri doğma xalqımıza çatdırmalı olacaqlar. 1990-cı il yanvarın 20-də azərbaycanlı jurnalistlərin, vaxtilə vəsf və təbliğ etdikləri sovet ordusu Azərbaycan xalqının silahsız oğul və qızlarının üzərinə yeriyəcək, İkinci Dünya müharibəsi zamanı bütün SSRİ-ni neftlə təmin edən paytaxtımız Bakının küçələrində günahsız həmvətənlərimizin qanını axıdacaq. 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsi zamanı radio da televiziya kimi Azərbaycan xalqının maraqlarından çıxış etdi. Bu, 1990-cı ilin yanvarında özünü daha da qabarıq şəkildə göstərdi. Sovet imperiyası təkcə xalqı deyil, həm də Azərbaycan radiosunu susdurmağa cəhd edir. Televiziyanın enerji blokunu partladıb sıradan çıxarmaqla yanaşı, radionun əməkdaşları da efirdən uzaqlaşdırılır. Radioda hərbi senzor fəaliyyət göstərirdi. Matəm içində olan ölkəmizə komendantın həqiqətdən tamamilə uzaq, iftira dolu məlumatları ötürülürdü. Lakin həmin faciəli günlərdə Azrəbaycan radiosunun xaricə yayım redaksiyası 20 Yanvar faciəsinin baş verməsini bütün təfərrüatı ilə dünyaya çatdıra bildi. Yanvarın 20-də köməkçisi ilə qəfildən radioya gələn Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarova Azərbaycan və rus dillərində bəyanatlarla birbaşa efirdə çıxış etdi. O, tökülən günahsız qanlar üçün bütün məsuliyyətin SSRİ orqanlarının və onların vəzifəli şəxslərinin üzərinə düşdüyünü, Azərbaycan xalqının öz oğul və qızlarının faciəli surətdə həlak olmasını heç kimə bağışlamayacağını bəyan etdi. Həmin bəyanata istinadən hazırlanan məlumat yanvarın 21-də efirə veriləndə, texniki işçilər onu lentə yazdılar və gün ərzində bir neçə dəfə səsləndirməyə nail oldular. Xaricə yayım redaksiyası bu bəyanatı ərəb ölkələrinin, İranın Tehran, Təbriz və Türkiyənin Ankara radioları vasitəsilə bütün dünyaya yaydı. Bakıda "məskən" salmış hərbi komendatlıq beynəlxalq radionun dalğalara malik olmasını tamam unutmuşdu. 1941-ci ildə SSRİ hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsədəuyğun hesab edir. Həmin ilin iyulunda Azərbaycan radiosu türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir. Verilişlərdə sovet məlumat bürosunun xəbərləri, ziyalıların radio ilə çağırışları İran və Türkiyə əhalisinə çatdırılırdı. 1950-ci ildə türk və fars redaksiyalarının əsasında xarici verilişlər baş redaksiyası yaradıldı. Xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlayan redaksiya da bu quruma daxil edildi. 1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində, bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və bu ölkələrdən təqdir məktubları gəlməyə başladı.
