Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq
ATƏT-in zirvə toplantısında Ermənistan deputatları Qazax rayonu ərazisində birgə iqtisadi mərkəzin yaradılması təklifi ilə çıxış edib. Bildiyimiz kimi, ATƏT-in Minsk Qrupu çərçivəsində fəaliyyətlər daha çox ikili standartlar prinsipinə, ermənilərin mövqeyini dəstəkləmək və ermənilərin mənafeyinə xidmət etmək mövqeyinə yönəlib. Azərbaycan əraziləri işğaldan azad edilməyənə qədər edilən bütün iqtisadi cəhdlər erməni iqtisadiyyatını reanimasiya etmək cəhdlərindən başqa bir şey deyil. Bu, həm də Ermənistana dəstək vermək və Azərbaycan ictimaiyyətini məğlubiyyətlə barışdırmaq cəhdidir.
"Azərbaycan bu məsələdə özünün prinsipial mövqeyini axıra qədər qorumaq əzmindədir"
Millət vəkili, politoloq Aydın Mirzəzadə bildirdi ki, Ermənistanla istənilən ikitərəfli əlaqələr yalnız adıçəkilən ölkənin Azərbaycan torpaqlarını azad edilməsindən sonra mümkün ola bilər. O, vurğuladı ki, Ermənistan bu gün Azərbaycanın vacibliyini, inkişafına görür və bundan yararlanmağa çalışır: "Bütün bunlar Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğaldan azad edilməsi halda mümkün ola bilər. Bu gün Azərbaycandan yararlanaraq özünün iqtisadiyyatını inkişaf etdirən, daxili və xarici problemlərini həll edən ölkələr var. Ermənistan isə bu prosesdən kənardadır. Nə qədər ki, torpaqlar işğaldan azad edilməyib, Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanınmayıb, hər hansı bir ikitərəfli proqramlardan, əlaqələrdən, o cümlədən, azad iqtisadi zonadan söhbət gedə bilməz. Qeyd olunan problemlər öz həllini taparsa, azad iqisadi zona, birgə layihələr və yaxud da investisiya təklifləri nəzərdən keçirilə bilər".
A.Mirzəzadə onu da bildirdi ki, beynəlxalq qurumun tribunasından belə bir ideyanın irəli sürülməsi Ermənistanın vaxtaşırı olaraq beynəlxalq ictimayyətin fikrini çaşdırmaq istəyidir. Onun sözlərinə görə, özünü əməkdaşlığa, mehriban qonşuluğa meyili olan ölkə kimi göstərməyə çalışır. Bir əli qan töküb, o biri əli ilə sülh quşunu əldə saxlamaq olmaz. Sarksiyanın növbəti dəfə Moskvaya səfərini şərh edən millət vəkili vurğuladı ki, bu səfər son dövrlərdə Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqların intensivləşməsi ilə bağlıdır. Danşıqların birbaşa Rusiya prezidenti D.Medvedevin iştirakı ilə keçirildiyini bildirən A.Mirzəzadə bu gün Rusiyanın Azərbaycanın ərazi bütövlüyü prinsipinə daha çox önəm verməyə başladığını diqətə çatdırdı: "Çünki Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi ölkəmizin regionda tutduğu imkanlardan, eyni zamanda, həm Rusiyanın, həm də Ermənistanın yaxşı mənada yararlanması, layihələrdə birgə olması, onun kimi nüfuzlu qonşunun əldə edilməsi deməkdir. Ermənistan rəhbərliyinin tez-tez Moskvaya səfəri də öz strateji müttəfiqi ilə yalnız Dağlıq Qarabağ problemi barədə danışıqların davam etdirilməsidir. Bu gün səfərlər danışıqlara müsbət təsir edərsə, onu yalnız alqışlamaq olar". Millət vəkili, eyni zamanda, Ərdoğanında Moskvaya dəvətinin diqqətçəkən olduğunu vurğuladı. Bildirdi ki, səfər yaxınlaşmaqda və istiləşməkdə olan Türkiyə-Rusiya münasibətləri ilə bağlıdır. Bu baxımdan, bu gün tərəflər birgə fəaliyyət sahələri axtarır: "O cümlədən, "Cənub Axını" layihəsinin Türkiyə ilə müzakirə edilməsi bir sıra iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, görüşlərdə Dağlıq Qarabağ məsələsinin müzakirəsi də gözləniləndir. Çünki bu məsələdə Türkiyə daim Azərbaycanın mövqeyini müdafiə edib və bundan sonra da bunun belə olacağını gözləyirik".