Ötən əsrin 80-ci illərində Azərbaycanın xarici ölkələrə veriliş yayan qurumu efirdə hər gün farsca 2 saat 15 dəqiqə, türkcə 2 saat, ərəbcə 1 saat, xaricdəki soydaşlarımız üçün Azərbaycan dilində 1 saat fəaliyyət göstərirdi. 1986-cı ildə farsca verilişlərin həcmi 1 saata endirildi, Azərbaycan dilində yayılan verilişlərin həcmi isə 2 saat 45 dəqiqəyədək artırıldı. "Ana dili", "Körpü", Ovqat, "Elin sazı, elin sözü" verilişləri azərbaycanlı həmvətənlərimiz arasında şöhrət qazandı. Maraqlıdır ki, bu gün də Azərbaycan radiosunda "Körpü", "Ovqat" verilişlərinin efirdən səslənməsinə baxmayaraq, İctimai Televiziya fəaliyyətə başladıqdan sonra, eyniadlı verilişlər yayımlamaqda davam edir. Yarım saat ərzində efirə gedən "Ana dili" verilişində İranda yaşayan azərbaycanlı dinləyicilərə Azərbaycan dilinin qrammatikası və şifahi danışıq dili öyrədilir. "Körpü" verilişi məktublar, telefon zəngləri və studiyaya gələn qonaqlarla söhbət əsasında fəaliyyət göstərir. Bu verilişin vasitəsilə indiyə qədər neçə-neçə qohum uzun müddət ayrılıqda yaşadıqdan sonra bir-birinə qovuşa bilib. 1992-ci il noyabrın 26-da "Azərbaycan Beynəlxalq Radiosu" yaradıldı. Bu qurum ingilis, alman, fransız, rus, erməni, talış, kürd, ləzgi, gürcü dillərində proqramlar hazırlayırdı. Beynəlxalq radio bir müddət orta və qısa dalğalarda hər gün 8 dildə dünya efirinə çıxır və müstəqil ölkəmiz barədə 10 saatlıq veriliş yayırdı. 2007-ci ildən isə bu qurumda yeni dəyişikliklər həyata keçirildi. Qərb verilişləri redaksiyasının hazırladığı ingilis, alman və fransız dillərində verilişlər ləğv edildi. Hazırda orta və qısa dalğalarda Beynəlxalq Radio hər gün azərbaycanca 5 saat, rusca 1 saat, ermənicə 1 saat, farsca 1 saat, türkcə 1 saat, ərəbcə 1 saat, həftədə 3 dəfə gürcücə 20 dəqiqə, 2 dəfə kürd və ləzgi dillərində 15 dəqiqə veriliş yayılır. Yarım saatlıq "Vətən" proqramının da 15 dəqiqəsi azərbaycanca, digər 15 dəqiqəsi isə ermənicə efirə verilir.
Bu gün radionun "Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar qorunub saxlanılır. 1968-ci ildə radionun fonotekasında 24 minə qədər, 1980-ci ildə 40 mindən çox musiqi və digər sənət incilərinin lent yazısı var idi. Hazırda onların sayı 100 minə çatıb.
1991-ci ildə dövlət müstəqilliyinin əldə edilməsi radionun qarşısında duran vəzifələri kökündən dəyişdirdi. Radio verilişlərində demokratiya ab-havası duyulmağa başlandı, cəmiyyətlə sıx və açıq ünsiyyətə girmək meyilərini gücləndirən proqramlara üstünlük verildi. Qarabağ uğrunda erməni işğalçılarına qarşı savaşın başlanılması ilə radio hər gün müdafiə nazirliyinin məlumatlarını yayırdı. 1993-cü ildə ölkəmizdə baş verən Gəncə hadisələri, Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət olunması barədə məlumatlar, Milli Məclis iclaslarından birbaşa yayımlar, 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" sazişinin imzalanması mərasimi radio ilə bütün dünyaya yayılırdı.
Müstəqillik dövründə özəl radio kanallarının yaranması, onların FM dalğasında fəaliyyətə başlaması Azərbaycan radiosunun da rəqabət şəraitində çalışmasına, dinləyici auditoriyasının parçalanmasına gətirib çıxardı. Lakin özəl radio kanallarının çeviklik, proqram rəngarəngliyi nümayiş etdirməsi fonunda Azərbaycan radiosu mühafizəkar ənənələrin daşıyıcısı kimi görünsə də, onun bu illərdə ədəbi dilimizin qorunmasına və saflığına xidmət etməsi amilini inkar etmək də mümkün deyil. Amma informasiya texnologiyalarının sürətlə inkişaf etməsi istənilən sahədə, o cümlədən, Azərbaycan radiosunda da texnoloji, istehsalat və yaradıcılıq dəyişikliklərinin həyata keçirilməsini labüd edir. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrildi. 2005-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradıldı. Bu gün radio vasitəsi ilə yayımlanan verilişlərin miqyası geniş, auditoryası çoxdur.

Digər xəbərlər