Xatırladaq ki, Azərbaycan Prezidenti Nazirlər Kabinetində keçirilən müşavirədə bəyan etdi ki, Ermənistan tərəfi 2-3 il bundan qabaq müzakirə olunan məsələləri yenidən gündəmə gətirməklə münaqişə ilə bağlı məsələnin vaxtını uzatmağa çalışır. Politoloqun fikrincə, Ermənistan danışıqlarda bir tərəfdən məcburən Rusiyanın təsiri ilə Azərbaycanın mövqeyini qəbul etməyə doğru gedir, digər tərəfdən köhnə xislətindən əl çəkmir, yenə də işğal müddətini maksimum uzatmağa çalışır: "Bu isə, Ermənistanın daxili tələbatından çox, köhnə xülyalarla yaşayan xaricdəki erməni diasporunun güclü təsiri ilə bağlıdır. Ancaq bir məsələ var ki, Ermənistan köhnə mövqeyindən qayıtmağa çalışsa da, Azərbaycan bu məsələdə özünün prinsipial mövqeyini axıracan qorumaq əzmindədir. Ermənistan da bunu bilir. Yenə də ara-sıra köhnə prinsipləri reabilitasiya etməyə çalışır. Danşıqların intensivləşdiyi məqamda Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal etmiş ərazilərində hərbi təlimlər də keçirir. Ermənistan, şübhəsiz ki, köhnə metodlarından tam əl çəkməyib. Onların içərisində Azərbaycana hədə-qorxu gəlmək, işğal olunan torpaqlarda təlimlər keçirmək metodları və s. bütün bunların hamısı danışıqlarda özünü daha güclü, sanballı, nüfuzlu göstərmək istəyindən irəli gəlir. Amma Ermənistanın nüfuzu, nəinki Azərbaycana, hətta bəzi ölkələrə də bələddir. İşğal edilən torpaqlarda keçirilən təlimlər bir teatr tamaşasıdır. Bir neçə tank və 100-ə qədər əsgərlə təlim olmaz. Təlim minlərlə texnikanın və 10 minlərlə şəxsi heyətin cəlb olunduğu böyük ərazini əhata edən hərbi baxışa deyilir".
"Bu istək Ermənistanın növbəti təxəyyülüdür"
Politoloq Rüstəm Məmmədovun fikrincə, Azərbaycanın Ermənistanla hər hansı bir formada əlaqəsi yalnız Dağlıq Qarabağ məsələsi ilə bağlıdır. Bu məsələ həll olunarsa, reallıq ola bilər: "Bu istək Ermənistanın növbəti təxəyyülüdür. İstəyir ki, özünü demokratik dövlət kimi nümayiş etdirsin". Sarksiyanın Moskvaya səfərinə gəlincə, mənə elə gəlir ki, bu gün Rusiya bu məsələdə mövqeyini dəyişməlidir. Yalnız bundan sonra situasiya dəyişə bilər. Çox maraqlıdır ki, Ərdoğan da Moskvaya dəvət edilib. Çünki məsələ ABŞ, Rusiya, Türkiyə üçlüyü arasında tənzimlənir. Əsas oyunçular ABŞ və Rusiyadır. Bu məsələdə ATƏT-in Minsk Qrupunun roluna gəldikdə isə, bu təşkilat yalnız siyasi mexanizmdir".
Növbəti dəfə Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərini xatırladan R.Məmmədov bildirdi ki, bu görüşdə münaqişə artıq çözülmə ərəfəsindədir: "5 rayon azad oluna bilər. Qalanları isə, gündəmdə qalacaq"